Orqanik və orqanik olmayan qida məhsullarının fərqi

Orqanik və orqanik olmayan qida məhsullarının fərqi
  27 İyun 2020    Oxunub:5725
Müasir dünyada əsas vəzifələrdən biri təbii ehtiyatlardan səmərəli və uzun müddət istifadə etmək, ətraf mühiti və torpağı çirklənmədən qorumaqla ekosistemdə harmoniyanı saxlamaq və ekoloji təmiz məhsul istehsal etməkdən ibarətdir. Lakin dünya əhalisinin sayını və artım sürətini nəzərə alaraq, ərzaq məhsullarına artan tələbatın ödənilməsini ekoloji təmiz məhsul istehsalı ilə qarşılamaq mümkün deyil.
Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Azvision.az -a verilən məlumata görə, kənd təsərrüfatında sənayeləşmənin baş verməsi, aqrokimyəvi maddələrdən qeyri-rasional istifadə təhlükəsiz qida istehsalı ilə əlaqədar narahatlıqlar doğurur. Qida təhlükəsizliyi bugünkü cəmiyyətdə ərzaq təhlükəsizliyi və insan sağlamlığı baxımından ən vacib məsələlərdən biridir. Bu sahədə aparılan tədqiqatların əksəriyyəti təhlükəsiz qida əldə etmək məsələlərinə yönəldilib. Orqanik əkinçilik təhlükəsiz qida əldə etməyin yollarından biridir.

Orqanik və ya ekoloji təmiz qida məhsulları tərkibində zərərli maddələrin miqdarı adi məhsullara nisbətən dəfələrlə az olan qida məhsullarıdır. Orqanik qida məhsulları yetişdirilməsində süni gübrələrin, həşərat dərmanlarının, hormonların, antibiotiklərin, boyaların, kimyəvi maddələrin və qablaşdırma vasitələrinin istifadə olunmadığı məhsullardır. Həmin qidalar bitki və heyvan mənşəli olmaqla iki qrupa bölünür.

Orqanik qida məhsulları istehsalında hormon və gübrələrdən az istifadə olunduğu üçün torpağın mineral baxımdan zəngin olması əsas şərtlərdən biri hesab edilir. Məhz buna görə orqanik qida məhsulları mineralı az olan və gübrəli torpaqlarda yetişən məhsullardan daha dadlı olur. Orqanik qida məhsullarının yetişdirildiyi əkin sahələri ətraf mühit üçün daha faydalı hesab olunur. Belə əkin sahələrində torpağın münbitliyi artır, eroziyası azalır, suya daha çox qənaət edilir, ətraf mühitin çirklənməsi azalır. Pestisiddən istifadə olunmayan əkin sahələri ətraf ərazilərdə yaşayan əhali üçün, o cümlədən quşlar və heyvanlar üçün daha təhlükəsiz hesab olunur.

Orqanik qida məhsulları ilə orqanik olmayan qida məhsulları arasındakı fərqi göstərən cədvəl:





Orqanik qida məhsulları istehlakının faydaları

Antioksidant tərkibli olması

Orqanik qida məhsullarının tərkibində faydalı antioksidantların miqdarı çox, digər zərərli maddələrin miqdarı isə minimum səviyyədə olur. Həmin məhsulların istehlakı zamanı orqanizmə daxil olan antioksidantlar ürək-damar xəstəliklərinin, görmə problemlərinin və erkən qocalmanın qarşısının alınmasında faydalı hesab olunur.

Ətraf mühitə təsiri

Orqanik qida məhsullarını yetişdirərkən əkin sahələrində hormon və gübrələrdən az istifadə edildiyi üçün torpağın mineral baxımdan zəngin qalması ətraf mühit üçün faydalıdır. Ona görə də orqanik məhsullar, həmçinin ekoloji təmiz məhsullar hesab edilir.

Orqanik bitki məhsullarının tərkibi quru maddələr və minerallarla (Fe, Mg) zəngindir. Həmçinin fenollar və salisilik turşusu kimi daha çox antioksidant mikroelementlər ehtiva edir. Orqanik olaraq yetişdirilən qidalarda pestisid qalıqlarına demək olar ki, rast gəlinmir (94-100 faiz pestisidsiz). Tərəvəzlərdə nitratların miqdarı ənənəvi becərmələrlə müqayisədə təxminən 50 faiz azdır. Orqanik dənli, taxıl bitkilərində mikrotoksinlərin miqdarı ənənəvi ilə müqayisədə eyni miqdarda olduğu müşahidə edilmişdir. Orqanik yetişdirilmiş bəzi meyvə-tərəvəzlərdə (çiyələk, şaftalı, armud, kartof, pomidor və brokkoli) C vitamininin miqdarının orqanik olmayanlarla müqayisədə daha yüksək olduğu müşahidə edilmişdir.

Orqanik yetişdirilən inəklərdən əldə edilən ət məhsulu daha çox doymamış yağ turşularına malikdir. Hollandiya, İngiltərə, Danimarka və ABŞ-da südlə əlaqədar aparılan tədqiqatlar, orqanik olaraq yetişdirilən heyvanların südündə ənənəvi sistemlərdən alınan südlə müqayisədə linoleik turşusu (CLA) və Omeqa 3-ün daha yüksək olduğunu göstərir.

Orqanik qida məhsullarının satışını həyata keçirmək üçün dünyada və ölkəmizdə marketlər şəbəkəsi fəaliyyət göstərir. Orqanik məhsulları, ənənəvi və sənayeləşdirilmə üsulu ilə yetişdirilmiş və ya emal edilmiş qida məhsullarından fərqləndirmək üçün üzərinə “orqanik” etiketi vurulur.

Bütün bunları nəzərə alaraq, orqanik məhsulların C vitamini, fenolik birləşmələr, mineral maddələrlə və antioksidantla zəngin olduğuna görə sağlam qidalanma baxımından daha xeyirlidir.

Azvision.az


Teqlər: AQTA   Qida  





Xəbər lenti