Prezident Saatlıya 2 milyon manat ayırıb
Ən müasir tələblərə cavab verən Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi, Şahmat məktəbi inşa edilmiş, Mərkəzi rayon Xəstəxanası əsaslı təmir olunub, təhsil və digər sosial yönümlü obyektlər istifadəyə verilib, yeni sənaye müəssisələri yaradılıb, 28 kənddə sutəmizləyici qurğular quraşdırılmış, 29 yaşayış məntəqəsini birləşdirən 4 avtomobil yolu layihəsi həyata keçirilib, körpülər salınıb, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb.
Prezident Saatlı şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb ki, Saatlı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Saatlı Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası
Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılıb.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etməlidir.