Babamızın savaşı. I yazı: Azərbaycan II Dünya Müharibəsi ərəfəsində - TARİXİ ARAŞDIRMA

      Babamızın savaşı.       I yazı:    Azərbaycan II Dünya Müharibəsi ərəfəsində -     TARİXİ ARAŞDIRMA
  30 Aprel 2021    Oxunub:14759
Faşizm üzəridə qələbənin 76-cı ildönümü ərəfəsində AzVison.az babalarımızın o zəfərin qazanılmasında oynadıqları rolu daha yaxşı dərk etmək üçün iki dəyərli tarixçimizin araşdırmasını oxucularına təqdim edir.

AMEA-nın A.A. Bakıxanov adına Tarix İnstitutunun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Cəbi Bəhramov həmin institutunun şöbə müdiri, tarix üzrə elmlər doktoru, professor Mais Əmrahovun “1941-1945-ci illər müharibəsində faşizm üzərində qələbədə Azərbaycan xalqının həlledici rolu haqqında” arayışı II Dünya Müharibəsində babalarımızın yazdığı şərəfli tarixi gözlər önünə sərəcək.
Bu silsilə yazıları izləyin və əmin olacaqsınız ki, Zəfər qazanmaq – bizim qanımızdadır.
Müharibə - tər və qan, yolda qalan gözlər, qara xəbərlər, sağ qalmaq üçün öldürmək, məhv olmuş dinc həyat, yaralanmış bioqrafiyalar, həyata keçməyən ümidlər, dul qalmış gəlinlər deməkdir. Müharibənin tarixi yurdundan-yuvasından didərgin salınmış millətlərin faciəli həyat tarixidir. Soykökünə “vətən xaini” damğası vurulmuş, Vətən həsrətilə qəriblikdə yaşayan və dünyasını dəyişən, nəşinin vətənində dəfninə icazə verilməyən minlərlə insanın nisgilli tarixidir.

İkinci Dünya müharibəsində faşist Almaniyası üzərində qazanılmış qələbənin həqiqi yaradıcısı və qəhrəmanı xalqdır. Bu xalqların içərisində Azərbaycan xalqı şərəfli yerlərdən birini tutur. Cəbhədə göstərdikləri cəsurluğa görə 176 mindən çox Azərbaycan əsgəri orden və medallarla təltif olunmuş, 121 nəfər keçmiş SSRİ dövlətinin ən ali hərbi mükafatı olan Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülmüş, 30 əsgər “Şöhrət” ordeninin üç dərəcəsinin tam kavaleri olmuş, Fransa, İtaliya və digər dövlətlərin orden və medallarını almışlar. Azərbaycan övladları ön cəbhədə qəhrəmanlıq göstərmiş, arxa cəbhə zəhmətkeşləri ön cəbhəni ərzaq məhsulları, yanacaq və digər məhsullarla, silah və sursatla təmin etmişdir.
Milli lider H.Əliyevin dediyi kimi, “...İkinci dünya müharibəsi əyani şəkildə bir daha təsdiq etdi ki, Azərbaycan xalqı ən ağır sınaqlardan üzüağ çıxmağa, misilsiz şücaət və rəşadət nümunələri göstərməyə qadir olan çox dözümlü və qəhrəman xalqdır. Faşizm üzərində qələbədən sonra xalqımızın keçdiyi yol Azərbaycanın gələcək milli azadlığına, müstəqilliyə gedən yol olmuşdur. Azərbaycan yüksək inkişaf yolu ilə getdi və böyük iqtisadi, intellektual potensial topladı. Bunların əsasında öz müstəqilliyini əldə etdi və dünya birliyində öz yerini tutdu”.

