Deputatlar üzr istədilər

Deputatlar üzr istədilər
  18 Fevral 2013    Oxunub:2803
265 deputat Xamneyiyə məktub yazaraq həmişə ona tabe olacaqlarını bildiriblər.
İran parlamentinin 265 deputatı fevralın 17-də dini lider ayətullah Əli Xamneyiyə məktub yazaraq iki həftə əvvəl baş verən qalmaqala görə üzr istəyib. Deputatların məktubu Xamneyinin fevralın 16-da bir qrup Təbriz əhalisi qarşısında çıxış etməsindən, çıxışında parlamentdəki hadisəyə toxunaraq prezident Mahmud Əhmədinejadla parlament sədri Əli Laricanini dolayı yolla qınamasından bir gün sonraya təsadüf edib.

“Media forum” saytının məlumatına görə, məktubda deyilir: “Biz deputatlar Allahın köməyilə rəhbərimizin ilahi çağırışını cani-dildən dinləyərək bundan sonra əməllərimizdə ədalət, insaf və dözümlülüyü nəzərə alacağımızı, maksimum birliyə səbəb olan istiqamətdə addım atacağımızı bildiririk. Biz sosial və əmək naziri Əbdülrza Şeyxülislaminin parlamentdə sorğu-suala tutulması zamanı baş verən olaylara görə sizdən üzr istəyir, hər zaman sizə itaət edəcəyimizi bildiririk”.

İran parlamentinin sədri Əli Laricani və İran Məhkəmə Sisteminin rəisi Sadıq Laricani də ayrı-ayrılıqda Xamneyiyə məktub yazaraq parlamentdə baş verən qalmaqala görə ondan üzr istəyiblər, həmişə ona tabe olacaqlarını vurğulayıblar.

İran parlamentinin iclasında qalmaqal fevralın 3-də yaranıb. Həmin gün sosial və əmək naziri Əbdülrza Şeyxülislami bir çox cinayətdə ittiham olunan keçmiş Tehran prokuroru Səid Mürtəzəvini Sosial Təminat Təşkilatına rəhbər təyin etdiyinə görə sorğu-suala tutulub. Dinləmənin yekununda Əbdülrza Şeyxülislaminin işdən azad edilməsi təklifi səsə qoyulub. 192 deputat təklifin lehinə, 56 nəfər əleyhinə səs verib. 24 nəfər bitərəf qalıb.

Səsvermədən əvvəl sosial və əmək nazirini dəstəkləmək üçün parlamentə gələn prezident Mahmud Əhmədinejad çıxışı zamanı gözlənilmədən İran parlamentinin sədri Əli Laricaninin qardaşı Fazil Laricani ilə Səid Mürtəzəvi arasında gedən bir söhbətin gizli lent yazısını parlament tribunasının mikrofonundan yaymağa başlayıb. Əhmədinejad bu səs yazısını yaymaqla dolayı yolla Əli Laricanini və onun qardaşlarını vəzifələrindən sui-istifadə etməkdə, öz maddi maraqlarını güdməkdə günahlandırıb.

Gizli səs yazısının yayılmasını özünə və qardaşlarına qarşı təxribat adlandıran Əli Laricani Mahmud Əhmədinejadın sözünü kəsərək ona qarşı sərt bəyanatlar səsləndirib. Əhmədinejad cavab vermək üçün ona vaxt ayrılmasını istəyib. Ancaq parlamentin sədri prezidentin tələbini rədd edib. Bundan sonra Mahmud Əhmədinejad iclası yarımçıq qoyaraq parlamenti tərk edib.


Teqlər:





Xəbər lenti