“Azərbaycan unikal potensiala malikdir” - Florian Zenqstşmid
Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid vebinarda çıxış edərək son illərdə qlobal turizmdə aqroturizm və ekoturizmin əhəmiyyətinin artmasını, eləcə də post-pandemiya dövründə aqroturizm kimi yeni turizm növlərinə daha çox ehtiyac yaranacağını, regionlarda aqroturizmin inkişafı istiqamətində müəyyən addımlar atıldığını, bu sahənin inkişafı üçün ölkəmizin potensialının unikal və geniş olduğunu bildirib.
O, Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi kənd turizminin inkişafının prioritetlərdən biri olduğunu vurğulayıb. Florian Zenqstşmid əlavə edib ki, Azərbaycanda turizmin müxtəlif növlərini, o cümlədən regional turizmi inkişaf etdirməklə dayanıqlı turizmə nail olmaq qarşıda duran əsas məqsəddir.
F. Zenqstşmid Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən regionların turizm potensialının daha effektiv istifadəsi üçün artıq 4 Destinasiya Menecmenti Təşkilatının fəaliyyət göstərdiyini deyib. O qeyd edib ki, yeni idarəetmə modeli olaraq DMT-lər yerli səviyyədə dövlət-özəl sektor tərəfdaşlığında mühüm rol oynayırlar.
Eyni zamanda kiçik və orta sahibkarlığa dəstək verilməsi, müvafiq təlimlərin keçirilməsi, yerləşmə yerlərinin standartlara uyğunlaşdırılması, iş yerlərinin yaradılması, qadınların, az təminatlı şəxslərin kənd turizmində rolunun artırılması kimi məqamların əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC-nin Layihələrin idarəolunması şöbəsinin müdiri Zaur Bayramov “Şəhərdən kəndə” layihəsi haqqında məlumat verərək bildirib ki, layihə yerli və xarici turistləri kənd yerlərinə cəlb etməklə fermerlər və aqro-sahibkarlar üçün alternativ satış kanalı və gəlir mənbəyi əldə etmək, məhsullarını birbaşa təklif etmək imkanı tanıyır.
Amerikalı turistlərin Azərbaycan kəndlərinə qastronomiya turlarının təşkilatçılığı ilə məşğul olan Fəridə Buyuran Xınalıq, Kiş, Nic və bu kimi özünəməxsus kəndlərə böyük maraq göstərildiyini, məhz etnik müxtəlifliyin, adət-ənənələrin fərqliliyinin, müasir təsirlərdən uzaq qalan kəndlərin unikallığının Azərbaycanda kənd turizminin inkişafı üçün əsas amillərdən biri olduğunu vurğulayıb.
USAID-in Azərbaycanda özəl sektora dəstək üzrə yeni "Private Sector Activity" (PSA) layihəsinin əməkdaşları Elşən Baloğlanov və Fuad Ağayev USAID-in Azərbaycanda aqroturizmin inkişafına verə biləcəyi mümkün dəstək mexanizmləri, mövcud risklər və onların aradan qaldırılması üçün standartlaşmanın vacibliyi kimi mövzular barəsində məlumat veriblər.
Sonda vebinar iştirakçılarının sualları cavablandırılıb.
Azvision.az