Pandemiya Ramazan bayramına necə təsir edəcək?

Pandemiya Ramazan bayramına necə təsir edəcək?
  20 Aprel 2021    Oxunub:2770
Artıq ikinci ildir ki, Qurani-Kərimin nazil olduğu, on bir ayın sultanı mübarək Ramazan ayı pandemiya dövrünə təsadüf edir.
“COVID-19” virusunun hökm sürdüyü bir dövrdə vətəndaşların Ramazan ayını necə keçirəcəyi ilə bağlı fikirlərini öyrənmək məqsədilə Media Təhlil Mərkəzi (MTM) tərəfindən sorğu keçirilib.

MTM-dən Azvision.az -a verilən məlumata görə, sorğuda iştirak edənlərin 50%-ni qadınlar, 50%-ni kişilər təşkil edib.

Nəticələr göstərir ki, respondentlərin 43,3%-i hər il oruc tutsa da, 28,4%-i isə oruc tutmur. Müəyyən səbəblərə görə bəzən oruc tuta bilməyənlər sorğu iştirakçılarının 21,8%-ni təşkil edir. Respondentlərin 3,6%-i bu il ilk dəfə oruc tutacağını qeyd edib. Hər il oruc tutduğu halda bu il oruc tuta bilməyəcəyini bildirənlər isə cavab verənlərin 2,9%-ni təşkil edib.

İştirakçıların 45,9%-i hesab edir ki, pandemiya səbəbilə iftar süfrələri və dini mərasimlər təxirə salınacaq. Pandemiyanın Ramazan ayına təsir etməyəcəyini qeyd edənlər respondentlərin 24,5%-ni, oruc tutanların sayına isə təsir edəcəyini proqnozlaşdıranlar 19,9%-ni təşkil edir. Respondentlərin 9,7%-i isə düşünür ki, distant rejimdə işləyənlər üçün oruc tutmaq daha rahat olacaq.

İştirakçıların 14,7%-i pandemiya dövründə oruc tutacağı üçün virusa yoluxma riskini nəzərə alaraq kütləvi yerlərə getməyəcəyini qeyd edib. Fəaliyyətini evdə davam etdirəcəyini deyənlər respondentlərin 11,4%-ni, günün çox hissəsini açıq havada gəzməklə keçirəcəyini qeyd edənlər 11,3%-ni təşkil edir. Respondentlərin 62,5%-nin isə Ramazan ayı ilə bağlı xüsusi planı yoxdur.

Sorğuda iştirak edənlərin 67,2%-i karantinlə bağlı olaraq Ramazan bayramını evdə qeyd edəcəyini, 8%-i rayona, 0,7%-i xarici ölkəyə səfər edəcəyini qeyd edib. Nəticələr göstərir ki, soğru iştirakçılarının 24,1%-i Ramazan bayramını qeyd etməyəcək.



Azvision.az


Teqlər: Ramazan   Pandemiya  





Xəbər lenti