Sirli Sona: Rus silahlarını alıb, Azərbaycan müqavimətinə ötürən qadın kim olub? - GİZLİ TARİX

  Sirli Sona:  Rus silahlarını alıb, Azərbaycan müqavimətinə ötürən qadın kim olub? -  GİZLİ TARİX
  07 May 2021    Oxunub:19251
Sona Allahyar qızı Səfərova kim idi? Haqqında arxivlərdə çox az məlumat toplanan bu xanımın 20-ci yüzilliyin əvəllərində Bakıya silah gətirilməsində nə kimi rolu var idi? Onun haqqında niyə 500 səhifəlik cinayət işi açılmışdı? Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımın ilkin mərhələsində milli qüvvələrə necə yardım edirdi?
Bu qadın həyatını qurban verib. Daim müxtəlif adlar altında gizli yaşayıb. Çox böyük əməliyyatlarda iştirak edib. Onun fəaliyyəti 1900-1911-ci illəri əhatə edir. Azvision.az tariximizin çox az tədqiq olunmuş və gizli qalan daha bir qəhrəmanı haqqında öyrənə bildiklərimizi təqdim edir.

Şuşada doğulan bu xanım haqqında cinayət işi Kazan dövlət arxivində saxlanılır. Bu işlə tanış olan azərbaycanlı araşdırmaçı, yazar İdris Heydərli ilə söhbətimiz əsasında məlum olur ki, Sona xanım Səfərovlar ailəsindəndir. Əhməd bəy Ağaoğlu ilə Səfərovların qohumluq bağları var. Azərbaycanda Milli hərəkatın başlanmasında o nəslin maliyyə dəstəyinin böyük rolu olub. Fransız, rus dillərini bilən, mükəmməl ali təhsilə sahib Sona Allahyarqızının da prosesə cəlb olunmasında, görünür, Şuşa və Qarabağda müdafiə sisteminin qurulması üçün can yandıran adamların rolu var.

İdris Heydərli: “Kazan Milli Arxivində Sona xanım haqqında 516 səhifəlik cinayət işi ilə tanış olduq. Həmin cinayət işi 1908-ci ildə başlayıb və 1911-ci ildə bağlanıb. İşin tam açılması mümkün olmayıb. Bu xanımın 1911-ci ildən sonrakı taleyi haqqında da heç nə bəlli deyil. Çünki o, bir neçə yerdə, bir neçə pasport altında yaşayıb. Səhv etmirəmsə, 6-7 kimlik altında gizlənib. Sənədlərdə Kazanda, Həştərxanda yaşadığı və tibb bacısı kimi çalışdığı göstərilir. Onun rus, özbək, qazax və tatar adlarıyla gizlənməsində məqsəd Azərbaycan ərazilərində o zaman baş verən qarşıdurmalarda milli qüvvələri silahla təmin etmək idi. Çünki o dövrdə çar Rusiyasının erməniləri silahlandırması birtərəfli həyata keçirilirdi. Rus ordusunda erməni general və zabitlərin kifayət qədər fəaliyyəti var idi. Bu coğrafiyada yeganə əzilən tərəf biz idik”.

Sona Səfərova əsas əlaqələrini rus və tatar hərbçi ailələri ilə qururdu. O, bu coğrafiyaya rəğbət bəsləyən bütün insanlarla ünsiyyətə girib, hərbi hissələrdən silahların alınması və daşınmasına birbaşa rəhbərlik edirdi. Daşınmalar dəmir yolu və Xəzər dənizi vasitəsilə baş tutub. Hadisələrin gedişatı göstərir ki, Sona xanım Kazan və Kazan ətrafında yerləşən rus hərbi hissələrdən silahlar alıb, Bakıya, Səttarxan hərəkatına və Tiflisə göndərirmiş. Cinayət işində digər adlar da keçir, amma rəhbərliyi bu xanıma bağlayırlar.

