Paytaxtda daha bir küçə təmir edildi
Sözügedən küçə Biləcəri qəsəbəsinin əsas yollarından biri hesab olunur və qəsəbə sakinlərinin Binəqədi-Biləcəri avromobil yoluna, o cümlədən şəhər mərkəzinə və Sumqayıt şəhəri istiqamətinə rahat gediş-gəlişini təmin edir. Küçə uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunması nəticəsində yol boyu çalalar və torşəkilli çatlar əmələ gəlmişdi. Bu isə gediş-gəlişdə problemlərə səbəb olurdu.
Vətəndaşların rahat gediş-gəlişini təmin etmək üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ümumi uzunluğu 2.5 km, eni isə 12 metr olan yol boyu tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllıqla yenidənqurma və bərpa işləri həyata keçirdi. Aparılan işlər çərçivəsində köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, köhnə səki daşları sökülüb, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılıb, əks-dolğu işləri görülüb və hamarlayıcı lay asfalt-beton örtüyü döşənib.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən daha sonra yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülüb. Asfaltlanma işləri ümumilikdə 30 min kv.m-dən artıq sahəni əhatə edib. Bundan başqa aparılan yenidənqurma zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanaliasiya sistemi də bərpa olunub, 26 yağış barmaqlıqları quraşdırılıb, kommunikasiya xətlərinin 80 baxış qapağı yenisi ilə əvəz olunub, 1900 kv.m sahədə yol birləşmələri təmir edilib.
Bütün işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılıb. Təmir-tikinti işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Azvision.az