Azay Quliyev: «Avropa İttifaqının mövqeyində heç bir məntiq yoxdur»

Azay Quliyev: «Avropa İttifaqının mövqeyində heç bir məntiq yoxdur»
  13 Sentyabr 2013    Oxunub:1157
Milli Məclisin deputatı, ATƏT PA-nın Büro üzvü və komitə sədrinin müavini Azay Quliyev “Trend”ə müsahibə verib:
- Bildiyimiz kimi, Ermənistan keçmiş SSRİ-nin bərpası hesab edilən Avrasiya İttifaqı, Gömrük Birliyi ilə Avropa İttifaqıyla Assosiasiya sazişi imzalamaq arasında seçim qarşısında qalmışdı. Sarkisyanın Moskvaya sonuncu səfəri ilə hər şeyə nöqtə qoyuldu. Siz situasiyanı necə qiymətləndirirsiniz?

- Gömrük Birliyi ilə Avropa İttifaqı kimi müxtəlif iki geosiyasi platforma arasındakı prinsipial fərqlər Ermənistanın qarşısında bunlardan birini seçmək tələbini qoyurdu. Ermənistan prezidenti qəbul etdiyi son qərarla Avropa İttifaqı ilə imzalanması nəzərdə tutulan assosiasiya sazişinin üstündən xətt çəkmiş oldu. Ermənistanın Gömrük İttifaqına üzv olacağı haqqında verdiyi bəyanat və atdığı konkret addımlar bir daha təstiqlədi ki, bu dövlət həqiqətən də müstəqil deyildir və bunun üçün elə bir potensialı da yoxdur. Əslinə baxsaq, Rusiya Ermənistana tam nəzarət etdiyindən onun hansı istiqamətə seçim etməsini də müəyyənləşdirməsi heç kimdə təəccüb doğurmamalıdır. Sadəcə Rusiya bunu elə formada etdi ki, Ermənistan bir dövlət olaraq olan-qalan nüfuzunu da itirdi və demək olar ki, beynəlxalq imicinə ciddi zərbə vuruldu. Yəni, son 3 ildə Avropa İttifaqı ilə assosiasiya sazişi üzrə danışıqlar aparan və bu ilin noyabr ayında Vilnüsdə bu sənədi imzalamağa hazırlaşan Ermənistanın bir saatın içində tamamilə fərqli istiqamətə yönəldilməsi müstəqil və suverən dövlət adına çox böyük ləkə və biabırçılıqdır. Məncə bu məsələ erməni xalqını ciddi düşündürməli və bir sadə suala cavab tapılmalıdır: "Rusiyanın vassalı olan işğalçı Ermənistanda yoxsul və rəzil olaraq yaşamaqmı, yoxsa iqtisadi cəhətdən güclü qonşuları Azərbaycan və Türkiyə, o cümlədən Avropa İttifaqı ilə dost və bərabərhüquqlu tərəfdaş olan müstəqil Ermənistanın vətəndaşı olmaq yaxşıdır?" Əgər erməni ictimaiyyətində az da olsa reallıq hissi qalıbsa və son baş verənlərə praqmatik yanaşanlar varsa, onlar bu sual ətrafında ciddi düşünməlidirlər.

- Bəs yaxşı, Ermənistanın Gömrük İttifaqına qoşulması Azərbaycana nə vəd edir? Burada bizi qane etməyəm məqamlar ola bilərmi?

- Əvvəla onu deyim ki, Ermənistanın bu qərarından sonra bir daha bəlli oldu ki, Azərbaycan sözün əsl mənasında müstəqil dövlətdir. O milli maraqlarına uyğun qərar vermək və bütün məsələlərdə suverenliyini müdafiə etmək iqtidarında olan oturuşmuş bir dövlətdir. Həm də o da bir daha təsdiq olundu ki, bizim kimi çox həssas geosiyasi bölgədə yerləşən olkələr üçün müstəqilliyini qoruyub saxlamaq çox çətindir. Artıq qərb cənab Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil siyasətin təkcə Azərbaycan üçün deyil, bütöblükdə Cənubi Qafqaz və Avropa üçün nə qədər mühum əhəmiyyət daşıdığının bir daha fərqinə vardı. Bu baxımdan Ermənistanın Gömrük İttifaqına qoşulması Qərbdə Azərbaycana və onun liderinə heç şübhəsiz ki, əlavə siyasi dividend qazandırdı. Bu müsbət məqamdır.

