Elektrik enerjisinə mənbə sertifikatı veriləcək

Elektrik enerjisinə mənbə sertifikatı veriləcək
  01 Oktyabr 2021    Oxunub:1361
Energetika naziri Pərviz Şahbazovun sədrliyi, nazirliyin struktur bölmələri və tabeli qurumların iştirakı ilə videokonfrans formatında kollegiya iclası keçirilib.
Bu barədə Azvision.az -a Nazirlikdən məlumat verilib. Məlumata görə, iclasda "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" və “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanunlardan irəli gələn alt qanunvericilik aktlarının hazırlanması istiqamətində müzakirələr aparılıb.

İclası açan kollegiya sədri P.Şahbazov energetika sektorunun inkişafı, bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində Prezident İlham Əliyevin mühüm vəzifələr irəli sürdüyünü bildirib, bu istiqamətdə müəyyən olunmuş vəzifələrin icrasına diqqət çəkib. İclasın gündəliyinə bərpa olunan enerji mənbələri və enerji effektivliyi sahəsində qəbul edilmiş iki yeni qanunvericilik aktının tətbiqi barədə Prezidentin və Nazirlər Kabinetinin müvafiq fərman və sərəncamlarından irəli gələn tapşırıqların icrası üzrə görülmüş işlərin müzakirəsinin daxil edildiyi bildirilib. O, qeyd edib ki, Energetika Nazirliyinin müvafiq əmrləri ilə verilmiş bu tapşırıqların icrasının təmin edilməsi məqsədilə iki tədbirlər planı təsdiq edilib və ümumilikdə 21 işçi qrupu yaradılıb.

Sonra Elektroenergetika və enerji səmərəliliyi şöbəsinin müdiri Ələsgər Həsənovun və digər həmməruzəçilərin "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" qanundan irəli gələn alt qanunvericilik aktlarının hazırlanması istiqamətində görülmüş tədbirlərə dair məruzələri dinlənilib. O, bildirib ki, bu istiqamətdə 16 işçi qrupu yaradılıb, 13 qaydanın hazırlanması istiqamətində beynəlxalq təcrübənin öyrənilməsi, o cümlədən Enerji effektivliyi fondunun yaradılması üzrə işlər davam etdirilir. Eyni zamanda, beynəlxalq təşkilatlar və maliyyə institutları ilə müvafiq istiqamətlər üzrə əməkdaşlıq əlaqələri haqqında məlumat verilib.

İclasda “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanundan irəli gələn ikinci dərəcəli qanunvericilik aktlarının hazırlanmasının cari vəziyyəti haqqında məlumat verən Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Əmmayev bu istiqamətdə tədbirlər planının icrası məqsədilə 5 işçi qrupunun yaradıldığını diqqətə çatdırıb. Bərpa olunan enerji mənbələri ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi və aktiv istehlakçıların dəstəklənməsi mexanizminin tətbiqinə dair qaydaların layihələrinin beynəlxalq məsləhətçi şirkət cəlb edilməklə hazırlandığı bildirilib. Bərpa olunan enerji mənbələri üzrə informasiya sisteminin əsasnaməsinin və bərpa olunan enerji mənbələri hesabına istehsal edilmiş elektrik enerjisinə mənbə sertifikatının verilməsi qaydasının hazırlanmaqda olduğu diqqətə çatdırılıb.

Kollegiya iclasında, həmçinin ölkə qanunlarının, Prezident aktlarının, Nazirlər Kabinetinin və Energetika Nazirliyinin normativ hüquqi aktlarının yeni qəbul olunmuş qanunlara uyğunlaşdırılmasına dair təkliflərin hazırlanması istiqamətində atılmış addımlar haqqında məlumat verilib.

İclasın sonunda P.Şahbazov görüləcək işlər və qarşıda duran vəzifələrin icrası, sənədlərin icra vəziyyətinin və müddətinin nəzarətdə saxlanılması, icra intizamına riayət edilməsi ilə bağlı nazirliyin struktur bölmələrinə və tabeli qurumlara müvafiq tapşırıqlar verib.

Azvision.az



Teqlər: Energetika  





Xəbər lenti