Fransada həbsxanalara hücum olub

Fransada həbsxanalara hücum olub
  15 Aprel 2025    Oxunub:372
Aprelin 15-nə keçən gecə Fransada bir neçə həbsxanaya eyni vaxtda hücum edilib. Ədliyyə naziri Jerald Darmanen bildirib ki, “həbsxanalarda avtomobillərin yandırılmasından tutmuş avtomatik silahlarla atəşə tutulmasına qədər əməkdaşları qorxutmaq cəhdləri baş verir”
AzVision.az “BFMTV” telekanalına istinadən xəbər verir ki, görə, ötən gecə Lyuine (Buş-dyu-Ron departamenti) və Valans (Drom departamenti) həbsxanalarının yaxınlığındakı dayanacaqda avtomobillər yandırılıb. Tulonda (Var departamenti) naməlum şəxslər Kalaşnikov avtomatından yerli həbsxananın darvazalarına atəş açıblar.

Bundan əlavə, Paris ətrafındakı Nantere (O-de-Sen departamenti) və Vilpente (Sen-Sen-Deni departamenti) və Nims şəhərində (Qard departamenti) həbsxanalara ziyan dəydiyi bildirilir.

Həmçinin Marseldə də bir neçə avtomobilin yandırıldığı açıqlanıb. Hücum edənlər onların yanında DDPF yazısını qoyublar - bu abbreviatura “Fransız məhbusların hüquqları uğrunda (Droit des prisonniers français)” mənasını verir.

Telekanalın mənbələrinin iddiasına görə, həbsxanalara hücumlar əlaqələndirilmiş şəkildə həyata keçirilib. Onların fikrincə, silsilə hücumlar Fransa hakimiyyətinin narkotik vasitələrin qeyri-qanuni alverçilərinin yerləşdirilməsi üçün maksimum təhlükəsizlik rejiminə məxsus həbsxanaları tikmək planlarına cavabdır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Fransa   həbsxanalar   hücum  





Xəbər lenti