Lerik və Yardımlı qar əsarətində

Lerik və Yardımlı qar əsarətində
  06 Mart 2013    Oxunub:1768
Güclü qar nəticəsində Lerikdə 17, Yardımlıda isə 10 kəndin elektrik enerjisi kəsilib
Martın 5-i axşamdan başlayaraq Lerik və Yardımlı rayonlarına güclü qar yağıb. Qarın ağırlığına tab gətirməyən elektrik dirəkləri aşıb. Nəticədə Lerikin 17, Yardımlının isə 10-a yaxın kəndinə elektrik enerjisinin verilişi dayandırlıb. Hər iki rayonun elektrik şəbəkələrinin əməkdaşları yaşayış məntəqələrinin enerji ilə təmin edilməsi istiqamətində iş aparırlar.

Güclü qar Lənkəran-Lerik yolunda bir neçə yerdə uçqunlara da səbəb olub. Çətinliklər əsasən yolun 17-ci kilometrliyində qeydə alınıb. Belə ki, burada iri qaya parçasının yola düşməsi nəticəsində magistralda nəqliyyatın intensiv hərəkətində məhdudiyyətlər yaranıb. Hazırda 43 saylı Yol İstismar İdarəsinin əməkdaşları torpaq və qaya parçalarını yoldan təmizləməklə məşğuldurlar.

Lerik və Yardımlı rayonlarının mərkəzində qarın hündürlüyü 30, ucqar dağlıq ərazilərdə isə 40 sm-ə çatır. Bölgədə hazırda qarın intensiv yağması davam edir. Sinoptiklər isə belə hava şəraitinin martın 7-də davam edəcəyini proqnozlaşdırır.


Teqlər:  





Xəbər lenti