Fin iqtisadi möcüzəsi: Suomilərin uğurunun sirri nədədir?

  Fin iqtisadi möcüzəsi:  Suomilərin uğurunun sirri nədədir?
  03 Oktyabr 2021    Oxunub:3969
Bu gün Finlandiya yaşamaq üçün dünyanın ən yaxşı ölkəsinə çevrilib. Finlandiya Qərb demokratiyasının, iqtisadi çiçəklənmənin, vətəndaşlara və inverstorlara sosial təminatın özünəməxsus etalonudur. Onun uğur və inkişaf təcrübəsi dünya üçün həm də o baxımdan maraqlıdır ki, 1917-ci ilədək Rusiya imperiyasının tərkibində olub. Yəni təxminən 1991-ci ilə qədər SSRİ-nin tərkibində olan müttəfiq respubliklar və o cümlədən Azərbaycan kimi.
Bəs necə olub ki, Finlandiya zirvəyə yüksələ bilib, amma digər ölkələrin vətəndaşları və investorları Suomilər ölkəsinə (finlər özlərini “suomi” adlandırırlar) həsədlə baxırlar?
Finlandiya tərcrübəsi SSRİ “demokratları”, eyni zamanda bizim üçün müstəqillikdən əvvəl də maraq kəsb edibmi? Bəli, edib. Ötən yüzilin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəlində SSRİ milli respublikalarının telekanalları Finlandiyanın fenomenal uğurları haqda reportajlar göstərir, bunu onun Rusiya imperiyasından ayrılaraq, müstəqillik qazanmasına bağlayırdılar. 1991-ci ildə Ukraynada müstəqilliklə bağlı referendum keçirilməsi ərəfəsində isə, demək olar ki, hər bir ukraynalı ailəyə paylanan təbliğat vərəqələrində onların suverenlikdən dərhal sonra sürətlə varlanacağı vəd olunur, əsas örnək olaraq da Finlandiya göstərilir, onun tarixi təcrübəsi önə çəkilirdi... Yəni “...vaxtilə Finlandiya da imperiyanın əsarəti altında olanda onun xalqı yoxsulluqdan əziyyət çəkirdi. Amma imperiya buxovlarından qurtulduqdan sonra çiçəklənməyə və inkişaf etməyə başladı...”


Gəlin, Suomi ölkəsinin 2018-ci il üzrə bəzi göstəricilərinə diqqət yetirək:
* Amerikanın “Newsweek” jurnalının nəşr etdiyi reytinq cədvəlində "yaşayış üçün dünyanın ən yaxşı ölkəsi” elan olunub;
* Finlərin orta aylıq əmək haqqı 4 min dollardan yuxarıdır;
* Dünyada ən yüksək pensiya verən ölkələrdən biridir: 1900 dollar, yaxud 1344 avro;
* Korrupsiyanın ən aşağı səviyyəsinə görə dünyada 1-2 yerləri tutur;
* Həyat təhlükəsizliyi və dövləti cinayətlərin yoxluğuna görə, dünyada 1-ci yerdədir. Finlərin əksəriyyətinin təsəvvüründə polis vətəndaşın dostu və müdafiəçisidir;
* Dünya ölkələri arasında milli rifah dərəcəsinə görə 3-cü fəxri yer (1 il əvvəl lider).
* Dünənə qədər “meşəqıran” kimi tanınan bir xalq “hi-tech” millətə çevrilib (əhalinin 96 faizinin İnternetə daimi çıxışı var və bu ABŞ və AB-dəkindən daha yüksək göstəricidir).


Suomilərin uğurunun sırrı nədədır?

Niyə ukraynalılar, moldovanlar, gürcülər, ermənilər, azərbaycanlılar onların yolunu gedə bilmir? Necə oldu ki, Finlandiya bir neçə on il ərzində aqrar ölkədən informasiya cəmiyyətinə çevrildi? Ölkə bu uğura necə nail oldu?

