145 mindən çox vergi ödəyicisi dövlətdən yardım istəyib
Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 264 min 407 işçini əhatə edən 28 min 599 vergiödəyicisi müraciət edib. İndiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 96,12 milyon manat, o cümlədən 2-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi (50 faiz) 48,06 milyon manat təşkil edir. İyunun 18-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 23 min 912 vergiödəyicisinə 204 min 763 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 92,41 milyon manat, o cümlədən, 2-ci ay üzrə ödənilmiş vəsaitin məbləği (50 faiz) 44,63 milyon manat vəsaitin köçürülməsi təmin olunub.
Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 116 min 415 vergiödəyicisindən müraciət daxil olub, 108 min 719 müraciət araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 62,64 milyon manat təşkil edir. İyunun 18-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən artıq 61,38 milyon manat vəsaitin 104 min 456 fərdi (mikro) sahibkarın bank hesabına köçürülməsi təmin edilib.
Qeyd edək ki, maliyyə dəstəyi proqramı çərçivəsində müraciətlərin nəticəsi və vəsaitin bank hesabına köçürülməsi barədə bildiriş vergiödəyicilərinin İnternet Vergi İdarəsindəki (www.e-taxes.gov.az) elektron kabinetlərinə və SMS şəklində mobil telefonlarına göndərilir. Yaranan suallarla bağlı vergiödəyiciləri Dövlət Vergi Xidmətinin “195” Çağrı mərkəzinə və uçotda olduqları yerli vergi orqanlarına müraciət edə bilərlər. Pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və onların cavabları, maliyyə dəstəyi almış vergiödəyicilərinin mütəmadi olaraq yenilənən siyahısı, eləcə də digər faydalı məlumatlarla aşağıdakı linklərdən istifadə etməklə tanış ola bilərsiniz.
Ətraflı:
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi: https://bit.ly/3c7VAAt
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti: https://bit.ly/2VlICZ7
Azvision.az
Teqlər: Sahibkar Yardım Dəstək