1. Azərbaycan SSR müharibə ərəfəsində. Stalinin milli siyasətinin nəticələri

1941-1945-ci illər müharibəsinin başlanmasından xeyli əvvəl SSRİ-də müharibəyə hazırlıqla əlaqədar hərbi sənayeni gücləndirmək məqsədilə Sov.İKP-nin 1939-cu il martın 10-21-də keçirilən mühüm XVIII qurultayında SSRİ-də xalq təsərrüfatının inkişafına dair III beşillik plana (1938-1942-ci illər) baxıldı.
III beşillik planın həyata keçirilməsi istehsal sahələrində, o cümlədən, hərbi sənaye sahəsində məsuliyyətin artırılmasını tələb edirdi. Bu səbəbdən də, ölkənin müdafiəsi üçün külli miqdarda vəsait ayrıldı.
Birinci beşillikdə bu sahəyə 4,9 milyard rubl və yaxud büdcə vəsaitinin 5,4 faizi, 2-ci beşillikdə 47 milyard rubl və yaxud bütün büdcənin 12,6 faizi ayrılmışdırsa, 3-cü beşilliyin 3 ayında ayrılan vəsait büdcənin 26,4 faizini təşkil edirdi. 1939-cu ildə müdafiə xərclərinə 34,5 milyard rubl, 1940-cı ildə 56,9 milyard rubl, 1941-ci ildə 83 milyard rubl və yaxud bütün büdcənin 43,4 faizi həcmində vəsait ayrıldı.

Ordunun təkmilləşdirilməsi davam etdirildi və əsaslı dəyişikliklər edildi. 1940-cı ildə yaradılan mexanikləşdirilmiş korpusa tank və motorlaşdırılmış diviziyalar daxil olundu. İri hava desant hərbi hissələri, hava hücumundan müdafiə hissələri, hərbi hava qüvvələri birləşmələri yaradıldı. 1941-1945-ci illər müharibəsi ərəfəsində müxtəlif ixtisaslı kadrların hazırlanması diqqət mərkəzində oldu. 19 hərbi akademiyada, 10 mülki institutların hərbi fakültələrində, 7 ali-hərbi dəniz məktəbində hərbi kadrların hazırlanması təşkil olunmuşdu.

1939-cu il avqustun 2-də Azərbaycan K(b)P MK bürosu ehtiyatda olan siyasi heyətə rus dilinin öyrədilməsi məsələsini müzakirə etdi. Rus dilinin öyrənilməsinə diqqətin artırılmasının bir səbəbi də, ÜİK(b)P və SSRİ XKS-nn 7 mart 1938-ci il qərarına əsasən milli hərbi hissələrin ləğv edilməsi və bütün milli respublikaların və dairələrin əsgərlərinin ümumi əsaslarla, bütün xalqlarla bərabər hüquqda həqiqi hərbi xidmətə çağırılmağa başlanması oldu. Çünki bəzi xalqlar (özbək, türkmən, buryat, monqol, qırğız, Şimali Qafqaz xalqlarının bəzilərinin nümayəndələri) bütünlüklə orduda xidmətə çağırılmamış və dövləti müdafiəsi işində iştirak etməmişdilər.

Ölkənin iqtisadi potensialının artırılmasında xalq təsərrüfatı üçün ixtisaslı kadrların hazırlanması mühüm əhəmiyyətə malik idi. SSRİ miqyasında hərbi gücü artırmaq məqsədilə SSRİ Ali Soveti Rəyasət Heyəti 1940-cı il oktyabrın 2-də “SSRİ dövlət əmək ehtiyatları haqqında” fərman verdi. Fərmana görə fabrik-zavod və dəmiryol məktəblərində ildə 800 mindən bir milyonadək ixtisaslı fəhlələr hazırlanması planlaşdırılırdı. 1940-cı il oktyabrın 3-də Azərbaycan K(b)P MK SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanını həyata keçirmək məqsədilə məsələ müzakirə etdi. 1941-1945-ci illə müharibəsi ərəfəsində respublikadakı 42 təlim mərkəzində, 28 fabrik-zavod, 12 peşə və 2 dəmiryol təhsil məktəbində 13 mindən çox gənc oğlan və qız təhsilə cəlb olunmuşdu.