Bizi qane etməyən məqamlara gəldikdə isə, deyə bilərəm ki, bunlardan biri odur ki, Gömrük İttifaqının sərhədləri ölkəmizə tam olaraq yaxınlaşdı. Rusiya bu baxımdan gələcəkdə İttifaqa daxil olmaq üçün Azərbaycana təzyiqi artıra bilər. Digər tərəfdən, Ermənistanın siyasi dairələri artıq Qərbdə fikir yaratmağa çalışırlar ki, onların ölkələri yazıq və gücsüz durumda olduğu üçün Rusiyanın diqtəsini qəbul etməyə məcbur olublar. Başqa sözlə, onlar Avropanı inandırmağa çalışacaqlar ki, qərbdən Ermənistana lazımi dəstək olarsa, bu siyasət gələcəkdə dəyişə bilər. Hamımız bilirik ki, bu növbəti erməni hiyləsi və ikili oyunundan başqa bir şey deyil. Beləliklə, erməni siyasətçilərinin hesablamalarına görə, bununla Ermənistan həm Rusiyanın forpostu statusunu saxlayaraq ondan gələn dəstəyin davam etməsinə nail olur, eyni zamanda "yazıq" və "zərərçəkmiş" obraza girərək Qərbdən iqtisadi və siyasi dəstəyi artırmağa çalışır. Son zamanlar Avropa İttifaqının rəsmiləri tərəfindən Ermənistanı basqıya uğramış tərəf kimi təqdim edən bəyanatlar dediklərimə sübutdur. Aydındır ki, hər iki tərəfdən Ermənistana dəstəyin artırılması bizim maraqlarımıza uyğun deyildir. Xarici siyasətdə biz bunu nəzərə almalıyıq.

- Bildiyiniz kimi, Vilnüs sammitində Avropa İttifaqı Ukrayna, Moldava və Gürcüstanla assosiasiya sazişi imzalamağı planlaşdırır. Ancaq bu siyahıda Azərbaycanın adı yoxdur. Bu məsələyə aydınlıq gətirilməsini xahiş edirəm.

- Məlum olduğu kimi, 2010-cu ildən etibarən Azərbaycan ilə Avropa İttifaqı arasında assosiasiya sazişi ilə bağlı danışıqlar başlanılıb. Mərhələli şəkildə aparılan danışıqlarda müsbət irəliləyiş olsa da, hələlik, bizi ciddi şəkildə narahat edən məqamlar da var. Bunlardan ən birincisi odur ki, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən müvafiq müddəanın saziş layihəsinə daxil edilməsi haqqında olan haqlı tələbimizin Avropa İttifaqı tərəfindən hələ ki qəbul edilməməsidir. Təbii ki, Azərbaycan bununla razılaşmır və ümumiyyətlə Avropa İttifaqı tərəfindən olan bu münasibət başadüşülən deyil. Çünki Avropa Parlamentinin də daxil olduğu bütün beynəlxalq təşkilatların və o cümlədən, İttifaqa daxil olan ayrı-ayrı ölkələrin Azərbaycanın ərazi bütövlüyünü tanımasına baxmayaraq, Aİ-nın belə mövqe nümayiş etdirməsində heç bir məntiq yoxdur. Ona görə də bu məsələ öz müsbət həllini tapmayınca Aİ ilə Azərbaycan arasında sazişin imzalanmasını real hesab etmirəm. Doğrudur, biz Aİ-nin Vilnüs sammitinə heç də əliboş getmirik. Toplantı çərçivəsində Aİ ilə Azərbaycan arasında viza sadələşdirilməsi və readmissiya haqqında sənədlərin imzalanması gözlənilir.

