Lordlar Palatasından REPORTAJ

Lordlar Palatasından REPORTAJ
  24 İyul 2013    Oxunub:4966
Lordlar Palatasının üzvləri Britaniya cəmiyyətənin ayrı-ayrı təbəqələrindən, o cümlədən müxtəlif sahə və peşə sahiblərinin nümayəndələrdən ibarətdir. Əksər perlər (İngiltərədə, Fransada yüksək zadəgan titulu-red.) öz peşəkar təcrübələrindən Lordlar Palatasındakı fəaliyyətləri zamanı istifadə edirlər.
Lordlar Palatası XIV əsrdə yaranıb. Həmin dövrdə iri feodallardan ibarət olan palata üzvlərinə lordluq rütbəsi yalnız irsən ötürülə bilərdi. Palatanın üzvləri iki kateqoriyaya ayrılır – ruhani və dünyəvi, və ya kübar lordlar. Ötən əsrlərdə palatanın idarəetmə sistemi daha çox ruhani lordların – ingilis kilsəsi nümayəndələrinin səlahiyyətində idi. Müasir zamanda isə bu ixtiyar əks qütbə, yəni kübar lordların – baron və baronessalara keçib.

***

Əzəməti ilə insanı valeh edən palataya giriş 2 tərəfən mümkündür: ictimaiyyət üçün açıq olan və xidməti giriş. İkinci qapıdan keçid xüsusi ciddi nəzarətdən sonra mümkündür. Mühafizəçilər geyim də daxil olmaqla üstündəki bütün əşyaları yoxlayır, xüsusi cihazla fotoşəklini çəkir və elə yerindəcə çəkilmiş ağ-qara fotolu vəsiqəylə içəri “buyur” edirlər.

Xidməti tərəfdən palataya gedən yol ilk olaraq sadə, primitiv dizaynı, hətta bir qədər də sovet dönəmini xatırladan inzibati otaqları ilə başlayıb liftlərdən, küçələrdən, dolanbac dəhlizlərdən keçir. Palataya ilk ayaq basan adamın azmaq ehtimalı qaçılmazdır. İnanılmaz dərəcədə, böyüklüyü, labirintvari yolları ilə insanı sanki uzaq tarixin düz dərinliyinə düşürür. Hansı qapının, hansı yolun hara apardığını bilmək üçün ya gərək illər uzunu orada çalışasan, ya da bələdçi müşahidəsi mütləqdir. Əks halda ola biləcəklərdən yalnız özün məsuliyyətlisən.

Palata dəhlizlərinin sağ və sol kənarlarını böyük rəflər qoyulub. Rəflərin də içində də İngiltərə tarixinin uzun əsrlik keçmişi, arxiv sənədləri qalaq-qalaq kitablarda, qovluqlarda saxlanılır. Və nə qədər qəribə olsa da, rəflər, sadəcə bir şüşə ilə örtülüdür, yəni, hər hansı bir mühafizəsiz-filansız. Şüşənin arxasından hansı sənədin hansı tarixin hadisələrini əks etdirdiyini də oxumaq mümkündür.

***

Lordlar Palatasının əzəməti təkcə zahirən yox, elə daxilən də duyulur. Hər bir güşəsi, hər bir küncü, divarları, hətta qədimi qapıları belə uzaq tarixi keçmişi andırır - İngiltərənin siyasi və ictimai həyatında rol oynamış liderlərin heykəlləri, portretləri, eləcə də interyeri bəzəyən oymalar, freskalar, müxtəlif heykəltaraşlıq nümunələri və s.

İngilislər üçün müasirlik nə modern dizayn, nə dəmir qapılar, nə də sürətli, güzgülü liftlər yox, öz tarixinə sahib çıxmaqdır. Yəni, müasirlik, dəbdəbə dalınca qaçmaq, başdan-ayağa yenilənməsi yox, hər hansı bir detalın, əşyanın tam sıradan çıxmamış, köklü təmirə ehtiyac duymadan bərpası tərcih edilir.

***

Lordlar palatası və İcma palatası arasında bir neçə zallar və dəhlizlər var. İcma palatasının interyeri Lordlar palatası ilə müqayisədə daha təvazökar bəzədilib - qırmızı palıq ağacından olan naxışlı divarlar, yuxarı hissədə tamaşaçılar və mətbuat üçün xüsusi eyvanlar. Yəqin artıq anladınız ki, palata daxilində gedən iclaslar ictimaiyyətə açıqdır. Öncədən izn almaqla istənilən şəxslər, hətta məktəb yaşında uşaqlar belə müəllimlərinin nəzarəti ilə palatanın iclaslarında, müzakirələrində müşahidəçi qismində iştirak edə bilərlər. Yalnız bir şərtə əməl etməlisən: içəridə foto, video çəkilişlər qəti qadağandır. Bunu gizlində etməyi heç ağlına da gətirmə. Çünki, hər küncdə-bucaqda quraşdırılmış gizli və aşkar kameralar səni bircə anın içində faş edə bilər. Yeri gəlmişkən, bu qadağa, iclaslara da şamil olunur.

***

İclas otağına girməzdən əvvəl sənə məxsus əşyalar – çanta, üst geyimi və s. balaca bir küncdən quraşdırılmış qarderobdan asılır. Adəti üzrə qarşılığında nəzarətçidən nömrə alacağınızı gözləməyin. Çünki, həmin qarderobda nəzarətçi ümumiyyətlə yoxdur. Və dolayısı yolla əşyalara nəzarət və zəmanət yoxdur. Nə qədər qəribə görünsə də, itə biləcəklərdən kimə məsuliyyət daşımır. İndi hər hansı bir itkidən yarana biləcək xaosu özünüz təsəvvür edin. O qədər insan arasında kimdir sənin itən malının axtarışı ilə məşğul olan?! Bir sözlə, Lordlar Palatasına ekskurs etsəniz, dəyərli əşyaları yanınızdan ayırmamağınız məsləhətdir.

***

Palata üzvləri məşvərət üçün adətən iclas zalına toplaşırlar. Zal, bir neçə hissələrə ayrılıb. Qırmızı palıd ağazından olan kiçik divarla ayrılmış hissədə lordlar, yuxarıda - aynabəndlərə ayrılmış hissədə tamaşaçılar və media nümayəndələri üçündür. Deputatların yeri isə yaşıl dəri ilə üzlənmiş ayrıca skamyalardadır. Spikerdən solda müxalifət, sağda isə iqtidar partiyalarının nümayəndələri əyləşirlər. Skamyaların sıra araları qırmızı rəngdə çizgi ilə ayrılır.

İclas zalında lordlar və rəsmi dövlət təmsilçiləri qanunvericilikdə müəyyən dəyişiklər edir, analitik fikirlər yürüdür, dövlət təmsilçilərinə, hətta konkret bir məsələ ilə bağlı dəvət olunmuş nazirə suallar ünvanlayır və müvafiq siyasi məsələlərlə bağlı debatlar keçirirlər.
İclaslar adətən həftənin bazar ertəsi, çərşənbə axşamı, çərşənbə və cümə axşamı, nadir hallarda isə cümə günləri də ola bilər. İclaslar gün ərzində orda hesabla 7 saat 30 dəqiqə davam edir.
Yeri gəlmişkən, lordlar palatasının ümumilikdə təqribən 800 nəfər üzvü var.

***

Lord Fouler (Norman Fowler) 31 ildir ki, palatada təmsil olunur. İngiltərənin siyasi-ictimai həyatında hər zaman aktiliyi ilə seçilib. Lord Fouler bizimlə söhbətində deyir ki, əsas hüquqlar – hakimiyyət nümayəndələr palatasının əlindədir:“Lordlar palatasının irəli sürdüyü qərarlar nümayəndələr palatası tərəfindən dəyərləndirilir. Nəticə etibarilə ya qəbul, ya da imtina edir. Amma burada da müəyyən istisnalar var. Hər hansı bir məsələdə, qərarda nümayəndələr palatasının israrlı təkidləri yetərlidir ki, lordlar palatası qəbul etməyə məcbur olsun”.



- Cənab Lord, bildiyimizə görə, İngiltərə parlamentində hazırda mətbuatla bağlı müəyyən senzuların qüvvəyə salınmasına baxılır. Vəziyyət bu qədərmi ciddidir?

- Təssüf hissilə demək olar ki, mətbuatın həddən artıq sərbəstliyi müəyyən ciddi problemlər yaradır. Mətbuat nümayəndələri təkcə tanınmışların deyil, sıravi vətəndaşların da telefon danışıqlarını dinləmə vasitəsilə şəxsi həyatlarına müdaxilə edirlər. Bizdə buna “müdaxilə mədəniyyəti” deyirlər. Getdikcə daha geniş vüsət alan bu məsələ, ictimaiyyət arasında ciddi narazılıqlara yol açır. Parlament ilk olaraq bu məsələni gündəmə gətirdi, daha sonra komissiya yaradıldı. Müəyyən təkliflər ürəli sürüldü. Təkliflərdən biri də mətbuatla bağlı gələn şikayətlərin araşdırılması idi. Hərçənd daha əvvəllər də buna bənzər komissiya vardı, amma öz işini icra etmirdi. Və belə qənaətə gəlindi ki, həmin komissiya hökümət tərəfindən yox, sırf mətbuat nümayəndələrindən - jurnalistlərdən, media təşkilatlarının təmsilçilərindən təsis olunsun. Və bu komissiyanın özünün fəaliyyəti də hər 2-3 ildən bir nəzarətə alınacaq. Biz mətbuatın azadlığını məhdudlaşdırmaq istəmirik. Lakin hər şey qanun çərçivəsində öz həllini tapmalıdır”.

- Cənab Lord komissiyanın bir qədər fərqli formatda yaradılması ötən il “The Sun” qəzeti ətrafında yaranmış qalmaqal ola bilərmi?