Müharibə ərəfəsində Azərbaycanın nəqliyyat sistemində əsaslı dəyişikliklər baş verirdi. 1937-ci ildə Azərbaycan SSR-də 1.193 km uzunluğunda dəmiryol xəttindən istifadə olunurdu. 1939-cu ildə Maştağa-Buzovna (9,4 km) elektrik dəmiryolu çəkildi.
20-ci illərin əvvəllərində tikintisinə başlanmış 445 km uzunluğunda dəmiryolu xəttinin çəkilişinin 1941-ci ildə başa çatdırılması ilə Naxçıvanla Bakı arasında dəmiryolu məsafəsi iki dəfə qısaldı və İranla əlaqələrin artmasına imkan verdi. 1941-ci ildə istismara verilən Salyan-Astara dəmiryol xətti zonanın şəhərləri ilə Bakının əlaqələrini asanlaşdırdı. 1941-ci ildə respublika dəmiryol xəttinin uzunluğu 1.210 km, yük dövriyyəsi 13,2 milyon tona çatdı . Müharibə ərəfəsində Xəzər dəniz nəqliyyatında yük dövriyyəsi yüksəlirdi. 1940-cı ildə SSRİ dəniz nəqliyyatı yük dövriyyəsinin 46 faizi Xəzər dənizinin payına düşürdü. Xəzər dəniz nəqliyyatı ilə daşınan 14,8 milyon ton yükün 13,4 milyon tonunu neft məhsulları təşkil edirdi.

Üçüncü beşillikdə respublikada avtomobil yollarının çəkilişi və təmirində irəliləyiş hiss olunurdu. Ancaq Mərkəzin Azərbaycana qısqanclıqla yanaşmasının nəticəsində respublikanın cənub-qərbindəki 170 km. şose yolları heç bir əsas olmadan Ermənistan SSR şose yolları idarəsinə verilməsi avtomobillə yük daşınmasına mənfi təsir göstərdi.
Ümumilikdə, üçüncü beşillikdə Azərbaycanda sənayenin ümumi həcmi artdı. 1937-ci illə müqayisədə 1940-cı ildə ümumi məhsul istehsalı 21 faiz, o cümlədən neft çıxarılması 4 faiz, qaz çıxarılması 25 faiz, elektrik enerjisi istehsalı 32 faiz, polad istehsalı 32 faiz, maşınqayırma və metal emalı sənayesinin ümumi həcmi 98 faiz, sement istehsalı 14 faiz, pambıq-parça istehsalı 22 faiz, ipək parça istehsalı 19 faiz, gön-dəri ayaqqabı istehsalı 49 faiz, qənnadı məmulatı 31 faiz, konserv istehsalı 100 faiz artdı.

1940-cı il məlumatına görə, Azərbaycan SSR-də kənd əhalisi respublika əhalisinin 63 faizini təşkil edirdi. Məşğul olan əhalinin yarıdan çoxunu kolxozçular təşkil edirdi. Azərbaycan 30-cu illərin əvvəlində aqrar ölkə idi və tədricən sənaye respublikasına çevrilirdi. 1922-1940-cı illərdə sənaye məhsulu istehsalı 24 dəfə artmışdı. Onlarla sənaye obyekti tikilib istifadəyə verilmişdi. Lakin bu, Mərkəzi hökumətin Azərbaycan SSR-lə bağlı siyasətindəki ikili yanaşmanın nəticəsi idi ki, sənayenin inkişafı birtərəfli xarakter daşıyırdı. Əsas diqqət neft, energetika, yeyinti və yüngül sənayenin bəzi sahələrinin inkişafına yönəlmişdi. Sənaye obyektləri bir neçə şəhərdə dislokasiya olunmuşdu. Sosial strukturda dəyişikliklər baş versə də, yenə də Azərbaycan SSR kənd əhalisinin çoxluq təşkil etdiyi ölkə kimi qalırdı. Bu tərkibdə respublika kənd əhalisinin sayı şəhərlilərin, ziyalıların, fəhlələrin sayı ilə müqayisədə yüksək deyildi. Dövrün mühüm xarakterik xüsusiyyətlərindən biri də, əhalinin kənd təsərrüfatı işlərinə, xüsusilə pambıqçılıq, tütünçülük və üzümçülük sahələrinə cəlbi sahəsində həyata keçirilən tədbirlər idi.

