Magistratura və rezidenturaya sənəd qəbulu başa çatır
TQDK-nın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, saat 10:00-a qədər magistraturaya 21701 nəfər , rezidenturaya isə 1265 namizəd ərizə verib.
Qeyd edək ki, magistraturaya qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir. Birinci mərhələdə bakalavrların ümumi intellekt səviyyəsi (məntiqi təfəkkürü), informatika fənnini və xarici dili bilmə səviyyəsi, ikinci mərhələdə isə seçdikləri qəbul proqramı əsasında onların ixtisas üzrə bilikləri yoxlanılır.
İmtahanın birinci mərhələsi martın 2-də keçiriləcək və bakalavrlara ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürun) yoxlanılması üzrə 50 (o cümlədən, açıq tipli 5), informatika üzrə 25 (o cümlədən, açıq tipli 5) və xarici dil üzrə 25 (o cümlədən, açıq tipli 5) test tapşırığı təqdim olunacaq.
Birinci mərhələdəki nəticələri TQDK tərəfindən qoyulmuş minimal tələbləri ödəyən bakalavrlar proqram seçiminə buraxılırlar. Həmin bakalavrlar "Magistr" jurnalının 4-cü sayında dərc ediləcək elanda göstərilən müddət ərzində elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər.
Rezidenturaya qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir. Baza ali tibb təhsili istiqamətinə müvafiq olaraq namizədin birinci mərhələdə qəbul proqramı əsasında baza fənləri üzrə bilikləri, ikinci mərhələdə isə ixtisas fənləri üzrə bilikləri yoxlanılır.
Mirvari Nəcəf