`SOCAR`ın Rumıniyada növbəti məntəqəsi

`SOCAR`ın Rumıniyada növbəti məntəqəsi
  21 Mart 2014    Oxunub:1374
Rumıniyada “SOCAR” brendi ilə fəaliyyət göstərən növbəti yanacaqdoldurma məntəqəsi istifadəyə verildi.

Martın 21-də Rumıniyanın Macarıstanla sərhədində yerləşən Kluj şəhərində "SOCAR" brendi ilə fəaliyyət göstərən yeni yanacaqdoldurma məntəqəsi (YDM) açılıb.

SOCAR-dan AzVision.az-a verilən məlumata görə, açılış mərasimində Rumıniyanın sabiq Baş naziri, hazırda Kluj şəhərinin meri Emil Bok, şəhər icra hakimiyyətinin əməkdaşları, Rumıniyada yaşayan və təhsil alan Azərbaycanlılar, "SOCAR- Petroleum" şirkətinin əməkdaşları, habelə yerli KİV nümayəndələri iştirak ediblər.

Açılış mərasimində "SOCAR-Petroleum" şirkətinin rəhbəri Həmzə Kərimov çıxış edib.

Bildirib ki, Kluj şəhərində yeni yanacaqdoldurma məntəqəsinin açılması ilə "Socar Petroleum" şirkətinin Rumıniyanın Transilvaniya bölgəsində genişlənməsi davam edir. Hazırda bu bölgədə şirkətin daha bir neçə YDM-lərinin tikintisi davam edir ki, onlar da bu il ərzində istifadəyə veriləcəkdir. 2014-cü ildə şirkət 8 yeni YDM istifadəyə vermiş və bu genişlənmə dinamik tempdə davam edəcəkdir. Bununlada işçilərimizin sayı 400 nəfəri keçib.

Geniş torpaq sahəsinə malik yeni YDM-də Euro Dizel 95, Super Euro Dizel 98, Benzin 95 və 98 tipli yanacaq məhsullarının satışı həyata keçiriləcəkdir.

Məntəqələrdə 4 sayğac quraşdırılıb, bununla da 6 kiçik avtonəqliyyat vasitəsinin və 2 iri tutumlu yük maşınının eyni zamanda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb. Burada, həmçinin market, "NAR" kafe fəaliyyət göstərəcək, müştərilərə 24 saat pulsuz internet xidməti təqdim olunacaqdır. Bununla da Rumıniyada əhaliyə SOCAR brendi altında yüksək keyfiyyətli xidmət göstərən YDM-lərin sayı 27-yə çatıb.

Xatırladaq ki, Avropa Gənclər Paytaxtı adını qazanmaq uğrunda keçirilən müsabiqədə səsvermə zamanı məhz Kluj şəhərinin Azərbaycanı dəstəkləməsi və həlledici səsi Gəncənin 2016-cı ilin Avropa paytaxtı seçilməsinə səbəb olub.


Teqlər:





Xəbər lenti