Korrupsionerlərin işi məhkəmədə

Korrupsionerlərin işi məhkəmədə
  06 Mart 2013    Oxunub:1615
Balakən rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin vəzifəli şəxsləri barəsində olan cinayət işi baxılması üçün məhkəməyə göndərilib.
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Balakən rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktor müavini Əfqan Əliyevin rayonun Talalar kənd sakinindən ünvanlı dövlət sosial yardımı təyin edilməsi müqabilində 400 manat məbləğində rüşvət tələb etməsi barədə sonuncunun müraciəti üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Ə.Əliyev vətəndaşdan həmin məbləğdə pulu rüşvət kimi alarkən cinayət başında yaxalanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Azvision.az-a verilən məlumatda bildirilir ki, həmin fakta görə Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə aparılmış istintaqla müəyyən edilib ki, Ə.Əliyev 2009-2010-cu illərdə rayonun 200 sakininə 567 min 293 manat məbləğində ünvanlı sosial yardımın təyin edilməsi barədə yalan məlumatlar daxil edilmiş qərarları imzalayıb və həmin saxta qərarlar əsasında mühasibat uçotu sektorunun müdiri, eyni zamanda baş mühasibi Kəmalə Əsədullayeva və məsləhətçisi Təranə Tinatiyeva tərəfindən 606 min 987 manat məbləğində külli miqdarda pul vəsaitləri mənimsəmə və israf etmə yolu ilə talanaraq dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulub.
Bundan başqa, Kəmalə Əsədullayeva 2008-2010-cu illərdə Təranə Tinatiyeva və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək ünvanlı dövlət sosial yardımı almaq üçün müraciət etmiş 200-dən artıq rayon sakinin hesablarından məbləğlərin 110 nəfərin hesabına köçürülməsinə və nağdlaşdırılıb çıxarılmasına nail olaraq 1 milyon 130 min 348 manat məbləğində külli miqdarda pulu mənimsəmə və israf etmə yolu ilə təkrarən talayıb.
Cinayət işi üzrə Əfqan Əliyev Cinayət Məcəlləsinin 308.2 (vəzifədən sui-istifadə etmə) və 311.1-ci, Kəmalə Əsədullayeva Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) və 313-cü (vəzifə saxtakarlığı), Təranə Tinatiyeva Cinayət Məcəlləsinin 179.3.2 və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham elan edilib.
Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.



Teqlər:





Xəbər lenti