Bolqarıstanın baş naziri İçərişəhərdə - FOTO
Dünya əhəmiyyətli bu abidənin qorunub saxlanması və mövcud görkəmdə gələcək nəsillərə çatdırılması üçün Prezident İlham Əliyevin tapşırıqları əsasında 2009-2013-cü illərdə Qız qalasında konservasiya işləri aparılmış və yeni muzey ekspozisiyası yaradılmışdır. Konservasiya işlərini Avstriyanın məşhur bərpaçı eksperti, dünyanın müxtəlif yerlərində 400-dən çox abidəni, o cümlədən İçərişəhərdəki Məhəmməd məscidini bərpa edən Erix Pummerin rəhbərliyi altında xarici və yerli mütəxəssislər həyata keçirmişlər. Həmin layihə çərçivəsində görülən konservasiya tədbirlərində başlıca məqsəd tikilinin zahiri görünüşünə xələl gətirmədən təbii dağılma prosesinin və insan amilinin abidəyə əsrlər boyunca vurduğu ziyanın aradan qaldırılması idi. Elmi araşdırmalara əsaslanan bu layihənin reallaşdırılması zamanı müasir texnologiyalardan geniş istifadə edilib. Burada aparılan işlər nəticəsində Qız qalasının təkrarolunmaz görkəmi tam bərpa edilən, bu bənzərsiz abidə yenidən istifadəyə verilmişdir. Milli mənəvi dəyərlərimizin, maddi mədəniyyət abidələrimizin qorunub saxlanmasına və təbliğinə həssaslıqla yanaşan Heydər Əliyev Fondu konservasiya tədbirləri zamanı yaxından dəstəyini, o cümlədən ekoloji məsələlərin həllinə hərtərəfli köməyini əsirgəməyib.
Yaxınlıqdakı Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki ekspozisiya ilə tanışlıq da qonaqlarda böyük maraq doğurmuşdur.
İçərişəhərlə tanışlıq Azərbaycanın geniş tarixi, iqtisadi və mədəni əlaqələrindən xəbər verən, ölkə əhəmiyyətli abidə - Buxara karvansarası ilə davam etdirilib.
Elektromobillə gəzinti zamanı Bolqarıstanın Baş nazirinə və nümayəndə heyətinin üzvlərinə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi-memarlıq abidələri vardır və bunlar qorunub saxlanılır.
Baş nazir Plamen Oreşarski və nümayəndə heyəti Kiçik Qala küçəsində təndir çörəyinə qonaq edilib.
Gəzinti zamanı qonaqlar orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan “Şirvanşahlar sarayı kompleksi” ilə tanış olublar. Məlumat verilib ki, XV əsrin əvvəllərində inşa olunan tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. O, Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür. Kompleks bu günədək öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır.
Dünya əhəmiyyətli memarlıq abidəsi olan Məhəmməd məscidi ilə tanışlıq da böyük maraq doğurub.
Sonra Bolqarıstanın Baş naziri qədim əşyalar, ipək yaylıqlar və xalçalar satılan dükanlarda sənətkarlıq nümunələri ilə tanış olub.
Daha sonra Bolqarıstanın Baş naziri Plamen Oreşarski “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.
Azərbaycan paytaxtının qədim guşəsi ilə tanışlıqdan xatirə olaraq qonağa hədiyyə təqdim edilib.