Kürdəmir-Zərdab yolu yenidən qurulur

Kürdəmir-Zərdab yolu yenidən qurulur
  19 İyun 2020    Oxunub:2954
Respublika əhəmiyyətli Ağsu–Kürdəmir–Bəhrəmtəpə avtomobil yolunun 53-cü km-dən ayrılan Zərdab avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən işlər sürətlə davam etdirilir.
Agentlikdən Azvision.az -a bildirilib ki, 42 km uzunluğa malik olan avtomobil yolu uzun illər təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən asfalt-beton örtüyündə aşınmalar, tor şəkilli çatlar və bəzi hissələrdə çökmələr əmələ gəlmişdi.

35 min nəfər əhalinin yaşadığı 24 yaşayış məntəqəsini birləşdirən Zərdab avtomobil yolunda aparılan torpaq işləri artıq yekunlaşıb. Belə ki, yol boyu yeni yol yatağı inşa edilib. Bunun üçün yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri görülüb. Bunun ardınca layihədə nəzərdə tutulmuş qarışıq və qalınlıqda yol əsasının işlənilməsi işləri də aparılıb.

Mövcud suötürücü boruların sınmış və ya çökərək yararsız vəziyyətdə olduğundan aparılan işlər çərçivəsində müxtəlif diametrli yeni suötürücü borular, həmçinin kollektor su keçdiləri inşa olunub.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, hazırda yol boyu əlaqələndirici bitum səpilməklə yola asfalt-beton örtüyü döşənir. Asfaltlanma işləri 250 min kv.m-dən çox sahəni əhatə edəcək.

Təbii ki, layihənin sonunda avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün siqnal dirəkləri, km göstəriciləri, yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yol xətlənməsi işləri aparılacaq, yol birləşmələri təmir ediləcək, 41 ədəd avtobus dayanacağı qurulacaq.

Respublika əhəmiyyətli Ağsu–Kürdəmir–Bəhrəmtəpə avtomobil yolunun 53-cü km–dən ayrılan Zərdab avtomobil yolunun yenidən qurulması ilə Kürdəmir və Zərdab rayonları arasında nəqliyyat əlaqəsinin yaxşılaşdırılması, yol boyu yaşayan vətəndaşların hər iki rayon istiqamətində rahat hərəkətinin təmin olunması, yük və sərnişin daşımasının yaxşılaşması ilə ərazi boyu kənd təsərrüfatının inkişafı hədəflənir.

Azvision.az



Teqlər: AAYDA  





Xəbər lenti