Sovet Rusiyası kəndlərindən əhalinin köçürülməsi milli siyasətdə mühüm halqanı təşkil edirdi. Müharibə ərəfəsində yaranan sosial gərginlik və aclıqla üz-üzə qalan rus kəndliləri yeni sənaye obyektlərində işləmək üçün ölkənin bir sıra rayonlarına, o cümlədən Azərbaycan SSR-ə göndərilirdi. Məlumatlara görə birinci beşillikdə (1928-1932-ci illər) Bakıda əhalinin sayı gəlmələrin hesabına, xüsusilə Rusiyadan gələnlərin hesabına 380 min nəfər artmışdı. Ümumiyyətlə, 1926-1939-cu illərdə gələnlər hesabına respublikanın əhalisi 32,3 faiz çoxalmışdı. Sadalanan səbəblər şəhər və kənd əhalisi arasında çəkini dəyişdirdi. 1939-cu il məlumatına görə, şəhər əhalisi təxminən 550 min nəfər artmış, kənd əhalisi isə 130 min nəfər azalmışdır. Qeyd edilənlərin nəticələri özünü müharibənin ilk illərində büruzə verdi. Şəhər üzü görməyən, heç bir təhsilə malik olmayan Azərbaycan kəndlisi qısa müddətdə müəyyən peşələrə yiyələnməli, dəzgahlarda işləməli, silah-sursat istehsal etməli oldu. Nəticədə Azərbaycan kəndi, eləcə də rayon mərkəzlərində olan şəhər əhalisi sənayenin tələbatını ödəyə bilmədi. Kişilərin cəbhəyə səfərbərliyi nəticəsində evdar qadınlar və yeniyetmələr fabrik və zavodlara işə cəlb olundu.



Ali təhsilli mütəxəssislərin sayında fərqlər özünü göstərirdi. Mühəndislər, iqtisadçılar, həkimlər azlıq təşkil edirdi. 1945-ci ildə professor və elmlər doktorların 1/3 azərbaycanlı idi. Bir sözlə, müharibə ərəfəsində respublika əhalisinin strukturunda baş vermiş dəyişikliklər, onun kənd və şəhər hissəsi, milli tərkibi, milli qrupların təhsil səviyyəsi müxtəlif idi və müharibə dövründə bu prosesdə güclü dəyişikliklər baş vermədiyindən SSRİ-nin AzərbaycanSSR-ə münasibətdə milli siyasətində ikili standartlar üçün zəmin oldu.

Faşist Almaniyasının SSRİ-ə hücumu ərəfəsində Azərbaycan SSR mühüm hərbi və maddi baza rolunu oynayırdı və bu səbəbdən də, SSRİ rəhbərliyinin Türkiyə və İran amilinin təsiri altında Azərbaycana olan münasibətində antimilli dəyişikliklər baş verirdi.

Repressiyalardakı erməni izi

Müharibə ərəfəsi Azərbaycan xalqının repressiyası ilə yadda qaldı. 1937-ci ildə “əksinqilabçı millətçi-burjua” təşkilatının üzvü kimi 22 xalq komissarı, 49 rayon partiya komitəsi katibi, 29 rayon icraiyyə komitəsi sədri, 207 sovet və həmkarlar təşkilatının işçiləri, 57 zavod və mədən direktoru repressiyaya məruz qaldı . Repressiyaya məruz qalan 400-ə yaxın məsul vəzifəli şəxs arasında MK katibləri, müxtəlif vaxtlarda Azərbaycan SSR-də və ZSFSR-də yüksək partiya və hökumət vəzifələri tutmuş şəxslər var idi . Göründüyü kimi, 1920-1930-cu illərdə terror SSRİ-nin dövlət siyasətinin tərkib hissəsi olmuşdur. Azərbaycan SSR XDİK yanında xüsusi üçlük 1937-ci ildə siyasi cinayət üzrə 2.846 nəfəri azadlıqdan məhrum etmiş, 2.215 nəfər güllələnmişdir. Təkcə antisovet təbliğatı və təşviqatına görə 1.108 nəfərə güllələnmə kəsilmişdir. 1937-ci ildə xüsusi üçlük 10 min adamın işinə baxmışdır. Motileviçin sədrliyi ilə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının səyyar Sessiyası yalnız 1938-ci il iyunun 4-də 99 nəfəri mühakimə etmişdir. Ümumilikdə, iki sessiya 623 nəfəri mühakimə etmiş, onlardan əksəriyyəti güllələnmişdir.

