Soçidə `Azərbaycan günü`ndən FOTOLAR

Soçidə `Azərbaycan günü`ndən FOTOLAR
  09 Fevral 2014    Oxunub:1743
Soçidə "Bakı-2015" birinci Avropa Oyunları ilə bağlı mətbuat konfransı və "Azərbaycan günü" keçirilib.

Fevralın 8-də Soçidə "Bakı-2015" birinci Avropa Oyunları ilə bağlı mətbuat konfransı keçirilib.

AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, mətbuat konfransında Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki və AOK-un icraedici komitəsinin üzvü Spiros Kapralos iştirak ediblər.

AOK-un prezidenti Patrik Hikki mətbuat konfransını açaraq Bakıda birinci Avropa Oyunlarına hazırlıq işlərinin yüksək səviyyədə görüldüyünü diqqətə çatdırıb. Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşündən danışan Patrik Hikki birinci Avropa Oyunlarına hazırlıq işlərinin dövlətimizin başçısının nəzarəti altında aparıldığını vurğulayıb. O, birinci Avropa Oyunlarının yüksək səviyyədə keçiriləcəyinə əminliyini bildirib.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov birinci Avropa Oyunlarına hazırlıq işlərinin sürətlə aparıldığını vurğulayıb. Nazir dörd idman qurğusunun inşa edildiyini diqqətə çatdırıb. A.Rəhimov deyib ki, hazırda Bakıda Olimpiya stadionunun, Su İdman Sarayının tikintisi davam edir.

Bildirildi ki, Gimnastika Mərkəzi bu yaxınlarda istifadəyə veriləcək.
Nazir nəqliyyat, idmançıların yerləşdirilməsi, iştirakçı ölkələrin nümayəndə heyətlərinin təhlükəsizliyinin təmin edilməsi, yarışların təşkili və digər məsələlərlə bağlı genişmiqyaslı işlərin görüldüyünü bildirib.

Sonra jurnalistlərin birinci Avropa Oyunlarında 2016-cı ildə Rio de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarına lisenziya verilməsi, növbəti Avropa Oyunlarına ev sahibliyi edəcək ölkə, "Bakı-2015"ə hazırlıq prosesində könüllülərin iştirakı məsələləri barədə sualları cavablandırılıb.

Fevralın 8-də Soçidə XXII Qış Olimpiya Oyunları çərçivəsində "Azərbaycan günü" də keçirilib.

Tədbirdə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki, Soçi Olimpiadasında iştirakçı ölkələrin milli olimpiya komitələrinin rəhbərləri və digər rəsmi şəxslər iştirak ediblər.

Gənclər və idman naziri Azad Rəhimov tədbiri açaraq Azərbaycanda idmanın və Olimpiya hərəkatının geniş vüsət aldığını, ölkəmizin beynəlxalq idman yarışlarına uğurla ev sahibliyi etdiyini diqqətə çatdırıb. Nazir birinci Avropa Oyunları ilə bağlı görülən hazırlıq işlərindən danışıb, "Bakı-2015"in yüksək səviyyədə keçiriləcəyini bildirib.

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını, bu sahədə yaxşı təcrübə qazandığını, Olimpiya hərəkatına layiqli töhfə verdiyini söyləmişdir. T.Bax Azərbaycanın tarixə birinci Avropa Oyunlarını keçirən ilk ölkə kimi daxil olacağını qeyd edib.

2015-ci ildə Bakıda təşkil olunacaq birinci Avropa Oyunlarına hazırlıq işləri yüksək səviyyədə gedir. Bu sözləri "Azərbaycan günü"ndə çıxış edən Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki demişdir. O, ölkəmizdə yaradılan idman infrastrukturunu yüksək qiymətləndirib, mötəbər yarışa hazırlıqdan məmnunluğunu ifadə edib. Azərbaycanda idmana göstərilən diqqət və qayğı bizi çox sevindirir. İnanırıq ki, Azərbaycan birinci Avropa Oyunlarını yüksək səviyyədə keçirməklə nümunə göstərəcək.

Qalereya




Teqlər:





Xəbər lenti