İlham Əliyev: “Ordumuzun döyüş qabiliyyəti, peşəkarlığı artır”

İlham Əliyev: “Ordumuzun döyüş qabiliyyəti, peşəkarlığı artır”
  26 İyun 2013    Oxunub:1398
“Müqayisə üçün deyə bilərəm ki, 2003-cü ildə bizim hərbi büdcəmiz 163 milyon dollar idi. Keçən il bu rəqəm 3,6 milyard idi, bu il isə 3,7 milyard dollara çatıb”.

“Mən hərbi hissələrdə tez-tez oluram, vəziyyətlə tanış oluram. Görürəm ki, ordumuzun döyüş qabiliyyəti artır, peşəkarlığı artır”. AzVision.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyinə həsr olunmuş paradda çıxışı zamanı deyib. Ölkə rəhbəri bildirib ki, bütün cəmiyyətdə olduğu kimi, orduda da vətənpərvərlik ruhu yüksək səviyyədədir.

“Birləşmiş Millətlər Təşkilatının məlum 4 qətnaməsi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş torpaqlarından qeyri şərtsiz çıxmasını tələb edir. Bizim mövqeyimiz də güclü ordu ilə tamamlanır. Ona görə də ordu quruculuğuna çox böyük diqqət göstərilib”.

Ali Baş Komandan bildirib ki, Azərbaycan ordusundakı inkişaf daimi prosesdir və bu gün nizami ordumuz var:

“Mən hərbi hissələrdə tez-tez oluram, vəziyyətlə tanış oluram. Görürəm ki, ordumuzun döyüş qabiliyyəti, peşəkarlığı artır. Nizami ordumuz var. Bütün cəmiyyətdə olduğu kimi, orduda da vətənpərvərlik ruhu yüksək səviyyədədir. Orduda xidmət edənlərin mütləq əksəriyyəti gənclərdir və mən çox şadam ki, Azərbaycan gəncləri vətənpərvərlik ruhunda tərbiyə alır. Orduda xidmət edənlər öz vətəninə, xalqına bağlı olan, sevən insanlardır. Bütün bu amillər ordumuzu gücləndirir”.

Ölkə başçısı qeyd edib ki, son illər ərzində ordumuz texniki təchizatı sahəsində də çox böyük inkişafa nail olunub:

“Son illər ərzində ən müasir texnika, silah-sursat alınıb. Son vaxtlar alınan və Azərbaycan daxilində istehsal olunan texnikanın bir hissəsi bugünkü paradda nümayiş etdiriləcək. Burada texnikanın sadəcə cüzi bir hissəsi göstəriləcək”.

Preizdent İlham Əliyev vurğulayıb ki, Azərbaycan son illər ərzində hərbi məqsədlər üçün çox böyük vəsaitlər xərcləyib. Ölkə rəhbəri bildirib ki, keçən il bu rəqəm 3,6 milyard idi, bu il isə 3,7 milyard dollara çatıb.

“Müqayisə üçün deyə bilərəm ki, 2003-cü ildə bizim hərbi büdcəmiz 163 milyon dollar idi. Keçən il bu rəqəm 3,6 milyard idi, bu il isə 3,7 milyard dollara çatıb. Yəni bu öz-özlüyündə onu göstərir ki, ordu quruculuğu prioritet məsələdir, büdcəmizdən ordu quruculuğuna böyük vəsaitlər ayrılır. Bu da təbiidir. Ölkənin son illər ərzində əldə etdiyi silahlar müasir, yüksək dəqiqliyə və çox böyük məhvetmə qabiliyyətinə malik olan silahlardır. Son illərdə 100-ə yaxın döyüş və nəqliyyat helikopteri alınıb. Onlarla döyüş təyyarəsi, hava hücumuna qarşı ən müasir qurğular alınıb. Zirehli maşınlar, ən müasir tanklar, ən müasir artilleriya qurğuları alınıb ki, onlar da düşmənin istənilən nöqtəsini məhv etməyə qadirdir”.
Prezident bildirib ki, bu gün keçiriləcək paradda Azərbaycan dövləti öz hərbi qüdrətini nümayiş etdirəcək. Ali Baş Komandan qeyd edib ki, ordu quruculuğu dövlət üçün ən başlıca və ən prioritet məsələdir:

“Hər bir ölkə üçün bu belə olmalıdır. Hər bir ölkə özünü müdafiə etməlidir. Xüsusi ilə müharibə şəraitində yaşayan ölkələr üçün bu daha vacibdir. Azərbaycan müharibə şəraitində yaşayır, müharibə hələ bitməyib, müharibənin birinci mərhələsi başa çatıb və bizim ordumuz hər an hazır olmalıdır ki, öz ərazi bütövlüyünü istənilən yolla bərpa etsin. Uzun illərdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmır. Uzun illərdir ki, bu ədalətsizlik davam edir. Ölkəmizin beynəlxalq birlik tərəfindən tanınmış torpaqları işğal altındadır. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılıb. Xalqımıza qarşı Xocalı soyqırımı törədilib. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini müdafiə edir və bu təşkilatlar bununla bağlı öz qərarlarını veriblər. Lakin Ermənistan beynəlxalq hüquq normalarına məhəl qoymur və işğal davam edir. Əfsuslar olsun ki, danışıqlar da nəticə vermir. Belə olan halda ordu quruculuğuna böyük ehtiyac var”.

Prezident İlham Əliyev vurğulayıb ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi və əzəli torpağıdır.

“Əsrlər boyu bizim xalqımız bu torpaqlarda yaşayıb, yaradıb. Bu gün də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bütün dünya birliyi ölkəmizin ərazi bütövlüyünü tanıyır, dəstəkləyir. Nəinki Dağlıq Qarabağ, bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıb. İrəvan xanlığı, Göyçə, Zəngəzur mahalı bizim tarixi diyarımızdır. İkinci erməni dövlətinin Azərbaycan ərazisində yaradılmasına Azərbaycan dövləti və Azərbaycan xalqı heç vaxt imkan verməyəcək. Biz çalışacağıq ki, məsələ tezliklə həllini tapsın. Məsələnin həlli təbii ki, siyasi yollardan keçir və danışıqlar prosesi hələ də davam edir. Ancaq güclü ordumuz, güclü potensialımız bizim mövqeyimizi möhkəmləndirir. Bizim mövqeyimiz tarixi ədalət üzərində qurulub. Bir daha qeyd edirəm ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır və Azərbaycan torpağı kimi qalacaq”.

AzVision.az


Teqlər:  





Xəbər lenti