Mingəçevir İES-in yenidən qurulması yekunlaşır - VİDEO

   Mingəçevir İES-in yenidən qurulması yekunlaşır -    VİDEO
  10 İyun 2020    Oxunub:9560
2018-ci ilin iyul ayında qəza baş verən və enerjisistemin çökməsinə səbəb olan Mingəçevir şəhərində yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasında (İES) aparılan yenidənqurma işləri tamamlanmaqdadır.
Bu barədə Azvision.az -a Azərenerji" ASC-nin İctimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev bildirib.

Onun sözlərinə görə, bloklarda güclər 2 dəfəyə qədər artıb: “Hər biri 300 meqavat qoyuluş gücü ilə ayrıca elektrik stansiyası statusunda olan 8 enerji bloku ayrı-ayrılıqda qəzaya qədər 190-250 meqavat güc əldə edə bilirdisə, yenidənqurmadan sonra 300 meqavatdan da artıq güc əldə edilir. Beləliklə bütövlükdə 2400 meqavat qoyuluş gücünə malik elektrik stansiyası yenidənqurmadan əvvəl ümumi olaraq 1680 meqavat güclə işlədiyi halda indi nominal güc bərpa edilib. Qış rejimində isə blokların hər biri gücünü 310-330 meqavata qədər artıra biləcək.



Paralel olaraq, 2018-ci ildə qəza baş verən 330 kilovoltluq yarımstansiya tam yenidən qurulub və 330 kV-luq yeni idarəetmə mərkəzi tikilib. “Azərbaycan” İES-də yerləşən, ölkənin ən böyük yarımstansiyalarından biri olan 500 kilovoltluq yarımstansiyada da yenidənqurma işləri başa çatıb. Bundan başqa su kanalının beton qatı yenilənib, “Qarabağ” kanalının üzərindən əhali üçün yeni körpü tikilərək, yol çəkilib. Həmçinin stansiyanın 6 mərtəbəli mühəndis korpusu tamamilə yenidən qurulub. “Azərbaycan” İES üçün Baş İdarəetmə mərkəzi inşa edilərək ən müasir səviyyədə idarəetmə sistemi qurulub. Bundan başqa elektrik stansiyasının azot-oksigen, hava kompressor sahələrində, yağ və reagent təsərrüfatlarında, kimya sexində işlər başa çatıb.

Ümumilikdə görülən işlər nəticəsində istismar müddətini bitirən Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyasının ömrü ən azı 20 il uzadılır, etibarlıq, dayanıqlıq, səmərəlilik və təhlükəsizlik təmin edilir. Ən əsası 600 meqavatdan artıq “itirilmiş” güc bərpa olunur. “Azərbaycan” İES-in yenidən qurulması artıq başa çatmaq üzrədir və hazırda son tamamlama və yoxlama işləri həyata keçirilir”.

Azvision.az


Teqlər: Mingəçevir   İES  





Xəbər lenti