Neftin ucuzlaşması büdcəmizə necə təsir edəcək?
Bəs görəsən neftin qiymətinin ucuzlaşması ölkəmizə necə təsir edəcək?
İqtisadşı ekspert Vüqar Bayramov AzVision.az-a açıqlamasında bildirib ki, hazırda dünya bazarında neftin qiymətinin aşağı düşməsi yalnız iqtisadi faktorlarla bağlı deyil, eyni zamanda Rusiya iqtisadiyyatının qərb dövlətləri tərəfindən sıxılması ilə bağlıdır. Ekspertin sözlərinə görə, ABŞ neftin qiymətinin aşağı salınması ilə Rusiya dövlət gəlirlərinin kəskin azalmasına nail olmaq istəyir:
“Bununla Rusiya hökumətinə iqtisadi böhran üçün baza hazırlanır. Hazırda gündəlik neft hasilatına görə Rusiya, Səudiyyə Ərəbistanı və ABŞ dünyada ilk üçlüyü tamamlayırlar. Sanksiyalar fonunda ABŞ neft asıllığını son illər ciddi şəkildə azaldıb. Belə ki, 2007-ci il ilə müqayisədə ABŞ gündəlik neft idxalını 8.7 milyon barel azaldıb. Artıq ABŞ neft idxal etməklə yanaşı, eyni zamanda neft ixrac edən ölkəyə çevrilib. Onların neft ixracatı gündəlik 400 min bareldi. Neftin qiymətinin azalması Səudiyyə Ərəbistanı, ABŞ-ın və digər müttəfiqlərinin gəlirlərinin azalmasına gətirib çıxarmır. Amma Səudiyyə Ərəbistanı praktiki olaraq son addımları ilə neftin qiymətinin azalması tendensiyasını təşviq edir. Səudiyyə Ərəbistanı OPEC-in təzyiqlərinə baxmayaraq neft hasilatının və neft ixracatının azaldılması ilə bağlı şərhi qəbul etmədi. Səudiyyə Ərəbistanı yaxın vaxtlarda neft hasilatını azaltmaq niyyətində deyil. Eyni zamanda Səudiyyə Ərəbistanı Asiya ölkələrinə ixrac etdiyi neftin hər barelinə 1 dollar, ABŞ-a ixrac etdiyi etdiyi neftin hər barelinə isə 40 sent güzəşt tətbiq edəcək. Bu o deməkdir ki, dünya bazarında hansı qiymət olacaqsa, Səudiyyə Ərəbistanı Asiya ölkələrinə öz neftini həmin qiymətdən 1 dollar aşağı qiymətə satacaq. Bu da siyasi baxımdan Səudiyyə Ərəbistanının neftin qiymətində ucuzlaşmanın marağında olduğu bildirir. Bu baxımdan Yaxın Şərq, ABŞ və Avropa Birliyi Rusiyaya qarşı təzyiqlərdə yeni vasitəyə əl atır”.
V.Bayramov bildirib ki, Brüsselin İrana sanksiyaların aradan qaldırılması ilə bağlı qərarı heç də Tehrana olan sevgisindən deyil, daha çox Moskvaya olan nifrətindən irəli gəlirdi:
“Avropa Birliyi İrana olan sanksiyaların aradan qaldırılması ilə bağlı qərar qəbul etdi. Rəsmi Brüssel bununla İranın Avropa bazarına çıxmasını icazə verir. Bu isə dünya bazarında neftin və növbəti mərhələdə mavi qazın qiymətindəki azalmalara səbəb olur. Neftin dünya bazarında qiymətinin aşağı düşməsi dünya iqtisadiyyatında oyunçuların yerinin müəyyən qədər dəyişməsinə imkan verəcək. Birmənalı şəkildə neftin qiymətindəki azalmalar Rusiya iqtisadiyyatına mənfi təsir göstərəcək. Rusiyanın dövlət gəlirlərində kəskin azalmalar, ixracın dəyər ifadəsində azalması, Rusiyada rublun məzənnəsindəki azalma tendensiyasının davam etməsi Rusiya iqtisadiyyatının yaxın müddətdə böhranla üzləşməsinə gətirib çıxara bilər. Avropa Birliyi neftin dünya bazarında qiymətinin aşağı düşməsindən qazanan ölkələrdən olacaq. Çünki avronun məzənnəsinin zəifləməsi fonunda neftin dünya bazarında qiymətinin aşağı düşməsi, Avropa Birliyinin ixrac imkanlarını genişləndirir. Həmçinin ABŞ son 19 ildə iqtisadi inkişafda ən uğurlu nəticəni əldə edib. Neftin dünya bazarında qiymətinin azalması ABŞ-ın iqtisadi inkişafına hər hansı neqativ təsir göstərməyəcək. Eyni zamanda Çin və Yaponiya neftin dünya bazarında qiymətinin aşağı düşməsindən udan tərəflər olacaq”.
İqtisadçı qedy edib ki, neftin dünya bazarında qiymətinin aşağı düşməsi dünya iqtisadiyyatı ilə yanaşı Azərbaycan iqtisadiyyatına da təsir göstərəcək:
“Bu günlərdə müşavirədə ölkə prezidenti bildirdi ki, ümumi daxili məhsulda qeyri-neft sektorunun payının artmasına baxmayaraq, Azərbaycan iqtisadiyyatında neft sektoru hələ də aparıcı yer tutur. Bu gün Azərbaycan iqtisadiyyatının əhəmiyyətli hissəsini neft və neft məhsulları təşkil edir. Azərbaycan ixracatının 94 faizi neft sektorunun payına düşür. Bu isə o deməkdir ki, ölkədən ixrac edilən hər 100 dollardan 94 dolları neft sektorunda yaradılan dəyərdi. Baxmayaraq ki, Azərbaycan dövlət büdcəsində qeyri-neft sektorunun payı artıb, ümumdaxili məhsulda qeyri-neft sektorunun payı 56 faizə çatıb və büdcədə geriliyən sektorun payı 2013-cü ildə 25 faizdən 2014-cü ilin sonunda 35 faizə qədər yüksələcək. Amma yenə də ixracatda aparıcı sektor neft sektorudu və deməli iqtisadiyyatda dövlət gəlirlərinin formalaşmasında neft sektoru dominant olaraq qalmaqdadır.
Azərbaycan üçün neftin dünya bazarında qiymətin dəyişməsi 3 ssenari daxilində iqtisadiyyata təsir göstərə bilər. Əgər neftin dünya bazarında qiyməti aşağı düşərək 80 dollarda stabilləşəcəksə, o zaman Azərbaycan mövcud iqtisadi inkişaf tempini qoruyub saxlayacaq. 1 barel neftin qiymətinin 80 dollar və ondan yuxarı olması Azərbaycan üçün mövcud iqtisadi inkişaf tempini qoruyub saxlamağa imkan verir. Bu nikbin ssenaridir. Orta ssenaridə Azərbaycan üçün neftin dünya bazarında qiyməti hər barel üçün 60-80 dollar intervalında dəyişir. Bu intervalda dünya bazarında neftin qiymətinin dəyişməsi dövlət gəlirlərində artımın stabilləşməsinə, amma faiz etibarı ilə artımın azalmasına gətirib çıxarır. Amma bu iqtisadiyyatda hər hansı bir durğunluq yaratmır. Bədbin ssenari isə neftin 1 barelinin qiymətinin 60 dollardan aşağı olmasıdır. Neftin 1 barelinin qiymətinin 60 dollardan az olması Azərbaycan dövlət gəlirlərinin, eləcə də dövlət büdcəsinin formalaşmasına mənfi təsir göstərəcək”.
Ekspertin vurğulayıb ki, ümumiyyətlə 2014-cü ildə Azərbaycan dövlət büdcəsinə yenidən baxılması gözlənilmir. Onun sözlərinə görə, bu ilin səkkiz ayında Azərbaycan neftinin dünya bazarında qiyməti 110 dollar olub və bu büdcədə nəzərdə tutulandan 10 faiz çox olub:
“Növbəti aylarda neftin qiymətinin aşağı düşməsi davam etsə belə, əvvəlki aylarda neftin qiymətinin yüksək olması qiymət azalmasında yaranan vəziyyəti konpensasiya edib. Amma bu vəziyyət 2015-ci ilin dövlət büdcəsinə təsir göstərəcək. Həmçinin ölkə başçısı mövcud qiymət tendensiyasına uyğun olaraq büdcədə neftin 1 barelinin qiymətinin müəyyənləşdirilməsi ilə bağlı tapşırıq verib. Bu o deməkdir ki, 2015-ci ildə dövlət büdcəsində 1 barel neftin qiyməti aşağı götürüləcək. Qiymətin aşağı götürülməsi dövlət büdcəsinin gəlirlərini və ona uyğun olan xərclərin azalmasına gətirib çıxaracaq. Bu baxımdan biz büdcə gəlirlərinin və xərclərinin 2015-ci ildə azalmaların olacağını proqnozlaşdırırıq. Amma Azərbaycan büdcə gəlirlərinin azalmasından çox ehtiyat etməli deyil. Əslində investisiya və infrastruktur xərclərinə qənaət etməklə mövcud vəziyyətdə büdcə gəlirlərini və eləcə də xərclərini azaldılmasına gedilə bilər. Bu baxımdan neftin dünya bazarında qiymətinin azalması bütün hallarda Azərbaycan üçün əhəmiyyətlidir. Neftin dünya bazarındakı qiymətinin azalmaları bütün hallarda Azərbaycan dövlət gəlirlərinin azalmasına gətirib çıxarır”.
Anar Kəlbiyev
Teqlər: