Azərbaycan və ÜGT arasında sənəd imzalandı

Azərbaycan və ÜGT arasında sənəd imzalandı
  20 Aprel 2021    Oxunub:1922
Bu gün Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Yük Hədəfləmə Sisteminin (YHS) Azərbaycan gömrük xidmətində tətbiqi ilə bağlı görülmüş işlərin yekunlaşmasını nəzərdə tutan sənədin onlayn imzalanması mərasimi keçirilib.
Azvision.az -ın Dövlət Gömrük Komitəsinə (DGK) istinadən verdiyi məlumata görə, mərasimdə DGK sədri Səfər Mehdiyev, Komitənin müvafiq qurumlarının rəhbərləri, ÜGT-nin Baş katibi Kunio Mikuriya, bu qurumun Nəzarət və Asanlaşdırma üzrə direktoru Pranab Kumar Das, Administrasiya və Heyət üzrə rəhbər Hans Pieters və digər şəxslər iştirak ediblər.

İclasda S. Mehdiyev bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin səmərəli şəkildə reallaşdırdığı uzaqgörən və uğurlu inkişaf kursu nəticəsində Azərbaycan gömrük xidməti ticarətin asanlaşdırılması və təhlükəsizliyin təmin edilməsi istiqamətində bir çox islahatlar həyata keçirib, şəffaf siyasət və korrupsiya ilə mübarizə tədbirləri nəticəsində böyük nailiyyətlər əldə edib.

ÜGT-nin risklərin idarə edilməsinə əsaslanan sisteminin Azərbaycan gömrüyündə tətbiqinin DGK üçün böyük əhəmiyyət daşıdığını vurğulayan S. Mehdiyev qeyd edib ki, gömrük işində risklərin qiymətləndirilməsinə dəstək məqsədilə hazırlanan və yüklərə dair məlumatların toplanmasına, saxlanmasına və mübadilə edilməsinə imkan verən YHS yüksək riskli yüklərin müəyyənləşdirilməsinə və aşağı riskli yüklərin gömrük-sərhəd buraxılış məntəqələrindən keçidinin sürətləndirilməsinə, bununla da ticarətin asanlaşdırılmasına və təhlükəsizliyinin təmin edilməsinə imkan yaradacaq.

Komitə sədri onu da bildirib ki, mövcud resurslardan daha səmərəli istifadə olunmasına, sərhədkeçmə proseslərinin sürətləndirilməsinə şərait yaradan bu sistem Azərbaycan üzərindən keçən Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin cəlbediciliyinin və ölkəmizin tranzit potensialının artması ilə nəticələnəcəkdir.

S. Mehdiyev ÜGT ilə DGK arasındakı səmərəli əməkdaşlıqdan da danışıb və sözügedən sistemin tətbiqində göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

ÜGT-nin Baş katibi Kunio Mikuriya YHS-nin tətbiqi ilə bağlı imzalananan sənədin təmsil etdiyi qurum üçün də əhəmiyyət daşıdığını bildirib. Baş katib pandemiyanın yaratdığı çətin dövrdə Azərbaycan gömrüyünün ÜGT-nin Avropa Regionuna uğurla rəhbərlik etdiyini, üzv ölkələr arasında səmərəli əlaqələrin qurulması və məlumatların ötürülməsi istiqamətində mühüm işlər gördüyünü diqqətə çatdırıb.

"Azərbaycan gömrük xidmətinin informasiya texnologiyalarının tətbiq edilməsi sahəsində irəliyə doğru atdığı addımları alqışlayırıq", - deyə sözünə davam edən Kunio Mikuriya iki il əvvəl ölkəmizdə informasiya texnologiyalarının gömrük sistemində tətbiqinə dair konfrans və sərginin keçirildiyini xatırladıb, bu tədbirlərdə Azərbaycan gömrüyünün və digər dövlətlərin gömrük orqanlarının İT sahəsindəki təcrübələrinin, innovativ yanaşmalarının nümayiş etdirildiyini vurğulayıb.

YHS-nin beynəlxalq ticarətin asanlaşdırılmasındakı roluna toxunan ÜGT-nin Baş katibi Azərbaycanın bu sistemin də uğurlu tətbiqi ilə dünyaya üstün təcrübə nümayiş etdirəcəyinə əminliyini ifadə edib.

Sonra çıxış edənlər YHS-nin əhəmiyyətindən, beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsindəki rolundan bəhs ediblər.

Sonda Ümumdünya Gömrük Təşkilatının Yük Hədəfləmə Sisteminin Azərbaycan gömrük xidmətində tətbiqi ilə bağlı görülmüş işlərin yekunlaşmasını nəzərdə tutan sənəd onlayn şəkildə imzalanıb.

Sənədi Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və ÜGT-nin Administrasiya və Heyət üzrə rəhbəri Hans Pieters imzalayıblar.

Azvision.az


Teqlər: Gömrük   DGK   Sənəd  





Xəbər lenti