İlham Əliyev: “Azərbaycan Ermənistanla istənilən dildə danışa bilər”

İlham Əliyev: “Azərbaycan Ermənistanla istənilən dildə danışa bilər”
  26 İyun 2013    Oxunub:1404
“Son 8 il ərzində Azərbaycanda yerli hərbi istehsal inkişaf edib. Onlarla hərbi zavodlarımız var və bu zavodlarda 750 adda məhsul istehsal edilir”.

“Növbəti illərdə də Azərbaycanın hərbi xərcləri ümumi büdcədə üstünlük təşkil edəcək. Müqayisə üçün deyə bilərəm ki, yoxsul Ermənistanın bütün büdcəsi 2 milyard dollara yaxındır”. AzVision.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyinə həsr olunmuş paradda çıxışı zamanı deyib. Ölkə rəhbəri bildirib ki, Azərbaycanda təkcə hərbi məqsədlər üçün istifadə olunan vəsait Ermənistanın bütövlükdə bütün xərclərindən təxminən iki dəfə çoxdur:

“Güclü Azərbaycan gücsüz Ermənistanla istənilən dildə danışa bilər. Biz sadəcə olaraq, bölgədə, regionda sabitliyi qorumaq üçün hələ ki danışıqlar yoluna üstünlük veririk. Çünki Azərbaycan bölgədə sabitləşdirici ölkədir, Azərbaycan bölgədə çox böyük nüfuza malik olan bir ölkədir. Azərbaycanın razılığı olmadan bölgədə heç bir təşəbbüs, heç bir layihə icra edilə bilməz. Ona görə sabitliyi qorumaq üçün və məsələni sülh yolu ilə həll etmək üçün biz hələ ki siyasi yollara üstünlük veririk. Lakin sirr deyil ki, Azərbaycan günü-gündən güclənir, Ermənistan günü-gündən zəifləyir. Bizim iqtisadi gücümüz müqayisəedilməz dərəcədə artıb. İstənilən istiqamət üzrə düşməni bir neçə dəfə, bəzi istiqamətlər üzrə 10 dəfədən çox üstələyirik və bu fərq getdikcə böyüyəcək. Çünki bizim açıq-aydın gələcəyimiz var, perspektivlərimiz var, inkişaf yolumuz var”.

Ali Baş Komandan Azərbaycanın dünya miqyasında ən sürətlə inkişaf edən ölkə olduğunu deyib. Ölkə rəhbəri qeyd edib ki, dünyada iqtisadi inkişaf baxımından Azərbaycan kimi son 10 il ərzində inkişaf edən ikinci ölkə yoxdur.

“Bu amillər bir daha demək istəyirəm tarixi amillər, beynəlxalq hüquq normaları, siyasi amillər və iqtisadi hərbi gücümüz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həll edilməsində öz sözünü deyəcək və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, Dağlıq Qarabağda, digər işğal edilmiş torpaqlarda, Xankəndidə, Şuşada Azərbaycan bayrağı dalğalanacaq. Ordu quruculuğu prosesində yerli istehsala böyük diqqət göstərilir. Son 8 il ərzində Azərbaycanda yerli hərbi istehsal inkişaf edib. Onlarla hərbi zavodlarımız var və bu zavodlarda 750 adda məhsul istehsal edilir. Biz bütün növ patronları istehsal edirik. Tapançalar, avtomatlar, pulemyotlar, qumbaraatanlar, minaatanlar, aviasiya bombaları, zirehli maşınlar, snayper tüfəngləri, pilotsuz təyyarələr - bütün bunlar Azərbaycanda istehsal olunur. Gələcəkdə yerli istehsalın gücləndirilməsi ilə bağlı böyük planlarımız var. Biz artıq çox güclü hərbi sənayeyə malikik. Azərbaycan məhsulları dünya sərgilərində nümayiş etdirilir, eyni zamanda bizim ixrac imkanlarımız da artmaqdadır. Bu onu göstərir ki, istənilən vəzifə öz həllini tapa bilər, yetər ki, iradə olsun, düşünülmüş siyasət olsun. Biz həm xaricdən ən müasir hərbi texnika alırıq, eyni zamanda, daxili istehsalı da gücləndirir və gücləndirməliyik”.

Prezident İlham Əliyev vurğulayıb ki, hərbiçilərin sosial müdafiəsi məsələləri də uğurla öz həllini tapır.

“Dünən Hərbi Hospitalın yeni korpusunun açılışında iştirak etmişəm. İki gün bundan öncə hərbiçilərin maaşları qaldırılıb. Artıq 20 il orduda qüsursuz xidmət etmiş hərbiçilərin məişət problemləri də öz həllini tapmaqdadır. Bu kateqoriyadan olan hərbiçilərə dövlət tərəfindən pulsuz mənzillər verilir. Artıq 200-ə yaxın mənzil verilib. Bu proses gələcək illərdə daha da geniş vüsət alacaq. Hərbiçilərin məişət, sosial problemləri öz həllini tapmaqdadır. Azərbaycan dövləti ordu quruculuğuna çox böyük əhəmiyyət verir. Bu bizim başlıca vəzifəmizdir və gələcək illərdə bu proses daha da sürətlə gedəcəkdir”.

Ölkə rəhbəri bildirib ki, Azərbaycan müstəqil dövlət kimi böyük nailiyyətlərə imza ata bilib. Prezident qeyd edib ki, bütün bunlara görə ölkəmiz dünya miqyasında çox böyük nüfuza malikdir.

“Dünyanın ən mötəbər təşkilatı olan BMT Təhlükəsizlik Şurasına üzv olmuşuq və bu təşkilatda öz mövqeyimizi müdafiə edirik. Azərbaycan nəinki regionda, dünya miqyasında çox etibarlı tərəfdaşa çevrilib və bizim xarici siyasətimizlə bağlı olan bütün təşəbbüslərimiz sülhə, əmin-amanlığa, beynəlxalq əməkdaşlığa istiqamətlənib”.

AzVision.az




Teqlər:  





Xəbər lenti