Azərbaycanın hərbi texnikaları - ARAYIŞ

Azərbaycanın hərbi texnikaları - ARAYIŞ
  26 İyun 2013    Oxunub:21785
“Gürzə” maşını bu gün keçirilən paradda nümayiş olunub.
Xəbər verdiyimi kimi bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95-ci ildönümü münasibətilə Bakının Azadlıq meydanında təntənəli hərbi parad keçirilib. Parad son illər yeni istehsal olunan və modernləşdirilmiş texnika, o cümlədən müasir silah sistemlərinin nümayişi ilə yadda qalıb. Hərbi parada 300-ə yaxın texnika və silah sistemləri, 100-dən çox təyyarə və vertolyot, 40-a yaxın gəmi və kater cəlb olunub. AzVision.az bu gün paradda nümayiş etdirilən texnikaların bir neçəsi barədə məlumatları oxucularının diqqətinə çatdırır.

“GÜRZƏ”

Bunlardan biri Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi, Xüsusi təyinatlı qüvvələrin istifadəsində yer alan, pulemyot və tank əleyhinə idarə olunan raket kompleksləri ilə silahlandırılmış “Gürzə” maşınıdır. Bu maşın ilk dəfə bu gün keçirilən paradda nümayiş olunub. Müdafiə Sənayesi Nazirliyinin mühəndisləri tərəfindən yaradılan “Gürzə” patrul maşını barədə məlumatı ictimaiyyətə 2012-ci ilin dekabr ayının 17-sində nazir Yavər Camalov açıqlayıb. Müdafiə Sənayesi Nazirliyinin istehsalı olan, xüsusi təyinatlı qüvvələr və güc strukturları üçün nəzərdə tutulan “Gürzə” adlı patrul maşını Türkiyənin İstanbul şəhərində keçirilən İDEF-2013 beynəlxalq müdafiə sərgisində də nümayiş etdirilib. Hərbi maşın tam silahlandırılmış şəkildə sərgiyə çıxarılıb.

Toyota HİLOYX 12 modelinin bazasında hazırlanan “Gürzə”4x4 təkər formuluna və 2500 kq yük daşıma imkanına malikdir. Maşının silahlanmasına üst hissədə 360 dərəcə bucaq altında fırlana və 45 dərəcə bucaq altında hədəflərə atəş aça bilən 12.7 mm-lik 1 ədəd pulemyot, yanlarda isə 2 ədəd 7.62 mm çaplı pulemyot, bu silahlar üçün böyük həcmdə patron ehtiyatı daxildir. Maşının silahlanmasına həmçinin avtomatik qumbaraatan və digər vasitələr əlavə etmək olur. Yüksək keçicilik qabiliyyətinə malik maşın 114 at gücündə mühərriklə təchiz olunub.


“MARAUDER” və ““MATADOR”

Cənubi Afrika Respublikasının “ Paramount Group” şirkəti ilə birgə istehsal etdiyi “Matador” və “Marauder” tipli maşınlarda bu gün nümayiş etdirilib. Azərbaycan MSN “Paramount Group” şirkəti ilə “Matador” və “Marauder” tipli minaya qarşı qorumalı nəqliyyat vasitələrinin istehsalına 2009-cu ildən başlayıb. Layihə çərçivəsində ümumilikdə 110 ədəd nəqliyyat vasitəsinin istehsalı planlaşdırılıb.

Əsasən 14,5 və 12,7 çaplı pulemyotlarla təchiz olunan nəqliyyat vasitələri «V» formalı şassiyə malikdir. Onlar tank əleyhinə minaların partlaması halında belə şəxsi heyəti qəlpələrdən və partlayışın təsirlərindən mühafizə edir. “Matador” 14 (12+2), “Marauder” isə 10 (8+2) personal daşıya bilir. Texnikaların partlayışa tab gətirmə imkanları isə müvafiq olaraq 21 kq TNT və 14 kq TNT-dir. Balistik müdafiə sisteminə malik olan bu döyüş maşınları şəxsi heyəti 7,62 mm çaplı güllələrdən qoruya bilir. “Matador” STANAG 4569 Level 4a və STANAG 4569 Level 4b, “Marauder” isə STANAG 4569 Level 3a və STANAG 4569 Level 3b standartlarına uyğundur.

“COBRA”, “LAND ROVER DEFENDER”, “ZPT”

Bu gün həmçinin Azərbaycanın Türkiyədən aldığı “Cobra” tipli yeni zirehli nəqliyyat vasitələri də parada çıxarılıb. Türkiyənin “Otokar” şirkəti ilə 2010-cu ildə imzalanmış 20,7 milyon dollar dəyərində müqavilə üzrə Azərbaycana 123 ədəd müxtəlif tipli hərbi nəqliyyat vasitəsi – 35 ədəd “Cobra” tipli zirehli döyüş maşını, 37 ədəd ZPT tipli zirehli personal daşıyıcı və 51 ədəd “Land Rover Defender” tipli nəqliyyat vasitəsi çatdırılıb. 13 nəfərlik heyətin daşınması üçün nəzərdə tutulmuş “Cobra” 4×4 təkər formuluna malikdir. Maşının çəkisi 6 ton, sürəti 110 km/saat təşkil edir. Radioaktiv və kimyəvi hücumlardan, mina partlayışlarından qorumaya malik maşının üzərində müxtəlif silahlar qurmaq mümkündür. Hazırda “Cobra” tipli nəqliyyat vasitələri postsovet ölkələrindən Gürcüstan, Azərbaycan və Qazaxıstan Silahlı Qüvvələrinin inventarında yer alır.

“T-90S” əsas müharibə tankı

Hal-hazırda daha çox Hindistan və Rusiya ordusu bu tankdan istifadə edir. 2011-ci ildə Rusiyadan alınıb. Bu tankların seriyalı istehsalına 1992-ci ildən, T-90S modifikasiyasının istehsalına isə 2001-ci ildən başlanıb. T-72 tankının əsasında yaradılan T-90 qoruma səviyyəsi, avadanlıqları ilə sələfindən fərqlənir. Tank teplovizora, gücləndirilmiş zirehə, aktiv müdafiə sisteminə malikdir.

9K330 “Tor” zenit-raket kompleksi.

Hərbi paradda nümayiş olunan yeni sistemlərdən biri olan «Tor» kompleksi 1986-cı ildə silahlanmaya qəbul edilib. Postsovet məkanında ən mükəmməl HHM sistemlərindən hesab olunur. Azərbaycanın bu kompleksi Ukraynadan aldığı deyilir. Kompleks hava hücumuna və raketlərə qarşı mübarizə üçün nəzərdə tutulub. Hər cür hava şəraitində tapşırıqları icra etməyə qadir olan bu kompleks əhəmiyyətli inzibati, iqtisadi və hərbi obyektlərin antiradar, qanadlı raketlərdən, stels texnologiyalara əsaslanan təyyarələrin və helikopterlərin hücumlarından qorunması üçün nəzərdə tutulub. Sistem həm operatorun iştirakı ilə, həm də avtomatik rejimdə istifadə oluna bilir.

2S19 “Msta-S” özüyeriyən haubitsa

1989-cu ildən silahlanmaya qəbul olunmuş bu özüyeriyən artilleriya sistemi Azərbaycan Ordusunun silahlanmasına yeni daxil olub. 152.4 mm çaplı mərmilərdən atəş açır. Haubitsa müxtəlif növ mərmilərlə 12 km-dən 29 km-dək uzaqlıqdakı hədəflərə qarşı tətbiq oluna bilir. Hazırda Azərbaycan daxil olmaqla, 8 ölkənin silahlanmasında yer alır.

TR-300 “Kasırğa” topçu atəş sistemi

Türkiyənin ROKETSAN şirkəti tərəfindən istehsal olunmuş, mənzili 100 km-dən uzaq olan bu raket sistemi Azərbaycan Silahlı Qüvvələrinin inventarına yeni daxil olub. Paradda həmçinin Türkiyədən alınmış TR-122 «Sakarya» reaktiv yaylım atəş sistemləri də keçid edəcək.

9K57 “Uraqan” reaktiv atəş sistemi

İndiyədək bir neçə dəfə Azərbaycan Ordusunun silahlanmasında yer aldığı bildirilən bu sistemin də paradda ilk dəfə nümayişi nəzərdə tutulur. 1975-ci ildən müxtəlif orduların silahlanmasında yer alan bu 220 mm çaplı reaktiv yaylım atəş sistemi 10 km-dən 36 km-dək uzaqlıqdakı hədəfləri məhv etmək qabiliyyətinə malikdir.

Mi-35M döyüş helikopteri

Dövlət Sərhəd Xidmətinin istifadəsində yer alan bu helikopterlərin ilk partiyası Azərbaycana 2011-ci ilin dekabr ayında gətirilib. 2010-cu ildə Rusiya tərəfi ilə imzalanmış müqavilə 24 helikopterin alğı-satqısını əhatə edir. Ötən il Rusiya tərəfi daha 8 helikopteri Azərbaycana göndərib. Mi-35 helikopterləri Mi-24 helikopterlərinin zirehli tank texnikasının məhv edilməsi üçün nəzərdə tutulmuş və müasirləşdirilmiş versiyasıdır. Daha güclü mühərrikə malik bu helikopterlər həmçinin desant və yaralıların evakuasiyası, bölmələrin atəş dəstəyi ilə təmin olunması, qoşqu vasitəsilə yüklərin daşınmasını həyata keçirə bilir.

“Heron” və “Hermes-450” pilotsuz uçuş aparatı

“Heron” 2003-cü ildən İsrailin İAİ şirkəti tərəfindən istehsal olunan bu PUA dünyada ən müasir pilotsuz uçuş sistemlərindən sayılır. İsrail, ABŞ, Fransa, Türkiyə, Braziliya, Hindistan, Kanada və digər ölkələrin ordularında istifadə olunur. Havada 40 saatdan artıq qala bilir. “Hermes-450” İsrailin «Elbit Systems» şirkəti tərəfindən istehsal olunub. Azərbaycan da daxil olmaqla, dünyanın müxtəlif ölkələrinin silahlanmasında yer alır. Cənubi Qafqaz regionunda Azərbaycan və Gürcüstanın silahlanmasında mövcuddur.

Anar Kəlbiyev



Teqlər:  





Xəbər lenti