Yanlış transfer siyasəti

Yanlış transfer siyasəti
  01 Fevral 2014    Oxunub:1326
Futbol üzrə Topaz Premyer Liqasında 2013/14 mövsümünün XVIII turunun başa çatması ilə qış fasiləsinə start verildi. Komandalarımızdan yalnız ikisi - paytaxtın AZAL və “Sumqayıt” kollektivi ölkə xaricinə üz tutmadı. Digər səkkiz klub isə təlim-məşq toplanışını Azərbaycandan kənarda keçirdi.
Əslində mən, komandalarımızın hazırlığından deyil, bu müddət ərzində heyətə qatılan yeni futbolçulardan danışmaq istəyirəm. Daha doğrusu klublarımızın transfer siyasətindən danışmaq niyyətindəyəm. Düzdür, Azərbaycan Premyer Liqasının iştirakçıları heyətlərini gücləndirməyə çalışdırdılar. Lakin buna heyəti gücləndirmək yox, daha çox genişləndirmək demək olar.

Bəzi iddialı komandalar bu heyətlə çempionatda mükafatçılar sırasına düşə bilərlər. Ancaq qitəmiqyaslı turnirlərdə uzaqbaşı 1-2 mərhələ keçmək olar. Hansı ki, hər mövsüm başa çatanda həm klub rəhbərləri, həm də məşqçilər qrup mərhələsindən dəm vururlar.

Ölkəmizi qitəmiqyaslı turnirlərdə təmsil edəcək komandalarımızın adları mövsümün sonunda bilinəcək. Həmin vaxt klub rəhbərləri və məşqçilər düşəcəklər əlimyandıya. Bir-birlərinə belə bir sualla müraciət etməyə başlayacaqlar: komandanın gücünə güc qatacaq kimi transfer etmək olar? Deyək ki, hansısa futbolçunu heyətinə qatdın. Bəs həmin futbolçu komandaya nə vaxt uyğunlaşacaq? Bu, vaxt aparmayacaq? Bəs bu sualı kimə ünvanlayaq?

Təbii ki, söhbət iddialı, mövsümün yekunlarına əsasən mükafatçılar sırasına düşməyi qarşıya məqsəd qoyan komandalardan gedir. Bəs niyə avrokuboklara indidən hazırlaşmayaq? Guya ki, komandalarımızın əksəriyyəti indidən elə bir heyətə malikdirlər ki, qarşıdakı mövsümdə ya Çempionlar Liqasının, ya da Avroliqanın qalibi olacaqlar. Bəlkə səhvim var? Qrup mərhələsinə vəsiqə qazanmağı bacarsaz, mən də mövzunu dəyişəcəm. Söz verirəm.

Ölkəmizə Yuri Syomin və Mustafa Dənizli kimi mütəxəssisin gəlməsinə mən də sevinirəm. Əvvəlcə düşünürdüm ki, həmin məşqçilər tanınmışlardan, ya da Avropanın aparıcı çempionatlarında təcrübə qazanan futbolçulardan kimisə Azərbaycana gətirəcəklər. Rusiyalı məşqçi daha çox Ukraynada legioner həyatı yaşayan oyunçulara üstünlük verir. Dənizlinin baş məşqçisi olduğu “Xəzər-Lənkəran” isə bir müddət Necati Ateş və İbrahim Toraman kimi futbolçuları rənglərinə bağlayacaqını açıqlasa da, hələlik ortada bir şey yoxdur. Transfer pəncərəsinin bağlanmasına elə də çox vaxt qalmayıb. Zamanı saxlamaq isə mümkünsüzdür.


Teqlər:





Xəbər lenti