Bu, nə maniyadır belə?! Almaniyanın Azərbaycan maniyasına daha bir diaqnoz – TƏHLİL

      Bu, nə maniyadır belə?!    Almaniyanın Azərbaycan maniyasına daha bir diaqnoz –    TƏHLİL
  02 Aprel 2021    Oxunub:3931
Son vaxtlar Almaniya mediasının gündəmində Azərbaycanın adının hallanması və ölkəmizə qarşı qərəzli ittihamların səslənməsi xüsusilə sıxlaşıb. Azərbaycanın Avropa məkanında imicinin korlanmasına hesablanmış bu qərəzli məqalələrin əsas mövzusu guya bir neçə almaniyalı parlamentarinin müəyyən dividendlər qarşılığında Avropanın siyasi institutlarında Azərbaycanın xeyrinə lobbiçiliklə məşğul olmalarıdır.
Demək olar, bütün məqalələrdə eyni mövzu müxtəlif rakurslardan ələ alınaraq, Azərbaycanın imicinə maksimum xələl yetirmək formasına salınmaqla dərc olunur və daha çox ermənilərin beynəlxalq arenada istifadə etdiyi təbliğat formatını xatırladır. Ermənilər adətən “Paşinyan inqilabı”nı nümunə gətirərək, özlərinin Azərbaycanla müqayisədə daha “demokratik” olduqlarını vurğulamağa çalışırdılar. Almaniya mediasında baş qaldırmış anti-Azərbaycan kampaniyasında “erməni izi” sezilir, lakin diqqətli təhlil məsələnin daha dərində olduğunu göstərməkdədir.

Məlum olduğu kimi, Almaniyanın hazırkı kansleri Angela Merkel artıq partiya sədrliyindən istefa verib. Böyük ehtimalla, 2021-ci ildə onun hakimiyyəti başa çatacaq. 2005-ci ildən Almaniya hökumətinə rəhbərlik edən Merkelin hakimiyyətdən gedişi böyük bir siyasi epoxanın sonu anlamına gəlir və növbəti seçkilərdə AFR-in siyasi böhranla üzləşməsi tamamilə mümkündür. Güman ki, Almaniyanın siyasi elitası ölkədə mərkəzçi siyasi fiqurun olmaması səbəbilə yarana biləcək siyasi böhranı aradan qaldırmaq üçün, millətçi və neonasist qüvvələrin vəziyyətdən yararlanaraq hakimiyyətdə mövqe qazanmasının qarşısını almağa çalışır.
Almaniya dinc əhalini qorumağa hazırlaşır

2017-ci ildəki parlament seçkiləri və hazırkı sorğuların nəticələri sağ mərkəzçi xristian-demokrat və xristian-sosialist partiyalarının nüfuzunun aşağı enməsilə paralel, ultrasağçı, neonasist və solçu partiya və fikirlərin populyarlıq qazandığını göstərir. Məsələn, 2017-ci ildə keçirilən son seçkilərdə Merkelin rəqibi ultrasağçı, milliyyətçi qurum olan “Almaniya üçün Alternativ” partiyasının nümayəndəsi Rayf-Erik Xolm idi. Doğrudur, seçkinin nəticəsində Merkel 44 faiz səslə qələbə qazansa da, onun millətçi rəqibi 20 faizə yaxın səs topladı. Millətçi partiyanın nümayəndəsinin hakim partiyanın liderilə mübarizədə kifayət qədər diqqətçəkən dəstək əldə etməsi ciddi siqnal sayıla bilər.

Məlumat üçün bildirək ki, “Almaniya üçün Alternativ” partiyası 2017-ci il seçkilərinin nəticələrinə əsasən, Bundestaqın üçüncü ən böyük partiyası oldu və ölkənin ana müxalifəti sayılır. Yeri gəlmişkən, Almaniya Daxili İşlər Nazirliyinin Konstitusiyanın mühafizəsi üzrə Federal İdarəsi əsas müxalif partiya olan “Almaniya üçün Alternativ” partiyasının “hüquqi ekstremizm”lə məşğul olduğunu əsas gətirərək, partiya funksionerlərinin bütün danışıq və yazışmalarını izləməyə başlayıb. “Almaniya üçün Alternativ”partiyasının rəhbərliyi isə bu addımı qurumun seçkiqabağı dönəmdə partiyaya vurduğu zərbə kimi qiymətləndirib (Mənbə: “Deutche Welle”).

Qayıdaq Azərbaycana. Yadınızdadırsa, 44 günlük Vətən Müharibəsinin gedişində, Azərbaycan prezidenti İlham Əliyevin xarici media orqanlarına tez-tez müsahibələr verdiyi günlərdən birində, daha dəqiq desək, 2020-ci ilin 31 oktyabr tarixində Almaniyanın “ARD” telekanalının jurnalistlərini də qəbul etdi. Həmin müsahibədə hazırkı vəziyyətə işıq salan bir məqam xüsusilə diqqəti cəlb edir:

Müxbir: Siz Azərbaycanı demokratiya nümunəsi hesab edirsiniz?
İlham Əliyev: Xeyr, heç vaxt. Bəs siz öz ölkənizi demokratiya nümunəsi adlandıracaqsınız?
Müxbir: Müəyyən mənada bəli.
İlham Əliyev: Siz axı müxalif nümayişlərin keçirilməsinə qadağa qoyursunuz.
Müxbir: Xeyr, bu, elə deyil.
İlham Əliyev: Bəli, bəli. Nümayiş keçirmək istəyən ekstremist... – adını unutdum,- siz onlara bunu qadağan etdiniz.


Əlbəttə ki, prezident partiyanın adını unutmamışdı, sadəcə, siyasi etika baxımından başqa ölkənin daxili siyasi proseslərinə müdaxilə etməyi lüzumsuz gördüyü üçün belə dedi. Və bu incə diplomatik mesajla Almaniyanın da Azərbaycanın daxili siyasətinə müdaxiləsinin yersiz olmasına işarə etdi.

Təbii, ARD müxbiri anladı ki, söhbət 2014-cü ildə Federal Konstitusiya Məhkəməsinin qərarı ilə fəaliyyəti dayandırılmış Almaniya Milli Demokrat Partiyasından gedir. Bu partiya sağçı ekstremist partiya hesab olunur və məhkəmə onun konstitusiyanın tələblərini pozduğunu əsas gətirərək, onun qapadılmasına qərar vermişdi. Əslində, bu partiyanın qapadılması Almaniyada sağçı-ekstremist fikirlərin populyarlığının qarşısını almadı və 2013-cü ildə yaranmış “Almaniya üçün Alternativ” partiyasının da əsas ideyaları Milli Demokrat Partiyası ilə demək olar ki, eynidir.

Burdan belə bir qənaətə gəlmək olar ki, müharibədə qələbə qazanmaqla regionun şəriksiz liderinə çevrilən Azərbaycanın və onun rəhbərinin nüfuzunun yüksəlməsi nəyə görəsə Almaniyanın bəzi siyasi dairələrini narahat etməyə başlayıb. Və preventiv məqsədlərlə Azərbaycan hakimiyyətinin Avropa miqyasında formalaşmış müsbət siyasi imicini korlamağa çalışırlar ki, Qərbin ictimai rəyində ölkəmizlə bağlı mənfi fikir formalaşsın. Və məhz bu məqamda Azərbaycana düşmən olan və ölkəmizə qarşı qarayaxmada ixtisaslaşmış ermənipərəst qüvvələrin köməyindən istifadə olunur.

Tofiq Vahid
Azvision.az

Mövzu ilə bağlı digər yazılar:
Was ist los, Deutschland? Alman mediasının Azərbaycan xəstəliyinə diaqnoz
Söyüşland uber alles: Almaniya “söyüş müxalifət”inə niyə meydan yaradır




Teqlər: Almaniya  





Xəbər lenti