- Bəli, bidliyiniz kimi 2012-ci ilin 11 fevralında Britaniya polisi “Elveden” əməliyyatı zamanı qəzetin 5 nəfər əməkdaşını qanunsuz informasiya əldə etmək, habelə polisləri rüşvət qarşılığında çirkin əməllərinə alət etmə suçundan həbs edib. Amma problemi öz çiyninə götürən qəzetin kollektivi oldu. Nəticədə qəzet bağlandı, kollektiv ixtisar olundu. Halbuki əsas məsuliyyəti qəzet rəhbərliyi daşımalıydı.

- Kifayət qədər nüfuzli bir qəzetin belə bir ağır cəza qarşısında üz-üzə qalması, bir-iki nəfərin səhvinə bütün kollektivin cavabdehlik daşıması nə dərəcədə doğru idi?

- Sizinlə tamamilə razıyam, əsas məsuliyyət əməkdaşların yox, rəhbərliyin üzərinə düşməli idi. Çünki, mətbu orqanı daxilində - istər administrativ, istərsə də yaradıcılıq baxımından redaktorların xəbərsiz olması sadəcə mümkün deyil. Digər tərəfdən həmin qanunu pozan insanlar əslində heç jurnalist də deyildilər. Onlar, qanunsuz mobil telefon danışıqları dinləyir, faktiki olaraq detetktivlik fəaliyyətilə məşğul olurdular. Belələrini jurnalist adlandırmaq olmaz. Qəzetin baş redaktoruna gəlincə, “The Sun” bağlandırdan sonra “The Sun on Sun” adlı yeni mətbu orqanı təsis etdi.

- Britaniya qanunvericiliyində rəsmi və ya qeyri-rəsmi şəxsin icazəsi olmadan jurnalistin foto çəkməsinə və ya şəxsi həyatı barədə özəl məlumat açıqlamasına icazə varmı?

- Bəli, İngiltərə qanunu icazə verir ki, rəsmi, tanınmış şəxslərin həyatı barədə insanlara məlumat çatdırılsın. Əgər mənə bir redaktor olaraq “niyə insanların şəxsi həyatına müdaxilə edirsiniz?” sualı ünvanlansaydı, özümü belə müdafiə edərdim: “Əgər o insanların həyatlarında baş verməməli şeylər baş verirsə, onların həyatında baş verməməli hadisələr baş verirsə, etməməli olduqları hərəkəti edirlərsə, mənim bu məlumatı insanlara çatdırmaq, onları insanlara tanıtmaq hüququm var. Buna qanun tərəfdən heç bir qadağa yoxdur. Kiçik bir misal: Bir nazirimiz xaricdəki istirahət xərclərini ezamiyyət xərci olaraq göstərmişdi. “Daily Telegraph” qəzeti də həmin o xərclərin kim tərəfindən və hara xərcləndiyini araşdıraraq xərclərin şişirdildiyini isbatlamışdı. Bu məsələ böyük qalmaqal yaratdı. Amma telefon danışıqlarının icazəsiz dinlənilməsi qeyri-qanunidir. Kimliyindən, vəzifəsindən, peşəsindən asılı olmyaraq bunu edən hər kəs qanunu pozmuş olur.

- Lordlar Palatasına gəlməzdən əvvəl təsadüfən Ekvadorun səfirliyini gördük. Məlumdur ki, Julian Assange hazırda Ekvadorun Londondakı səfirliyində saxlanırlır. Qeyri-ixtiyari olaraq ağıla WikiLeaks qalmaqalı gəlir. Sizcə, müasir texnologiyaların inkişaf elədiyi, informasiya təhlükəsi olan bir dövrdə, ölkənin təhlükəsizliyilə bağlı məlumatların sızmasına kim məsuliyyət daşıyır? Və hər hansı bir təhlukə ehtimalında hansı cəza tədbirləri nəzərdə tutulub? Təhlukəsizlik prosesi necə tənzimlənir?


- Sizin verdiyiniz sualın araşdırma qiyməti 64 min dollardır. Həm də gələcək üçün çox vacib bir sualdır. İnternetə doğrudan da nəzarət edə bilərikmi? İnternet təhlukəsizliyində belə bir qayda var ki, məsuliyyəti öz üzərinə götürürsənsə, bu barədə məsuliyyəti bilirsənsə, biz sənə qarşı müvafiq qanunları tətbiq edilə bilər. Yalnız bu halda hansısa tədbirlər görülə bilər. Radio, televiziya ilə heç bir problemimiz yoxdur. Əsas problemimiz yazılı və onlayn mətbuatladır. Və mən bu qaydaların irəli sürülməsini çox istəyərdim. Insanların, cəmiyyətin, peşəsindən sui-istifadə edən media işçilərindən mühafizə edilməsi çox vacibdir. Amma bu qanunları yüritmək üçün biz çox uzun və təfsilatlı şəkildə fikirləşməliyik. Yəni, bunu təşkil etmək düşündüyünüz qədər də asan deyil.

Sevda Babayeva
(Bakı-London-Bakı)
Xüsusi olaraq AzVision.az üçün

Qalereya




Teqlər:  





Xəbər lenti