Mineral gübrələrin səyyar satış xidməti işə başlayıb

Mineral gübrələrin səyyar satış xidməti işə başlayıb
  28 Sentyabr 2021    Oxunub:1231
Yeni əkin mövsümü ilə əlaqədar olaraq Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqroservis” ASC bütün anbarlarını tələb olunan lazımı mineral gübrələrlə tam təchiz edib.
Bu barədə Azvision.az nazirliyə istinadən xəbər verir. Məlumata görə, səhmdar cəmiyyəti fermerlərin mineral gübrələrə olan tələbatını sərfəli qiymətlərlə və üstəlik səyyar xidmət təşkil etməklə ödəməyi planlaşdırır.

Bu aydan “Aqroservis” müvafiq qaydalara uyğun şəraitdə saxlanılan, keyfiyyətli şumaltı, kalium və fosforlu mineral gübrələrin rayon mərkəzindən uzaq məsafədə yerləşən kənd və qəsəblərədə səyyar satış xidmətinə başlayıb. Respublikamızın bütün regionlarını əhatə edən səyyar satış zamanı fermerlərimiz ammofos, kükürdlü ammofos, ammonium-nitrat, ammonium-sulfat, kalium-sulfat, karbamid və nitroammofoska kimi mineral gübrələri əldə edə bilərlər.

Səyyar satışın həyata keçirilməsində əsas məqsəd, gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşısının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək vətəndaş məmnuniyyətinə nail olmaqdır. Səyyar satış vasitəsilə vətəndaşların mineral gübrələri asanlıqla əldə etməsi əkinə cəlb edilən bütün torpaqlarda gübrələrdən istifadə edilməsinə şərait yaradır və bu da məhsuldarlığın artmasına öz müsbət təsirini göstərir.

Fermerlər əkin mövsümündə mineral gübrələrin alışında sərf edəcəkləri məsrəfə qənaət etmək üçün səyyar satış xidmətlərini səhmdar cəmiyyətinin 1659 çatış mərkəzinə müraciət edərək sifariş edə bilərlər. Sifarişlərə əsasən səyyar xidmətlər kənd və qəsəbələrdə təşkil edilir, əksər hallarda isə birbaşa olaraq fermerin ünvanına çatdırılır.

Səyyar satış zamanı fermerlər yeni subsidiya qaydalarına əsasən heç bir əlavə sənəd təqdim etmədən, yalnız “Fermer kartı”nı təqdim etməklə mineral gübrə əldə edirlər. Yeni qaydalara əsasən, gübrənin dəyərinin 100%-i də fermer kartından çıxarılır, fermer əlavə ödəniş etmir.

Fermerlər səyyar satış xidmətlərinin təşkil ediləcəyi yerlər barəsində məlumat almaq və qeydiyyat üçün 1659 satış mərkəzinə müraciət edə bilərlər.

Azvision.az



Teqlər: Gübrə  





Xəbər lenti