1937-1938-ci illər repressiyaları zamanı Azərbaycan xalqının milli-mənəvi sərvətlərinə, mədəniyyətinə, adət və ənənələrinə güclü zərbə vuruldu. Repressiyaların təşkilinin kökündə qeyri-azərbaycanlılar, xüsusilə ermənilər dayanırdı. İstintaq-əməliyyat aparatının əsasını ermənilər təşkil edirdi. Məsələn, Göyçay rayonunda Vartanyan, Nuxada Markaryan, Qaryagində Vartanyan, Şahbuzda Qriqoryan, Balakəndə Sərkisyan, Astarada Avanesov, Lerikdə Xaçaturov, Ağcabədidə Sərkisov, Zəngilanda Zaproryan, Markaryan, Kaçiçyan, Cəbrayılda Avanesov, Djiqaryan, Astranxanbazarda Avakyan, İsrailyan, Puşkində Zəkiyan, Yardımlıda Sevoinyan, Samuxda Petrosyan, Masallıda Aşot Avanesyan, Fizulidə Saakov, Şaxanyan, Vartanov, Qazaxda Qriqoryan, Naxçıvanda Baqdasarov, İsrailyan, İoneysan, Evoyan, Ağacanov, Seyranov, Akopov, Paqgosov, Bakıda Avanesov, Arutyunov istintaq-əməliyyat qrupunun rəhbəri olmuşlar. Respublikanın 51 rayonundan 31-də XDİK rayon şöbəsinin rəhbəri erməni idi.

Oxşar vəziyyət XDİK aparatının yüksək eşelonunda da vardı. Adamyan 11-ci ordu xüsusi şöbəsinin baş müstəntiqi, İsxanyan XDİK Baş Siyasi İdarəsinin serjantı, X.Q.Qriqoryan XDİK mühüm məsələlər şöbəsinin rəisi, Vartanov XDİK OBXSS rəisi, Qiqoryan DTK Qazax rayon rəhbəri, Markaryan XDİK müavini, Mirzoyan XDİK müavini, Pçelyan Bayıl həbsxanasının rəisi, Gevorkov Naxçıvan həbsxanasının rəisi, Xaçaturov XDİK həbsxana xəstəxanasının rəisi, Aslanyan Q.S. XDİK arxivinin rəisi, Gevorkov N.A. Bakı İstintaq həbsxanası xəstəxanasının baş həkimi, Babakevyan Q.S. Gəncə qarışıq istintaq həbsxanası xəstəxanasının baş həkimi idi. XDİK-da işləyən Mirzoyan, Qalstyan, Qriqoryan, Avanesyan, Markaryan, Oqanesyan, Mustafyev, Şer, Borşev, Borisov, Klemençiç, Durlyanin, Sokin qardaşları, Platonov və b. ağır işgəncələr verərək müttəhimlərə istədiklərini yazdırır və onları günahlandırırdılar.

Totalitar dövlət olan SSRİ-də hakimiyyətdə kimin olması o qədər də önəmli deyildi. İmperiyanın qorunması həmişə başlıca məqsəd olmuş, hakimiyyətə yeni rejimə qulluq edən və imperiyanı qoruyub saxlayan diktatorun gəlməsinə şərait yaradılmışdı. Stalin ölkə lideri olsa da, rus imperializminə qulluq edirdi. Ona görə də, Azərbaycanın sovet imperiyası tərkibində olduğu dövrdə həyata keçirilən tədbirlər, xüsusilə müharibə ərəfəsində sərvətlərin talan olunması məntiqi nəticədir. Mərkəzi hakimiyyətdə toplaşan erməni-gürcü qruplaşması rus şovinistlərinin təhriki ilə ikili siyasət yeritmiş, Azərbaycanın sərvətlərindən və insan resurslarından məkrli məqsədlər üçün istifadə etmişlər.

(İkinci yazı Müharibənin başlanması, Azərbaycan SSR-də hərbi və mənəvi səfərbərlik haqqında olacaq)

Cəbi Bəhramov
AMEA A.A. Bakıxanov adına Tarix İnstitutunun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent
Mais Əmrahov
AMEA A.A. Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə elmlər doktoru, professor



Teqlər: II-Dünya-Müharibəsi   Azərbaycan-tarixi  





Xəbər lenti