“Avropada karantinin yumlaşdılması iqtisadi faktorla bağlıdır” - Vüqar Bayramov
Onun sözlərinə görə, Azərbaycan ilk növbədə vətəndaşların sağlamlığını önə çəkir: "Prezident İlham Əliyev çıxışlarında qeyd etmişdi ki, Azərbaycan vətəndaşlarının sağlamlığının qorunması birinci hədəfdir və həyata keçirilən siyasətin məqsədi ondan ibarətdir ki, pandemiyanın vətəndaşların sağlamlıqlarına təsirlərini minimallaşdırmaq mümkün olsun. Digər ölkələrin, xüsusən Avropa ölkələrinin təcrübəsində pandemiya dövründə müəyyən stabilləşməyə nail olunduqdan sonra yenidən iqtisadiyyatın açılımı həyata keçirildi. Bu da təbii ki, iqtisadi faktorla bağlı idi. Sonra yenidən həmin ölkələrdə yoluxma sayının artmasını müşahidə etdik. Nəticədə Avropa ölkələri bir sıra məhdudlaşdırıcı tədbirləri yenidən tətbiq etmək məcburiyyətində qaldılar".
Deputat bildirib ki, növbəti dövrdə pandemiyanın təsirlərinin minimallaşdırılması vətəndaşların bu qaydalara hansı səviyyədə əməl etməsindən asılı olacaq.
"Xüsusən də tibbi maskalardan istifadə edilməsi, sosial məsafənin gözlənilməsi çox vacibdir. Son iki həftədə Azərbaycanda pandemiyaya yoluxanların sayı 50 faiz artıb. ÜST-ün qiymətləndirməsi göstərir ki, əgər vətəndaşlar tibbi maskalardan istifadə edərsə, o zaman yoluxma riski 1,5 faizə qədər enə bilər. Bu da pandemiya qarşı mübarizə baxımından çox effektlidir. Növbəti aylarda pandemiyanın təsirlərinin minimuma endirilməsi hər bir vətəndaşın koronavirusa qarşı aparılan mübarizə tədbirlərinə daha yaxından dəstək verməsini tələb edir. Pandemiya qarşı mübarizədə həmrəylik çox önəmlidir".
V.Bayramov, həmçinin qeyd edib ki, əvvəlki dövrlərdə ölkəmizdə həyata keçirilən siyasətə həmrəylik müşahidə edilib.
"Bu həmrəylik davam edir. Bir sıra hallarda istisna olaraq qaydaların gözlənilməməsi və bəzi vətəndaşlar tərəfindən qaydalara etinasız yanaşılması diqqətdən yayınmır. Hər birimizin bu qaydalara əməl etməsi vacibdir. Çünki biz tətbiq olunan qaydalara əməl etməklə yalnız özümüzü deyil, yaxınlarımızın, qohumlarımızın, bütövlükdə cəmiyyətimizin sağlamlığına töhfə vermiş oluruq. Pandemiya yoluxma sayının azalması hər birimizin sosial təcrid qaydalarına əməl etməyimizdən asılıdır. Artıq pandemiya iqtisadi məsələdir, qlobal və milli iqtisadiyyatlara mənfi təsir göstərir. Sosial təcrid qaydalarına əməl edəriksə, bu, karantin dövrünün qısadılmasına, iqtisadi aktivliyin bütün sektorlarda bərpa edilməsinə gətirib çıxara bilər".
Azvision.az
Teqlər: Karantin Koronavirus