`Ermənistan hər an ziyan vura bilər` - Siyavuş Novruzov
Prezident İlham Əliyevin 24 sentyabr sərəncamı (Hərbi sirrə nəzarət güclənir) bunun qarşısını almağa xidmət edir”.
Deputat hesab edir ki, mətbuatda və sosial şəbəkələrdə yayılan hərbi xarakterli məlumatlardan Azərbaycanın düşmənləri, xüsusən də Ermənistan yararlanır: “Mətbuatda və sosial şəbəkələrdə yayılan belə informasiyalara müxtəlif şərhlər verilir. Bu şərhləri yazanların əksəriyyəti Azərbaycanda və xaricdə yaşayan ermənilərdir. Onlar müxtəlif adlar altında gizlənib təxribatçı şərhlər yazırlar”.
Hakim partiya rəsmisinin sözlərinə görə, ermənilərlə təmas xətti zonalarında könüllülərdən ibarət patrul dəstələrinin formalaşdırılması mexanizmi məlumdur: “Müdafiə Nazirliyi patrul xidmətinə cəlb olunan şəxslərlə müqavilə imzalayacaq, bunun əsasında fəaliyyət göstəriləcək. Yerli əhali ərazini daha yaxşı tanıyır. Bu da cəbhə xəttini keçmək istəyən təxribat qruplarının qarşısını vaxtında almağa imkan verəcək. Eyni zamanda təmas xəttində yaşayan əhalinin, orada olan dövlət obyektləri və ictimai obyektlərin təhlükəsizliyi məsələsi var. Ermənistan cəbhə boyu ərazilərdə yaşayan dinc sakinlərə hər an ziyan vura bilər. Bundan başqa Azərbaycan vətəndaşları bəzən yolu azır, gedib təmas xəttini keçir, ermənilərə girov düşürlər. Prezident İlham Əliyev bütün bunların qarşısını almaq üçün sərəncam imzalayıb”.
Siyavuş Novruzov hesab edir ki, prezidentin sərəncamını Ermənistanla yeni müharibə ehtimalının artması kimi qiymətləndirmək olmaz, amma müharibə ehtimalı oldu-olmadı indiki durum təmas xəttində və cəbhəyanı ərazilərdə təhlükəsizliyin gücləndirilməsini tələb edir: “Amma Azərbaycan müharibə qanunlarını bütün ölkədə tətbiq etməyə hazırlaşmır. Hamı bilməlidir ki, hərbi sirləri yaymaq olmaz. Qoşunların, texnikanın, strateji obyektlərin yerləşdiyi əraziləri ictimaiyyətə açıqlamaq, mətbuata ötürmək olmaz”.
YAP icra katibinin müavini hesab edir ki, prezidentin 25 sentyabr sərəncamı Azərbaycanda söz və mətbuat azadlığını məhdudlaşdırmayacaq, çünki söhbət hərbi, kəşfiyyat və əks-kəşfiyyat xarakterli, dövlət sirri təşkil edən informasiyaların yayılmasının qarşısını almaqdan gedir: “Dövlətin təhlükəsizliyi hər kəs üçün birinci dərəcəli məsələ olmalıdır”.