Dövlət proqramının tərtibi qaydası müəyyənləşdi

 Dövlət proqramının tərtibi qaydası müəyyənləşdi
  06 Mart 2021    Oxunub:2373
Azərbaycanda dövlət proqramının tərtibi və təsdiqi qaydası müəyyənləşib.
Azvision.az -ın xəbərinə görə, bu barədə Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası”nda qeyd olunub.

Dövlət proqramının tərtibi ölkənin sosial-iqtisadi inkişafının əsas istiqamətləri və prioritetləri, bu Qaydanın tələbləri nəzərə alınmaqla, habelə aidiyyəti dövlət orqanlarının (qurumlarının) öz strateji planlarına uyğun olaraq texniki-iqtisadi cəhətdən əsaslandırılmış təklifləri əsasında müvafiq dövlət proqramının layihəsinin hazırlanması prosesini nəzərdə tutur.

Dövlət proqramının layihəsinin hazırlanması zamanı müvafiq sahələrdə həyata keçirilən ölkə əhəmiyyətli layihələrin məqsəd və vəzifələri, eləcə də proqramın tətbiqinin digər sahələrə olan təsiri nəzərə alınır.

Dövlət proqramının layihəsi hazırlanan zaman aidiyyəti dövlət orqanları (qurumları) ilə məsləhətləşmələr aparılmalı, habelə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət proqramının ictimai dinləmə və müzakirələrin aparılması təmin edilməlidir.

Dövlət proqramının strukturu aşağıdakı bölmələrdən ibarət olmalıdır:

1. qısa xülasə – dövlət proqramında qeyd edilmiş mühüm məsələlərin icmalının təsviri;

2. qlobal trendlər – dövlət proqramının aid olduğu sahə üzrə müşahidə edilən başlıca istiqamətlər, bu sahədə gözlənilən əsaslı dəyişikliklər və onların Azərbaycan Respublikasına potensial təsirlərinin təsviri;

3. mövcud vəziyyətin təhlili – dövlət proqramının əhatə edildiyi sahə üzrə ölkəmizdə mövcud vəziyyət və görülmüş işlərlə bağlı qısa məlumat, proqramın hazırlanmasını zəruri edən məsələlərin, bu istiqamətdə aparılmış təhlillərin və əldə edilmiş nəticələrin ümumiləşdirilmiş təsviri;

4. hədəf göstəricilər – dövlət proqramının əhatə etdiyi dövr üzrə nail olunması əsas kimi müəyyənləşdirilmiş göstəricilər;

5. məqsədlər – dövlət proqramı üzrə müəyyənləşdirilən hədəf göstəricilərə nail olunması üçün qarşıya qoyulmuş hədəflərin təsviri;

6. prioritet istiqamətlər – məqsədlərin reallaşdırılması üzrə həyata keçiriləcək konkret tədbirlərin, əldə ediləcək nəticələrin, tələb olunan resursların təsviri;

7. maliyyələşdirmə mexanizmləri – dövlət proqramı üzrə müəyyən edilmiş məqsədlərə nail olmaq üçün müəyyənləşdirilmiş vəsaitin həcminin və həmin vəsaitin təmin edilmə mənbələrinin təsviri;

8. tədbirlər planı – dövlət proqramı üzrə müəyyən olunan hər bir tədbir üzrə icraçıların (əsas və digər icraçıların) və icra müddətlərinin, habelə hər bir prioritet istiqamət üzrə gözlənilən nəticə və nəticə indikatorlarının qeyd olunduğu planın təsviri.

Bu Qaydanın 2.4.3-cü yarımbəndinə uyğun olaraq müvafiq sahə üzrə mövcud vəziyyətin təhlilində aşağıdakı metodlardan istifadə edilə bilər:

1. rəqabət üstünlüyü – müvafiq sahəyə rəqabət üstünlüyü verən xüsusiyyətlərin aşkar edilməsi istiqamətində təhlillər aparılması;

2. tələb bazarlarının təhlili – rəqabət üstünlüyü aşkar edilmiş sahə üzrə gələcəkdə satış bazarlarının formalaşdırılması istiqamətində əsas tələb bazarlarının müəyyən edilməsi üçün təhlillər aparılması;

3. diaqnostik təhlil – müvafiq sahədə dəyər zənciri üzrə problemlərin və onların mümkün həlli yollarının aşkarlanması istiqamətində təhlillər aparılması;

4. GZİT (Güclü və Zəif tərəflər, İmkanlar və Təhlükələr) təhlil – müvafiq sahənin güclü və zəif tərəflərinin aşkar edilməsi, imkanların və təhlükələrin müəyyənləşdirilməsi.