- Siz həm də Azərbaycan Respublikasının Avropaya İnteqrasiya üzrə Dövlət Komissiyasının üzvüsünüz. Komissiyanın fəaliyyətində nə kimi yeniliklər var?

- Komissiyanın sonuncu iclasında qurumun işinin təkmilləşdirilməsi, Azərbaycan Respublikasının qanunvericiliyinin Aİ qanunvericiliyinə uyğunlaşdırılması üzrə tədbirlər planının müəyyən olunması da daxil olmaqla bir çox məsələlər müzakirə olunub, bir sıra mühüm qərarlar qəbul edilibdir.
İnanıram ki, Komissiyanın işinin təkmilləşdirilməsi və Azərbaycanla Avropa İttifaqı arasında fəaliyyət göstərən Alt Komitə və İşçi qruplarının faəliyyətinin gücləndirilməsi inteqrasiya prosesinə yeni nəfəs verəcək. Azərbaycan Avropaya inteqrasiya yolunu tutan və bütün təzyiqlərə baxmayaraq bu istiqamətdə ardıcıl və prinsipial qərarlar qəbul edən bir ölkə kimi komissiyanın işini daha məhsuldar qurmaqda maraqlıdır.
- ATƏT Parlament Assambleyasının qarşıdan gələn sesiyasından gözləntiləriniz nədən ibarətdir və gündəlikdə hansı məsələlər var?

- ATƏT Parlament Assambleyasının payız sesiyası oktyabrın 13-15-də Monteneqronun Budva şəhərində keçiriləcək. Hal-hazırda ATƏT PA katibliyi sessiyanın proqramı üzərində işləyir və çox güman ki, sənəd yaxın günlərdə hazır olacaq. Ancaq, ümumilikdə demək olar ki, gündəlikdə olan əsas mövzu "Transmilli təhdidlərin qarşısının alınmasında və insan haqlarının qorunmasında ATƏT-in rolu"na həsr olunacaq. Biz Azərbaycan nümayəndə heyəti olaraq bu sessiyaya qatılacaq və müzakirə olunan bütün məsələlər ətrafında ölkəmizin mövqeyini ifadə edəcəyik.
- Yeri gəlmişkən, ATƏT PA Azərbaycanda prezident seçkilərini müşahidə etməmək haqqında əvvəlki qərarına yenidən baxdı və ölkəmizə müşahidəçi qrupunun göndərilməsinə razılıq verdi. Bunu necə qiymətləndirirsiniz?
- Şübhəsiz ki, ATƏT PA-nın bu qərarını müsbət dəyərləndirirəm. Xatırladım ki, Milli Məclis hələ bir neçə ay öncə ATƏT PA-na seçkiləri izləmək üçün dəvət məktubu göndərmişdir. Biz çox maraqlıyıq ki, ATƏT kimi bütün nüfuzlu beynəlxalq təşkilatlar ölkəmizdə keçirilən seçkiləri yaxından izləsin və ona obyektiv qiymət versin.

ATƏT PA-nın müşahidə missiyası göndərməmək haqqında olan əvvəlki qərarı seçkilərin keçiriləcəyi tarix rəsmi şəkildə elan edilməzdən əvvəl verilmişdir. Belə bir yanaşma var idi ki, ATƏT PA payız sessiyasnın prezident seçkiləri ilə eyni tarixə, 13-15 oktyabra təsadüf etməsi seçkiləri müşahidə etməyə çətinlik yaradacaq. Lakin sonralar bildiyiniz kimi, 16 oktyabr Qurban bayramına təsadüf etdiyindən seçkilər 9 oktyabra təyin edildi və beləliklə, ATƏT PA əvvəlki qərarına yenidən baxdı və müşahidəçi missiyasının göndərilməsi məsələsi müsbət həll edildi.


Teqlər:





Xəbər lenti