Hüseynqulu Bağırovla bağlı yalanlara aydınlıq gətirildi

Hüseynqulu Bağırovla bağlı yalanlara aydınlıq gətirildi
  26 İyun 2013    Oxunub:1352
Bəzi Kütləvi İnformasiya Vasitələrində Ekologiya və Təbii Sərvətlər Nazirinin 12 iyun 2013-cü il tarixində Ağcabədi rayonunda vətəndaşlarla keçirdiyi görüşlə bağlı yanlış məlumat yayılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, yayılan məlumat əsassızdır və təxribat xarakteri daşıyır. Keçirilmiş görüş barəsində 13 gündən sonra uydurulmuş yalanları, ETSN-nin adının qərəzli şəkildə hallandırılmasını yalnız bu cür qiymətləndirmək olar.

Qeyd edək ki, sözügedən görüşdə həm iqtidar, həm də müxalifət yönümlü KİV nümayəndələri iştirak edib. Əgər görüş zamanı qəbula gələnləri qane etməyən hansısa hadisə baş versəydi, qəbul prosesini izləyən jurnalistlər mütləq elə həmin vaxt bu barədə xəbər yayardılar.

Bu görüşdə əvvəlcədən qeydiyyatdan keçən 50 nəfərdən əlavə Ekologiya və Təbii Sərvətlər Naziri görüşə yazılmayan daha 11 şəxsi qəbul edib ki, onların da əksəriyyətinin müraciətləri mülkiyyət hüquqları ilə bağlı olub. ETSN-ə heç bir aidiyyəti olmasa da, həmin şəxslərin müraciətləri də dinlənilib, görüşə dəvət olunan rayon İcra Hakimiyyətinin və Torpaq Komitəsinin nümayəndələri bəzi şikayətlər yerindəcə həll edib, digərlərinin isə ərizələri alınaraq aidiyyəti təşkilatlara göndərilməsi təmin olunub. Həmçinin qəbul zamanı radikal müxalifət partiyalarından birinin yerli nümayəndəsi Abbasov İsa Misir oğlunun da ETSN-ə aidiyyəti olmayan şəxsi xarakterli şikayəti diqqətlə dinlənilib və lazımi tədbirlər görməsi üçün müvafiq qurumlara müraciət olunub.

Ona görə də bəyan edirik ki, kimlərinsə qeyri-müəyyən səbəblərdən gündəmə gətirdiyi məlumatlar uydurmadır. Görüş zamanı qəbul otağında və gözləmə zalında heç bir hadisə baş verməyib, qeydiyyatdan keçən və keçməyən bütün vətəndaşların müraciətlərinə qanunamüvafiq qaydada baxılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti