Bakıda evlər kəskin ucuzlaşır

Bakıda evlər kəskin ucuzlaşır
  18 May 2015    Oxunub:4192
“Ötən ilin payızında Bakıda mənzillərin qiymətinin azalacağı ilə bağlı açıqlama yayanda bəzi tədqiqatçılar süni və psixoloji qiymət artımlarına nail olmaq üçün yaxın zamanlarda qiymət artımlarının olacağı haqda məlumatlar yaydılar”.
AzVision.az xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov mənzil qiymətlərinin ucuzlaşmasına münasibətində deyib. Onun sözlərinə görə, ötən müddətdə isə hər ay əvvəlki aya nisbətən qiymət azalmaları müşahidə edilir: “Aprel ayının yekunları göstərir ki, mənzillərin qiyməti 8 faizə yaxın azalıb. Qiymət azalmaları sadəcə manat deyil, eyni zamanda dollar ifadəsində də özünü göstərməkdədir. Bəs, növbəti aylarda qiymətlər necə dəyişəcək? Azalma tendensiyasının payızadək davam edəcəyi proqnozlaşdırılır. Əvəlla, əmlak bazarında tələb kəskin azaldığı üçün real satış qiymətində azalmalar müşahidə edilir. Bazarda alıcıların sayı az olduğu üçün praktik olaraq qiyməti satıcıdan daha çox ev alan diqtə edir. Məsələn, bizim monitorinqlər göstərir ki, öz mənzilini son qiymət olaraq 125 min manat təklif edən satıcı real alıcı olduğu halda hətta 110 min manata razılaşır. Bu isə, təklif qiyməti ilə real satış qiyməti arasında kəskin fərqin olmasından xəbər verir. İkincisi, Rusiyaya tətbiq edilən sanksiyaların qüvvədə qalması şimal qonşumuzda yaşayan azərbaycanlıların Bakının mənzil bazarına tələbini azaldıb. Əksinə, onların bir qismi Azərbaycandakı əmlakını sataraq qiyməti daha çox ucuzlaşmış Rusiya və Ukrayna şəhərlərində mənzil almağa üstünlük verirlər”.

İqtisadçı bildirib ki, qlobal iqtisadi çətinliklə bağlı olaraq nəinki Azərbaycanda, eləcə də bütün qonşu ölkələrdə vətəndaşlar daha çox yığıma üstünlük verirlər ki, bu da mənzillərə tələbi azaldıb: “Neftin dünya bazar qiymətinin aşağı düşməsi ölkə ixracatının azalmasına və bununla da pul dövriyyəsində valyutanın payının məhdudlaşmasına səbəb olub. Nəhayət, Bakıda mənzillərin qiymətinin son illər kəskin artması, praktik olaraq, qiymətlərin tavana dirənməsinə səbəb olub. Bunlar isə o deməkdir ki, mənzil bazarında yaxın aylar üçün qiymət artımları gözlənilmir”.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti