Husilər Honkonq bayraqlı gəmini vurublar

   Husilər Honkonq bayraqlı gəmini vurublar
  29 Yanvar 2025    Oxunub:502
Yəməndə fəaliyyət göstərən iranyönümlü "Husi" qruplaşmasının terrorçuları Qırmızı dənizdə Honkonq bayrağı ilə şimala doğru üzən konteyner gəmisinə raket zərbəsi endiriblər.
Bu barədə "Diaplous Group" gəmiçilik şirkətindən "Associated Press"ə məlumat verilib. Bildirilir ki, hücum Yəmənin Hüdeydə liman şəhərindən təqribən 225 kilometr açıqlıqda meydana gəlib.

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki Cəbəl Əli limanından Səudiyyə Ərəbistanının Ciddə şəhərinə yollanan gəmidə partlayış nəticəsində böyük yanğın meydana gəlib. Ekipaj üzvləri yaralanmadan gəmidən çıxarılıblar.
Husilər Qırmızı dənizdə hücumları dayandırıblar

"Husi" terrorçuları faktla bağlı hələlik şərh verməyiblər. Xatırladaq ki, onlar ötən həftə İsrail və HƏMAS arasında atəşkəs fonunda Qırmızı dəniz regionunda hücumlarını məhdudlaşdırdıqlarını bildirmişdilər.

"Husi" qruplaşması ötən ilin noyabrından bəri Qəzzada müharibəyə etiraz məqsədilə Qırmızı dəniz regionunda əsasən İsraillə əlaqəli gəmiləri hədəfə almaqda idi. Bu dəniz ticarəti və ümumiyyətlə, qlobal iqtisadiyyatı ciddi təhlükə altına almışdı. ABŞ və Britaniya terrorçularla mübarizə məqsədilə regiona qoşun göndərmiş, onlara qarşı bir sıra uğurlu əməliyyat keçirmişdi.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Husilər   gəmi   hücum   Honkonq  





Xəbər lenti