Dövlət proqramı hazırlanarkən müvafiq sahə üzrə mövcud vəziyyətin təhlilində, həmin proqramın predmeti nəzərə alınmaqla, bu Qaydanın 2.5-ci bəndi ilə müəyyən edilən metodlarla yanaşı beynəlxalq təcrübədə tətbiq olunan digər metodlardan istifadə edilə bilər.

Dövlət proqramı hazırlanarkən müvafiq sahə üzrə mövcud vəziyyətin təhlili və beynəlxalq təcrübənin araşdırılması vasitəsilə həmin sahə üzrə problemlər müəyyən edildikdən sonra hədəf göstəricilər, həmin hədəf göstəricilərə çatmaq üçün qarşıya qoyulan məqsədlər müəyyənləşdirilir.

Dövlət proqramının hədəfləri müəyyən edilərkən ölkənin sosial-iqtisadi inkişafının proqnoz göstəriciləri, həmçinin həyata keçiriləcək tədbirlərin mümkünlüyü nəzərə alınmalıdır.

Bu Qaydanın 2.7-ci bəndinə uyğun olaraq müəyyənləşdirilən məqsədlərə nail olmağa xidmət edən prioritet istiqamət aşağıdakı strukturda tərtib edilir:

1. əsaslandırma – müvafiq istiqaməti prioritetləşdirən əsas səbəblərin, mövcud problemlərin, habelə çatışmazlıqların təsviri;

2. görüləcək tədbirlər – dövlət proqramı ilə müəyyən edilmiş icra müddəti çərçivəsində prioritet istiqamət üzrə həyata keçirilməsi zəruri olan tədbirlərin adı və təsviri;

3. gözlənilən nəticə və nəticə indikatorları – prioritet istiqamət üzrə gələcəkdə səmərəliliyin ölçülməsi məqsədilə əvvəlcədən müəyyənləşdirilmiş nəticə indikatorları və prioritet istiqamət tədbirlərinin icrası nəticəsində həmin indikatorlar üzrə əldə olunması gözlənilən hədəf göstəricilər;

4. gözlənilən risklər və onların neytrallaşdırılması tədbirləri – prioritet istiqamət üzrə müəyyənləşdirilmiş tədbirlərin icrası prosesində qarşıya çıxa biləcək əsas risk faktorları və onların təsirlərinin aradan qaldırılması məqsədilə həyata keçirilməli olan tədbirlərin təsviri;

5. tələb olunan vəsait (uyğun olduqda) – prioritet istiqamət üzrə nəzərdə tutulan tədbirlərin icrasına tələb edilən vəsaitin məbləği;

6. investisiya imkanları (uyğun olduqda) – prioritet istiqamət çərçivəsində nəzərdə tutulmuş tədbirlərin icrası prosesində özəl sektor üçün yaranan biznes imkanları.

Bu Qaydanın 2.9.3-cü yarımbəndinə uyğun olaraq nəticə indikatorları hazırlanan zaman “ilkin nəticələr”ə, “aralıq nəticələr”ə və “yekun nəticələr”ə münasibətdə hər bir göstəricinin xüsusiyyətinə uyğun olaraq, baza ili, baza ili üzrə göstərici və həmin göstərici barədə məlumatın əldə edilməsi mənbələri müəyyənləşdirilir.

Baza ili üzrə göstəricilər əsas götürülməklə, dövlət proqramının əhatə etdiyi dövr çərçivəsində “ilkin nəticələr”ə münasibətdə illik əsasda, “aralıq nəticələr”ə münasibətdə dövlət proqramının icra müddətinin yarı dövrünün sonunda (bu dövrdə prioritetin icra müddəti bitərsə – həmin dövrdə), “yekun nəticələr”ə münasibətdə isə dövlət proqramının yekunu üzrə hədəf göstəricilər müəyyən edilir.

Dövlət proqramının tədbirlər planı və müvafiq tədbirlərin əsas və digər icraçıları aidiyyəti dövlət orqanlarının (qurumların) fəaliyyət istiqamətlərinə uyğun olaraq müəyyənləşdirilir (1 nömrəli əlavə).

Bu Qaydaya uyğun olaraq dövlət proqramının tərtib edilməsi prosesinə beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları, dövlət və özəl sektor nümayəndələri, müstəqil ekspertlər və digər maraqlı tərəflər cəlb oluna bilər.

Dövlət proqramının layihəsini hazırlayan dövlət orqanı (qurumu) dövlət proqramının layihəsini “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun və Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.12-ci bəndinin tələblərini nəzərə almaqla hazırlayır və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir.

Dövlət proqramının layihəsinə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən baxılır və bu Qaydanın 2.14-cü bəndində göstərilən normativ hüquqi aktların tələblərinə riayət etməklə təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.

Dövlət proqramı, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin hüquqi aktları ilə təsdiq edilir.

Azvision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti