Komitədən AzVision.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən bir neçə məktəbəqədər təhsil müəssisəsinin ərzaq təminatını həyata keçirən “Bərəkət-77” MMC-yə məxsus Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 23/24 və Sabunçu rayonu, Ə.Məmmədəliyev küçəsi 12 ünvanında yerləşən bazalarında dövlət nəzarəti tədbirləri həyata keçirilib.
Araşdırmalar zamanı müəssisədə standartların tələblərinin kobud şəkildə pozulması aşkar edilib. Belə ki, anbarlarda məhsulların saxlanması zamanı texniki normalara riayət olunmur, saxlanma rejimləri müxtəlif olan məhsullar eyni sahədə və eyni şəraitdə saxlanılır, o cümlədən məhsulların uyğunluq sertifikatları və digər normativ sənədləri mövcud deyil. Bağçalara göndərilən pendirin Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) laboratoriyasında aparılmış sınaqları nəticəsində məhsulda bağırsaq çöpləri prupundan olan bakteriyalar aşkar olunub.
Bu və digər nöqsanlarla bağlı müvafiq akt tərtib olunmuş və 20 adda məhsulun satışı və istehsalı qadağan edilib.