5 ayın iqtisadi göstəriciləri: Artım davam edir - ŞƏRH
Komitə sədri hazırki statistik nəticələri açıqlayaraq bildirib: “Artan göstəricilər: Dövlət büdcəsi gəlirlərin 17%, qeyri-neft sənayesinin 14%, aqrar sektorda istehsalın 3.6%, o cümlədən bitkiçilikdə məhsul istehsalının 5.3%, heyvandarlıqda məhsul istehsalının 3.2%, iqtisadiyyata kredit qoyuluşlarının 16.4% artması indiki bu çətin şəraitdə mühüm nailiyyətdir. Eyni zamanda inflyasiyanın 2.9% olması və orta aylıq əmək haqqının artaraq 740 manata çatması əhalinin maddi rifahının artması baxımından yaxşı göstəricidir. Azalan göstəricilər: Ümumi Daxili Məhsulun 1.7%, qeyri-neft sektorunun 2.1%, pərakəndə ticarət dövriyyəsinin 0.7%, idxalın 26.7%, ixracın 25.3%, yük daşımalarının 10.3%, sərnişin daşımalarının isə 24% azalması pandemiya şəraitinin gözlənilən təsirinin nəticəsdir. İxracda azalma əsasən neft qiymətlərinin azalması hesabına baş vermişdir”.
T.Mirkişili qeyd edib ki, mövcud şəraitin iqtisadiyyata mənfi təsir edəcəyi bütün dünyada müşahidə edilir: “İndi əsas məsələ pandemiya şəraitinin iqtisadiyyata təsirlərinin həcmi və dinamikasıdır. Müqayisə üçün qeyd edim ki, Avropa Birliyində 2-cü rüb üzrə Ümumi Daxili Məhsulun 14% azalması gözlənilir. Dünya Bankının bir-neçə gün öncə açıqladığı yeni hesabatında (Global Economic Prospects) 2020-ci ildə Azərbaycanda ÜDM-in 2.6% azalacağı proqnozlaşdırılır. Müqayisə üçün deyim ki, 2020-ci ildə Rusiyada ÜDM-in 6%, Gürcüstanda 4.8%, Qazaxstanda 3%,Türkiyədə 3.8% azalacağı proqnozlaşdırılır. İstənilən halda bu ilin 5 ayının nəticələrinə görə Azərbaycan iqtisadiyyatının əsas iqtisadi artım və məşğulluğu təmin edən mənbələrin, yəni qeyri-neft sənayesi, kənd təsərrüfatı məhsul istehsalında mühüm irəliləyişlərin müşahidə olunması dövlətin gördüyü tədbirlərin effektiv olmasını göstərir”.
Milli Məclisin komitə sədri əlavə edib ki, beynəlxalq bazar konyunkturasından asılı olan və Azərbaycan dövlətinin atdığı addımlardan asılı olmayan sahələrdə (neftin qiymətinin, ixrac qiymətlərinin azalması, yük daşımalarda azalma və s.) azalmalarının olması təbiidir və gözləniləndir:
“Büdcə gəlirlərini artması, proqnozdan əlavə 500 milyon manat vəsaitin büdcəyə daxil olması əhalinin maddi rifah halına əsas təsir edəcək sosial xərclərin icrası üçün mühüm maliyyə zəmini yaratmadadır. Bu ilin büdcəsinin də ən böyük hissəsi (40%-ə yaxın) zatən sosial xərclərdir. Inflyasiyanın minimum həddə olması və orta aylıq əmək haqqının artması da mühüm sosial-iqtisadi nəticədir. İqtisadiyyatın ən çox islahatlara məruz qalan sahələrində indiki şəraitdə belə artımın qeydə alınması, ÜDM-də azalma tempinin az olması onu deməyə imkan verir ki, Azərbaycanın pandemiya böhranından minimum itkilərlə çıxmağa iqtisadi imkanları mövcuddur”.
Azvision.az
Teqlər: Tahir-Mirkişili