Mehriban Əliyeva: “Bu vaxta qədər tarixdə belə tədbir keçirilməyib”

Mehriban Əliyeva: “Bu vaxta qədər tarixdə belə tədbir keçirilməyib”
  26 İyun 2013    Oxunub:1383
2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin ikinci iclası olub.
Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva iclasda iştirak edib. AzVision.az AzerTac-a istinadən xəbər verir ki, iyunun 25-də 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin ikinci iclası olub.

Avropa Oyunlarını yüksək səviyyədə keçirmək üçün yaradılan Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva iclasda iştirak edib.

Təşkilat Komitəsinin ikinci iclasında Komitənin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva qarşıda duran vəzifələrdən danışaraq dedi:

- Hörmətli iclas iştirakçıları.

Bu gün biz birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin ikinci iclasını keçiririk. Birinci iclas bu il fevralın 2-də cənab Prezidentin rəhbərliyi ilə keçirilib. Bu fakt özlüyündə onu göstərir ki, dövlət bu oyunların hazırlanmasına və keçirilməsinə çox böyük diqqətlə yanaşır.

Birinci görüşümüzdən ötən dövr ərzində bir sıra hazırlıq işləri həyata keçirilmişdir. Qarşımızda duran məsələlərin həlli istiqamətlərində tədbirlər görülmüşdür. Eyni zamanda, yeni çağırışlar, yeni məsələlər ortaya çıxır. Ümidvaram ki, bugünkü görüşdə biz bütün bu sualları birlikdə müzakirə edəcəyik.
Təşkilat Komitəsinin üzərinə çox böyük məsuliyyət düşür. Bildiyiniz kimi, 2015-ci ildə ölkəmizdə ilk dəfə Avropa Oyunları keçiriləcəkdir. Bu vaxta qədər tarixdə belə tədbir keçirilməyib. Baxmayaraq ki, ümumiyyətlə Olimpiya hərəkatı Avropada doğulub və sonra yenidən Avropada bərpa olunmuşdur, digər qitələrdə qitə oyunları keçirilirdi, Avropada isə ilk dəfə belə oyunların keçirilməsi şərəfi bizə nəsib olub. Biz çalışmalıyıq ki, bu oyunlar ən yüksək səviyyədə hazırlansın və ən yüksək səviyyədə keçirilsin. Ümumiyyətlə, bu, Avropanın idman hərəkatının tarixində yeni bir dövrün başlanmasıdır və Azərbaycan bu tarixin ilk səhifələrini yazan ölkədir.

Mən qeyd etmək istərdim ki, hazırlıq üçün cəmi iki il vaxtımız vardır. Daha dəqiq olsam, oyunların başlanmasına 98 həftə qalıb. Bu, o deməkdir ki, vaxt çox azdır. Ona görə biz gərək daha da fəal işləyək və dövlətin qarşımızda qoyduğu məsələlərin icrası üçün əlimizdən gələni edək. Mən əminəm ki, buna nail olacağıq.

X X X

İclasda ümumi baxışı və atletlər kəndinin master planını təqdim edən gənclər və idman naziri Azad Rəhimov Olimpiya kəndində aparılan işlərdən danışdı. Bildirdi ki, təxminən 7 min 300 atletin Olimpiya kəndində qalması, qidalanması və istirahəti üçün bütün şərait yaradılacaqdır. Bu məsələ ilə bağlı xarici və yerli mütəxəssislərin birgə çalışdığını deyən Azad Rəhimov Təşkilat Komitəsinin ilk iclasından sonra keçən dövrdə Avropa Oyunları ilə bağlı 18 Anlaşma Memorandumunun imzalandığını, oyunlarda 18 idman növünün təmsil olunacağını, daha iki idman növü üzrə memorandumların imzalanacağının gözlənildiyini bildirdi.
Mehriban xanım Əliyeva oyunlara hazırlıqla bağlı infrastruktur məsələlərinin həllinin vacibliyini bildirdi, idman qurğularının monitorinqinin aparıldığını qeyd etdi.

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Olimpiya kəndində həyata keçirilən tədbirlərin bir neçə mərhələdə reallaşacağını dedi.

Avropa Oyunları üzrə işçi qrupunun icraçı məsləhətçisi Daq Arnot planlaşdırma prosesi barədə məlumat verdi, gələn həftədən kütləvi informasiya vasitələri ilə əməkdaşlığa başlanılacağını qeyd etdi.

Avropa Oyunlarının təhlükəsizlik üzrə məsləhətçisi, Avropa Oyunları üzrə işçi qrupunun üzvü Peter Aşvin 17 gün ərzində keçiriləcək oyunların planlaşdırma mərhələsində təhlükəsizlik məsələlərinin nəzərdən keçiriləcəyini dedi, təhlükəsizliyin dizaynının yaradılması, risklərin idarə edilməsi və nəzarət sistemlərinin yeni nəslinin tətbiqindən danışdı.

Nəqliyyat naziri Ziya Məmmədov nəqliyyat-yol kompleksi ilə bağlı tədbirlər planı layihəsinin hazırlandığını, bununla əlaqədar 13 layihənin müəyyənləşdirildiyini diqqətə çatdırdı.

Milli təhlükəsizlik naziri Eldar Mahmudov kütləvi tədbirlər zamanı təhlükəsizlik məsələlərinə sistemli şəkildə yanaşılacağını bildirdi.
Daxili işlər naziri Ramil Usubov Avropa Oyunları ilə bağlı hazırlanan fəaliyyət planının icrasına artıq başlanıldığını, xüsusi texniki vasitələrin alındığını vurğuladı.

Prezident Administrasiyası rəhbərinin müavini Əli Əsədov həyata keçiriləcək tədbirlərin əhəmiyyətini və həcmini nəzərə alaraq qarşıdakı vəzifələrin icrasına dərhal başlanılmasının vacibliyini qeyd etdi.

Maliyyə naziri Samir Şərifov oyunların keçirilməsinə dair hər bir istiqamət üzrə maliyyə planlaşdırılmasının əhəmiyyətinə toxundu.

Avropa Oyunlarının Təşkilat Komitəsinin ikinci iclasına yekun vuran Mehriban xanım Əliyeva aidiyyəti qurumlar arasında geniş və sıx əməkdaşlığın qurulmasının vacibliyini vurğuladı. “İdman ölkəsi kimi tanınan Azərbaycanda irimiqyaslı idman tədbirləri keçirilir. Bununla bağlı beynəlxalq mütəxəssislərin rəyləri də yüksəkdir”, - deyən Təşkilat Komitəsinin sədri əminliklə bildirdi ki, Azərbaycan Avropa Oyunlarına ev sahibliyi etmək üzrə birinci olmaq vəzifəsini layiqincə yerinə yetirərək oyunları yüksək səviyyədə keçirəcək.

Qeyd edək ki, tarixdə ilk Avropa Oyunları 2015-ci ilin iyununda Bakıda baş tutacaqdır. Bu ilin yanvarında yaradılan Təşkilat Komitəsində dövlət qurumlarının nümayəndələri ilə yanaşı, Milli Olimpiya Komitəsinin üzvləri, idmançılar və digər şəxslər təmsil olunur.


Teqlər:  





Xəbər lenti