Yanan bina Bakıda evləri ucuzlaşdırdı

Yanan bina Bakıda evləri ucuzlaşdırdı
  21 May 2015    Oxunub:6402
Bakıda evlərin qiyməti ilin sonuna kimi 24-25 faizə qədər düşəcək. Bu ilin martında Bakıda ilkin əmlak bazarında qiymətlər yeddi faiz, təkrar bazarda isə altı faiz, apreldə isə müvafiq olaraq dörd-beş olub. Mayın ilk yarısında isə ucuzlaşma eyni səviyyədə qalıb. İndi qiymətdən düşən mənzillər arasında hündürmərtəbəli binalar ilk sırada yer alır.

Hazırda ölkənin daşınmaz əmlak bazarında ucuzlaşma müşahidə olunsa da alqı-satqı statistikası da azalıb. İndi mənzil bazarında alqı-satqıda dirçəliş müşahidə olunmur. Gələcək proqnozlara görə, orta müddətli dövr üçün əmlak bazarında həm bazarın həcmi, həm də qiymətlər baxımından proqnozlar vermək asan deyil. Amma 2015-ci ilin ortalarında əmlak bazarında bazarın həcmində həm daralmalar, həm də qiymətlərin durğunluğu gözlənilir. Həmin dövrədək bahalaşmanın qeydə alınacağı real görünmür.

Anspress-in apardığı araşdırmaya görə, son vaxtlar evləri qiymətdən salan bir çox səbəblər var. Bu fikri həm mənzil almaq istəyənlər, həm də ev-alqı satqısı ilə məşğul olanlar bildirirlər. İlk növbədə, paytaxtın Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli binada mayın 19-da baş vermiş yanğın da üzlənmiş köhnə binalara marağı daha da azaldıb və ciddi təsirini göstərib.

Mənzil sahibi olmaq istəyənlərin əsaslandırmalarına görə, bu hadisədən sonra belə binalarda yaşamaq çox təhlükəlidir. Paytaxtda hündürmərtəbəli binalar çox tikilir və müxtəlif materiallarla üzlənir. Odadavamlı olmayan materialdan üzlənən binaların sayı təqribən 263-ə çatır. Onların çoxu hündürmərtəbəli olmaqla yanaşı, fasadları alışmağa meyillidir. Binəqədi rayonunda binanın məhz bu üzlüklərə görə yanması alıcılarda, sadə vətəndaşlarda qorxulu vəziyyət yaradır.

Bundan əlavə, binaların üzlənməsi zamanı təhlükəsizlik qaydaları, binada yaşayan insanların fikirləri belə nəzərə alınmır, sadəcə, görünüşünə fikir verilir. Köhnə tikilililərdə lift problemi var, tüstü bacaları yenilənmir. Fövqəladə vəziyyət zamanı təxliyyə olunma sistemləri nəzərə alınmır. Bütün bunlar indi belə binalarda evlərin qiymətdən düşməsinin ciddi səbəbləridir.

Maklerlər də bu hadisədən sonra belə binalarda mənzillərin qiymətlərinin düşdüyünü söyləyib, bu cür binalarda mənzillərin alınmamasını təbii qarşılayırlar. Onların bir neçəsi ilə söhbətimizdə məlum oldur ki, son üç gündə alıcılar tərəfindən belə binalarda ev almaq təklifi yoxdur. "Hər kəs faciənin şahidi oldu. Ona görə də belə binalara maraq həddindən çox azalıb. İndi insanların həyət evləri, eləcə də torpaq sahələri almağa marağı daha çox artıb. Bu, həm də bina evlərinə nisbətən uzuc başa gəlir".

Paytaxtın mənzil bazarında qiymətə və təlabata gəlincə, Bakıda ilkin mənzil bazarında bir kvadratmetrin orta qiyməti aprel ayında 1 066 dollar (1 117 manat) təşkil edib. Bu da mart ayının analoji göstəricilərindən 7,22 faiz (manatla qiymətlər 7,38 faiz aşağı düşüb) azdır.

Statistikaya görə, satışa çıxarılan ilkin mənzillərin 44 faizi Bakının Yasamal, 15 faizi Nəsimi, 14 faizi Xətai, 6 faizi Nərimanov və Nizami, 5 faizi Abşeron, 3 faizi Sabunçu, Suraxanı və Binəqədi, 2 faizi Səbail rayonunun payına düşüb.

Ekspertlərin fikrincə, paytaxtdakı mənzillərin qiyməti yüksək həddinə çatması əhalinin alıcılıq qabiliyyətinin azalmasına əsas səbəbdir. Onların sözlərinə görə, Bakının əmlak bazarında qiymət azalması prosesi hələ ötən ilin sonunda başlayıb, sonra isə 33 faizlik devalvasiya bu prosesi bir az da sürətləndirib. Devalvasiya səbəbi ilə artmış 14 faizdən əlavə, qiymətlər real olaraq 10 faiz düşəcək. Yəni, ilin sonuna qədər bu ilin martındakı qiymətlərin 24 faiz azalması müşahidə olunacaq.

Bir sözlə, indi alıcılar bazardan küsüblər. Onlar bu məsələdə çox haqlıdırlar, çünki, mövcud qiymətlər əhalinin alıcılıq qabiliyyətini çox üstələyir. Ucuzlaşma olan halda mənzil bazarında canlanma yaranar, insanlar yeni yaşayış sahələrində yaşamaq sevincini yaşayarlar.


Teqlər:





Xəbər lenti