Manatın real effektiv məzənnəsi ən yüksək həddə çatıb

 Manatın real effektiv məzənnəsi ən yüksək həddə çatıb
  22 İyun 2020    Oxunub:3276
Pandemiya dövründə Azərbaycan manatı regionun digər valyutaları ilə müqayisədə devalvasiyaya uğramadı. Region valyutalarının devalvasiyası fonunda manatın sabitliyinin qorunması önəm kəsb edir.
Azvision.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, bu il devalvasiya olsaydı, əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir göstərəcəkdi.

“Manatın sabitliyi buna imkan vermədi. Biz əksinə manatın real effektiv məzənnəsinin bahalaşmasını müşahidə edirik. Son 5 ildə manatın real effektiv məzənnəsi ən yüksək həddə çatıb. Manatın məzənnəsinin sabitliyi təkcə əhalinin maraqları üçün deyil, bütövlükdə maliyyə-bank sektoru üçün əhəmiyyətlidir.

Aprel ayında biz neftin qiymətinin 20 dollardan aşağı düşdüyünü gördük, buna baxmayaraq, Azərbaycan iqtisadiyyatı öz dayanıqlılığını qoruya bildi və pandemiyanın təsirlərinin minimuma endirilməsi barədə tədbirlər öz sözünü dedi”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Manat   Devalvasiya   Pandemiya  





Xəbər lenti