Kəhrizlərlə bağlı onlayn seminar keçirilib

   Kəhrizlərlə    bağlı onlayn seminar keçirilib
  07 Sentyabr 2021    Oxunub:1350
Sentyabr ayının 7-də BMqT-nin Azərbaycan nümayəndəliyi kəhriz konsepsiyasını, onun sosial-iqtisadi və hüquqi aspektini, kəhriz konsepsiyasını milli su idarəetmə siyasətinə daxil edilməsinin zəruriliyini ölkədəki su ehtiyatlarından səmərəli istifadəyə dair ümumi müzakirələr çərçivəsində daha ətraflı nəzərdən keçirtmək üçün Azərbaycanda Kəhrizlər üzrə Milli Baş Planı mövzusunda sayca ikinci onlayn seminar keçirib.
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyindən Azvision.az -a verilən məlumata görə, seminarda layihə tərəfdaşları, mütəxəssislər, müxtəlif nazirlik, dövlət təşkilatları (Prezident Administrasiyası, Nazirlər Kabineti, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Meliorasiya və Su Təsərrüfatı ASC, AZƏRSU ASC) və təhsil qurumlarını təmsil edən nümayəndələr iştirak ediblər.

Seminar zamanı iştirakçılara kəhrizlərin bərpası, Kəhriz Araşdırma və Məlumat Mərkəzinin fəaliyyəti və ADAU-da Kəhriz mühəndislik kursunun tədrisi haqqında məlumat verilib. Daha sonra layihə qrupu ilə sıx əməkdaşlıq şəraitində müstəqil ekspertlərin hazırladığı Azərbaycandakı kəhrizlər haqqında Milli Atlasın və Kəhrizlər üzrə Milli Baş Planın (yeni iştirakçılar üçün) iki dildə təqdimatı keçirilib.
Təqdimatlardan sonra iştirakçılar layihə, Atlas və Milli Baş Plan haqqında onları maraqlandıran sualları verərək, müzakirələr aparıblar.

Seminarın işini yekunlaşdıran BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev nümayəndəliyin Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsinin ölkə üçün əhəmiyyətini bir daha vurğulayıb: "Ümid edirik ki, yaxın gələcəkdə kəhriz su sistemlərinin (ənənəvi, bərpa edilmiş kəhrizlər) Azərbaycan xalqının gələcək rifahına xidmət edən Milli Su İdarəetmə Siyasətinin bir hissəsi olduğunu görəcəyik. KOICA-nın dəstəklədiyi hazırkı layihə çərçivəsində açılmış Kəhriz Tədqiqat Mərkəzi, müvafiq internet saytı, kəhrizlər haqqında çap edilmiş dərs kitabı, kəhrizlərlərin Milli Atlası və Milli Baş Planı kəhrizlərin dövlət siyasəti və gələcək milli su idarəetmə strategiyasının tərkib hissəsi olmasına şərait yaradacaq”.

Adı çəkilən layihədə Kəhrizlər üzrə Milli Baş Planın hazırlanması, kəhrizlərin bərpası, kəhriz mühəndisliyi və kənkanların bacarıqlarının inkişafı, hədəf bölgələrdəki məcburi köçkünlər arasında kiçik sahibkarlığın dəstəklənməsi, kəhrizdən və sudan səmərəli istifadə barədə ictimaiyyətin məlumatlandırılmasını nəzərdə tutan 6 əsas komponent nəzərdə tutulur.

Azvision.az




Teqlər: Kəhrizlər   Seminar  





Xəbər lenti