"Dərmanların kilinik tədqiqatı fasiləsiz aparılır"- Elmin Quliyev

"Dərmanların kilinik tədqiqatı fasiləsiz aparılır"-   Elmin Quliyev
  14 Avqust 2021    Oxunub:1713
Azərbaycanın 2018-ci ildə Beynəlxalq Dərman Vasitələrinin Monitorinqi proqramının tamhüquqlu üzvü olması ölkəmiz üçün çox əhəmiyyətlidir. Hazırda ölkəmizdə farmakonəzarət sahəsində bir çox proqramlar tətbiq edilir. Tibb müəssisələrində bu sahə üzrə məsul şəxslər təyin olunur. Azərbaycanda farmakonəzarət sistemi Türkiyə modelinin prototipidir.
Azvision.az xəbər verir ki, bu barədə TƏBİB-in Dərman və tibb vasitələri departamentinin rəhbəri Elmin Quliyev “Dərman təhlükəsizliyi və farmakonəzarət” mövzusunda çıxışı zamanı məlumat verib.

Farmakonəzarət barədə məlumat verən E.Quliyev deyib:

“Farmakonəzarət ötən əsrin 70-ci illərində yaranmış tibb sahəsidir. Farmakonəzarətin işi dərman təhlükəsizliyini təmin etməkdir. Dərman vasitələrinin əlavə təsirləri və digər problemləri aşkar etmək üçün elmi araşdırmalar aparmaq və çatışmazlıqları aradan qaldırmaq istiqamətində tədbirlər görmək farmakonəzarətin öhdəliyinə düşür. Dərman təhlükəsizliyi klinik mərhələdə öyrənilir və preparat bazara çıxarılır. Lakin dərmanların təhlükəsizliyinin araşdırılması bazara çıxarıldıqdan sonra da davam edir. Hətta satışına və istifadəsinə yüz illərdir icazə verilən dərman vasitələrinin təhlükəsizlik məlumatları bu gün də yenilənir.

Yəni, dərmanların kilinik tədqiqatı fasiləsiz aparılır. Nəticədə, dərman təlimatlarında müvafiq hissələr vaxtaşırı dəyişdirilir. Dərman vasitələrinin bazara çıxarılmazdan əvvəl aparılan klinik tədqiqatında 3 parametr - preparatın effektivliyi, keyfiyyəti və təhlükəsizliyi əsas götürülür. Dərman vasitələrinin təhlükəsizlik parametri təmin olunmadığı halda, sözsüz ki, istifadəyə buraxılmır. Hər bir dərmanın faydası və təhlükə riski olsa da, bu iki parametr nisbəti balanslı olmalıdır. Yəni, dərman preparatının faydası çox, riski isə az olmalıdır”.

E.Quliyev farmakonəzarət sahəsində Azərbaycanda görülən işlər barədə danışıb:

“Azərbaycanda dərmanların təhlükəsizliyi sahəsində bir çox tədbirlər görülüb, əhəmiyyətli addımlar atılıb və farmakonəzarət sistemi formalaşdırılıb. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda müvafiq dəyişikliklər edilərək təkmilləşdirmə aparılıb. Həmçinin Nazirlər Kabinetinin “Dərman vasitələrinin farmakonəzarət Qaydaları” adlı 503 saylı qərarı qəbul edilib. Bu qayda vətəndaşlar, xüsusilə tibb işçiləri üçün nəzərdə tutulub. Türkiyədə 1980-ci illərdən bəri tətbiq edilən farmakonəzarət modeli uğurlu olduğu üçün ölkəmizdə də həmin modelin prototipindən istifadə olunur. Farmakonəzarət sahəsinin fəaliyyətinə fasilə verilmir, gündəlik elmi-tədqiqat və araşdırmalar davam etdirilir və nəticədə, ölkənin dərman təhlükəsizliyi təmin edilir”.

Azvision.az



Teqlər:





Xəbər lenti