Onlar 192 manat pensiya alırlar

Onlar 192 manat pensiya alırlar
  01 Oktyabr 2014    Oxunub:2982
DSMF-də qeydiyyatda olan əmək pensiyaçılarının sayı açıqlanıb.

Bu barədə AzVision.az-a DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

Məlum olduğu kimi, 1 oktyabr Beynəlxalq Ahıllar Günüdür. Cari ilin sentyabr ayının 30-a olan statistikaya əsasən, Dövlət Sosial Müdafiə Fondunda qeydiyyatda olan əmək pensiyaçılarının 343 245 nəfəri ahıl vətəndaşlardır. Onlardan 207 740 nəfəri qadın, 135 505 nəfəri isə kişidir. Ahıl pensiyaçıların 265 529 nəfəri 70-80 yaş arası, 71 398 nəfəri 80-90 yaş arası, 6 318 nəfəri 90-dan artıq yaşı olan vətəndaşlardır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı sosial müdafiə tədbirləri nəticəsində, ölkə əhalisinin həssas təbəqəsi olan pensiyaçılara dövlət qayğısı ilbəil artır, yaşlı əhalinin sosial rifahının yaxşılaşdırılması və onların pensiyalarının artırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Ahıl pensiyaçıların problemləri daim diqqət mərkəzində saxlanılır və onların pensiyalarının təyinatı, vaxtında və ən mütərəqqi metodlarla ödənilməsi üçün bütün imkanlardan istifadə edilir. Hazırda ölkədə pensiya ödənişlərinin 99,9 %-nin plastik kartlarla aparılması təmin olunub. Bu məqsədlə ölkə ərazisində bilavasitə pensiyaçılara xidmət etmək məqsədilə 800-ə yaxın bankomat fəaliyyət göstərir.

Ölkəmizdə yeni sığorta-pensiya sisteminin fəaliyyət göstərdiyi 2006-cı ildən hazıradək Azərbaycan Respublikası Prezidenti tərəfindən yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması ilə bağlı 8, sığorta hissəsinin artırılması ilə bağlı 8 sərəncam verilib, bununla yanaşı əvvəlki sistemlə əhatə olunmuş şəxslərin yeni şəraitə inteqrasiyasının tamamlanması üçün ardıcıl qərarlar qəbul edilib. Pensiyaların artırılması istiqamətində görülən davamlı tədbirlər bütün ahıl pensiyaçıların yoxsulluq səviyyəsindən yuxarı olan pensiya məbləğləri almalarına gətirib çıxarıb.

Hazırda bu qəbildən olan vətəndaşların yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 192,2 manat təşkil edir.

AzVision.az




Teqlər:





Xəbər lenti