Yeni müdafiə nazirimiz - ARAYIŞ
6 iyun 1959-cu ildə Astara rayonunda anadan olub. 1980-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib, həmin ildən 1985-ci ilədək Almaniyada yerləşən Sovet Ordusu sıralarında xidmət edib.
1985-ci ildən 1993-cü ilədək SSRI Müdafiə Nazirliyinin Sibir Hərbi Dairəsinin Altay Hərbi Komissarlığında çalışıb. 1993-2003-cü illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş Idarəsində xidmət edib, daha sonra Dövlət Sərhəd Xidmətinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsinə irəli çəkilib.
Azərbaycan Respublikası Prezidentinin 17.01.2003-cü il tarixli 1130 N-li Sərəncamı ilə Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı vəzifəsinə təyin edilib, 17.05.2003-cü il tarixli 869 N-li Fərmanı ilə isə general-mayor, 06.05.2005-ci il tarixli 802 nömrəli Sərəncamı ilə general-leytenant ali xüsusi rütbəsi verilib.
Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 16.08.2002-ci il Sərəncamı ilə “Hərbi xidmətlərə görə“ medalı, 30.06.2004-cü il tarixli 294 N-li Sərəncamı ilə “Azərbaycan Bayrağı“ ordeni ilə və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirinin 15.12.1998-ci il tarixli 0294 N-li əmri ilə “Sərhəddə fərqlənməyə görə“ medalı ilə təltif edilib.
Oktyabrın 22-də Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə general-polkovnik rütbəsi alıb.
Ailəlidir. İki övladı var.