Sona xanımın da üzvi olduğu şəbəkə tək silah təminatını deyil, təşkilatlanmanı, mübarizə aparmanın hərbi, strateji formatlarını işləyən bir qrup olub. Ona görə də, cinayət işi siyasi motiv üzərindən dəyərləndirilib. Şəbəkənin təkcə şimali Azərbaycan ilə deyil, həm də cənubi Azərbaycan - Urmiya, Təbriz, Ərdəbil ilə də bağlantıları olub. İrəvan, Naxçıvan şəbəkələri bu ərazilərdə yaranacaq hansısa qarşıdurmaya müqavimət məqsədini daşıyıb. Cinayət işində Naxçıvandan, Tiflisdən, İrəvandan gələn donoslar haqqında da məlumatlar var. O ərazilərdə insanların silahlandırılması haqqında yazılır.

- Bu həbslərin sonu gəlib çıxır Sona Səfərovaya. Onlar deyirlər ki, "bizə əmri və silahları bu xanım verib". Sona xanım prosesin içindədir. Mahiyyəti çox yaxşı anlayır. Çevrəsində olanlar da vətən, millət, milli kimlik düşüncəsində olan insanlardılar. O, müxtəlif yollarla rus hərbçi ailələrini ələ alıb, onların xanımları ilə ünsiyyət qurub və s. vasitələrdən itifadə edərək, silah alınması məsələsini həyata keçirib. Bir sözlə, Sona xanım boşluqları tapdıqdan sonra silahların göndərilməsinə nəzarət edib. Bu işdə konkret olaraq Difai adı çəkilmir. Bu, bir müqavimət hərəkatıdır. Müdafiə olunmaqdan ötürü təşkilatlanan bir qurumdur. Bunlar anlayırlar ki, bu prosesdə tək qalacaqlar. Buna görə də prosesi daimi şəkildə mücadilə müstəvisinə qaldırırlar. Bunu necə həll etmək olar? Təbii ki, müdafiə sistemi qurmaqla ,- deyir İdris Heydərli.

Sona Səfərova bir neçə dəfə həbs edilsə də, 3 dəfə müxtəlif yollarla həbsdən qaçırılıb. 3 il Kazan məhbəsində yatdığı məlumdur. Cinayət işində onun həbsxanada olarkən anası ilə yazışdığı qeyd olunub. Həmin məktubların əsasında bu xanımın yaşının 30-35-lər civarında olduğunu təyin etmək mümkündür. O müdətdə evdən yazılan məktubları cinayət işində durur. Ana məktbularda qızına dua edir. Hətta qızını qoruması üçün göndərdiyi dua da cinayət işində saxlanılır.

Sona xanımın 1911-ci ildən sonrakı taleyi haqqında heç nə məlum deyil. Cinayət işi də yarımçıq qalıb. O, birdən-birə yoxa çıxır.

Araşdırmaçının fikrincə, o, ailə qurmayıb. Bu haqda heç bir məlumat yoxdur. Sona xanım bir fədai formatında görünür, ailə modeli göstərilmir. Bizim əlimizdə onunla bağlı fotolar yoxdur. Cinayət işinin bir tərəfi mərkəzi arxivdə, Peterburqdadır. Daha dərin araşdırmalar aparılarsa, bəlkə fotosu üzə çıxa bilər: "Biz onun Kazanda, Volqoqradda, Həştərxanda yaşadığı yerləri, çalışdığı əraziləri lentə aldıq. Həştərxanda Bakinski küçəsi qalıb. Həmin küçədə Sonanın işlədiyi hospital hələ də durur".

...Göründüyü kimi, tariximizin qaranlıq qalan şərəfli səhifələri hələ çoxdur. Onları öyrənmək bizi daha çox özümüzə qaytaracaq. Sona xanımın sirli tarixçəsi göstərir ki, özümüzü hələ də kifayət qədər tanımırıq. Bu isə çox vacibdir.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Tariximiz   Gizli-tarix  





Xəbər lenti