`Qarabağ həqiqətləri dünyaya çatdırılmalıdır`

`Qarabağ həqiqətləri dünyaya çatdırılmalıdır`
  05 Sentyabr 2014    Oxunub:6206
Prezident İlham Əliyev Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin XII Beynəlxalq Forumunun iştirakçılarına təbrik məktubu ünvanlayıb.

Təbrik məktubunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov oxuyub.
AzVision.az xəbər verir ki, təbrikdə deyilir:

"Əziz gənclər, sizi və sizin simanızda Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAİF) bütün üzvlərini növbəti toplantının işə başlaması münasibətilə təbrik edirəm. Müasir dünyada baş verən proseslərin təhlili göstərir ki, qabaqcıl ölkələrin qazandığı uğurların təməlində, ilk növbədə, elm və təhsil, intellektual, potensial və texnoloji tərəqqi dayanır. Məhz buna görə də Azərbaycan gənclərinin mükəmməl təhsil almaları, öz imkan və bacarıqlarını reallaşdıra bilmələri üçün bütün əlverişli şəraitin yaradılması istiqamətində ardıcıl tədbirlər görürük".

İlham Əliyev təbrik məktubunda qeyd edib ki, bu məqsədlə paytaxt və regionlarda fəaliyyət göstərən tədris müəssisələrinin binaları yenilənərək müasir avadanlıqlarla təchiz edilir, ali məktəblərin maddi-texniki bazası möhkəmləndirilir, dövrün tələblərinə uyğun dərsliklər və dərs vəsaitləri hazırlanır: "Təhsil sahəsində həyata keçirilən ən böyük tədbirlərdən biri də 2007-ci ildə təsdiq edilmiş Dövlət Proqramı əsasında minlərlə gəncin inkişaf etmiş ölkələrin qabaqcıl ali məktəblərinə göndərilməsidir. Biz onların Azərbaycana yüksəkixtisaslı mütəxəssis və bacarıqlı menecerlər kimi qayıtmasını arzulayırıq. Təqdirəlayiq haldır ki, xaricdə oxuyan tələbələrimiz elmin əsaslarına dərindən yiyələnmək üçün inadla çalışır, məzun olub vətənə döndükdən sonra öz biliklərini ölkə həyatının müxtəlif sahələrində uğurla tətbiq edə bilirlər. Biz həmin gəncləri həm də Azərbaycanın xaricdəki qeyri-formal elçiləri kimi görmək istəyirik".

Dövlət başçısı hesab edir ki, onlar yaşadıqları cəmiyyətlərin ictimai-siyasi və mədəni həyatına sıx inteqrasiya olunmalı, ölkəmizin tarixi, mədəniyyəti, turizm potensialı və müasir inkişafı ilə bağlı məlumatları, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri tələbə yoldaşlarına, yerli əhaliyə, dünya ictimaiyyətinə çatdırmaq istiqamətində məqsədyönlü iş aparmalıdırlar: "Xaricdə təhsil alan gənclərimiz oxuduqları ali məktəblərdə, şəhər və ölkələrdə təşkilatlanmalı, səfirliklərimiz və diaspor qurumlarımızla yaxından əməkdaşlıq etməlidirlər. Onların fəaliyyətini koordinasiya etmək üçün yaradılmış ASAİF də yalnız Azərbaycanda və Avropanın müxtəlif ölkələrində tədbirlər keçirməklə kifayətlənməməli, hazırda təhsil alan və məzun olmuş gənclərlə davamlı iş mexanizmi qurmalıdır. Hesab edirəm ki, Forum iştirakçıları yuxarıda qeyd olunan məsələlər və xaricdə təhsillə bağlı digər problemlər ətrafında səmərəli müzakirələr aparacaq, əməli təklif və tövsiyələr hazırlayacaqlar. Toplantının işinə uğurlar, hər birinizə təhsil üzrə ictimai və əmək fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram!".

AzVision.az


Teqlər:  





Xəbər lenti