Şeyxin qudası: “Məni şantaj edirlər…”

Şeyxin qudası: “Məni şantaj edirlər…”
  17 Dekabr 2013    Oxunub:1064
Millət vəkili, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qudası hacı Qalib Salahzadə “POSAT” bağ-tikinti kooperativinin 28 nəfər üzvünün torpaq şikayətinə aydınlıq gətirib.

Deputat AzVision.az-a açıqlamasında həmin şəxslərin torpaq iddialarının əsassız olduğunu deyərək , bu məsələ ilə bağlı şantaj edildiyini bəyan edib.

Q.Salahzadə kooperativ işçilərinin iddia etdikləri torpaq sahələrinin dünyasını dəyişən nənəsinə aid olduğunu deyib.

“Həmin “POSAT” bağ-tikinti kooperativi 4 hektar yerini paylayıb və bu söhbətin üstündən 25 il keçib. İndi yenidən belə bir məsələ qaldırıblar. Bu barədə məhkəmənin də qərarı var. Mənim bu söhbətlərdən xəbərim olmayıb. 10 gündür ki, xəbər tutmuşam ki, belə bir söhbət var. Həmin yer 30 ildən çoxdur ki, nənəm rəhmətliyin yeridir. Orada ailə yaşayır. Həmin torpağı Zəfəran sovxozu o vaxt verib nənəmə. Özü də ki, şikayət edənlər, 28 yox, 26 nəfərdirlər. Kooperativin əvvəlki sədri hazırda sağdır, Rüstəmov Tofiq, o vaxtı torpağı o paylayıb, öz üzvlərinə, baş mühəndis Ruhi Sadıqovun qolu ilə. Torpaq onların öz işçiləri arasında vaxtikən bölünüb. Bunlar hamısı təşkil olunmuş adamlardır”.

Millət vəkili bu məsələnin arxasında kimlərinsə durduğunu iddia edib.

“Bunlar əvvəlcə Dövlət Əmlak Komitəsini Torpaq Komitəsinin əli ilə məhkəməyə veriblər. Burada çox adam o torpağı özü üçün satmaq istəyir, oyun çıxardırlar. Kimlərsə var bu işlərin dalında. Bilirik ki, təxminən kimdir. Ancaq mənim bunlarla işim yoxdur. Torpaq, məhkəmə, qanun var. Məni heç kim məhkəməyə verməyib. Mənə heç kim heç nə deməyib. Mən bu söhbəti eşidəndən sonra kooperativin əvvəlki sədrini Tofiq Rüstəmovu zəng edib, yanıma çağırdım. Dedim ay qardaş, bu torpağı paylamısınız, indi niyə belə artıq-əskik hərəkət edirsiniz? Bunlar 1976-ci ilin söhbətini edirlər. Adama deməzlər ki, sənin 35 ildir torpağın var, niyə gəlib danışmamısan? Bunlar şantajdır. Ayrı-ayrı adamların təşkil etdiyi bir məsələdir. Nənəmin yeri ilə kooperativ üzvlərinin yerlərinin qonşuluğu var, bir-birinə aidiyyatı yoxdur”-deyə deputat vurğulayıb.

Qeyd edək ki, bu gün yerli mətbuatda “POSAT” bağ-tikinti kooperativinin 28 üzvünün millət vəkili Qalib Salahzadədən Milli Məclisinin sədri Oqtay Əsədova və baş prokuror Zakir Qaralova şikayət etdiyi haqda məlumatlar yayılıb.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti