Əli Əsədov Türk Şurasının nümayəndə heyəti ilə görüşüb

Əli Əsədov Türk Şurasının nümayəndə heyəti ilə görüşüb
  10 Sentyabr 2021    Oxunub:1037
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov sentyabrın 10-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azvision.az xəbər verir ki, görüşdə ötən müddət ərzində Türk Şurasının güclənərək vacib beynəlxalq quruma çevrildiyi, dünya miqyasında nüfuzunun artdığı məmnuniyyətlə qeyd edilib. Azərbaycanın Türk Şurasına üzv ölkələrlə həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq etdiyi bildirilib.

Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə, həmçinin Vətən müharibəsi zamanı ölkəmizə verilən siyasi-mənəvi dəstəyə görə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına və təşkilata üzv dövlətlərə minnətdarlıq ifadə olunub. Müharibənin ilk günlərindən qardaş Türkiyə Respublikasının birmənalı dəstəyinin əhəmiyyəti xüsusi vurğulanıb.

Azərbaycan torpaqlarının işğaldan azad edilməsilə açılan imkanlara toxunulub, Zəngəzur dəhlizinin əhəmiyyəti qeyd edilib.

Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə ötən il Türk Şurasının koronavirus pandemiyası ilə mübarizəyə həsr olunmuş fövqəladə Zirvə görüşü türkdilli dövlətlərin həmrəyliyinin növbəti bariz göstəricisi kimi dəyərləndirilib.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iqtisadiyyat nazirlərinin 10-cu iclasının və Türk Biznes Forumunun Bakıda keçirilməsi yüksək qiymətləndirilib. Forumun Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına həsr olunmasının xüsusi əhəmiyyət kəsb etdiyi bildirilib. Tədbirlər çərçivəsində qəbul olunmuş qərarların və imzalanmış sənədlərin üzv ölkələr arasında müxtəlif sahələrdə, xüsusilə də iqtisadi-ticari və investisiya sahələrində əməkdaşlığın genişlənməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Azvision.az




Teqlər: Baş-Nazir  





Xəbər lenti