- Ruslar, ukraynalılar və finlər yüz ildən artıq bir dövlətin vətəndaşları olublar. Bu bizə də aiddir;
- Finlandiyanın iqlimi də Rusiya kimi sərtdir (Ukrayna daha mülayimdir və iqtisadi fəaliyyət üçün daha əlverişlidir. Bu mənada Azərbaycan daha əlverişli sayılmalıdır);
- Suomi ölkəsinin iqtisadiyyatı uzun müddət xammal istehsalına əsaslanıb, iqtisadiyyatın önəmli hissəsini ağır sənaye təşkil edib (xatırladım ki, hazırda Azərbaycan iqtisadiyyatı da əsasən xammal istehsalına əsaslanır);


- finlər də sovet adamları kimi ötən əsrin 90-cı illərindəki dəhşətli böhranı xatırlamağı xoşlamırlar. Sovet bazarından xeyli dərəcədə asılı olan Finlandiya iqtisadiyyatı (bütün ticarətin 15%-i, ÜDM-in 23%-ni təşkil edirdi) az qala kollaps vəziyyətinə düşəcəkdi. Çünki ÜDM 13% aşağı düşmüş, işsizlik 18% artmış, nəticədə iflas halları çoxalmış, bank sistemi böhran keçirmişdi və s.

Bundan başqa, Finlandiyanın güclü istisadi sıçrayış etmək imkanları əksər hallarda Rusiya və Ukraynadan (bir çox hallarda Azərbaycandan da) aşağıdır:
- Avropanın mərkəzindən, əsas bazarlardan coğrafi uzaqlıq;
- Təbii sərvətlərin, faydalı qazıntıların azlığı, əsas xammalın meşə materialları, ərazinin təxminən 10 faizinin su, 70 faizinin meşə, ölkənin minlərlə göldən, qranit qayalardan və bataqlıqlardan ibarət olması (“Suomi” sözünün mənalarından biri də “bataqlıq”dır);
- Kasad daxili bazar (Finlandiyanın əhalisi cəmi 5 milyon yarımdır, yəni Azərbaycanın yarısı qədər);
- Finlandiya sənayeləşmə (industrializasiya) mərhələsinə Rusiya, Ukrayna və Azərbaycandan sonra daxil olub. İkinci dünya müharibəsinə qədər o hələ də aqrar ölkə olaraq qalırdı.


90-cı illərin əvvəlinin ağır iqtisadi böhranından sonra, yəni ötən əsrin son onillliyinin ikinci yarısından başlayaraq böhranlı 2008-ci ilə qədər davam edən dövr Finlandiya iqtisadiyyatının ən qızğın inkişaf mərhələsidir. Ümumi daxili məhsul (ÜDM) hər il orta hesabla 5% artmağa başlayıb. Halbuki bu vaxta qədər Avrozona ölkələri arasında ən böyük büdcə kəsiri Finlandiyada idi. Bəs finlər bu vəziyyətdən çıxmaq üçün neylədilər? Suomi ölkəsinin inkişafına hansı faktorlar kömək etdi?

- İnnovativ iqtisadiyyata önəm verilməsi: Ölkədə innovativ fəallığı həm dövlət, həm də özəl sektor göstərə bilər. Finlər “hi-tech”ə pul əsirgəmirlər. Yəni 1984-cü ildə Elmi Tədqiqat və Təcrübə Konstruktor İşlərinə (ETTKİ) ÜDM-in 1%-i həcmində vəsait qoyulurdusa, bu gün həmin rəqəm 3,5% təşkil edir. Müqayisə üçün bildirək ki, böhrandan əvvəlki 2007-ci ildə bu rəqəm Ukraynada 0,93% təşkil edib. YUNESKO-nun dərc etdiyi məlumata görə, Azərbaycanın ETTKİ-yə qoyduğu vəsait 2014-cü ildə ÜDM-in 0,1%-nə bərabər olub. Ancaq bu inandırıcı deyil və ya bu vəsait sadəcə silinib deyə, ETTKİ sektoru bundan heç nə qazanmayıb. Ən azından ortada gözə görünən nəticə yoxdur.
Bu arada haşiyə çıxaraq, “innovasiya” və “hi-tech” terminlərinin mənasını öyrənək. İnnovasiya geniş anlamda “yenilik”, “yeniliklər” deməkdir. İdarəçilikdə, elmdə, iqtisadiyyata həyatın digər sahələrində yeni texnika və texnologiyaların, kəşf və ixtiraların tətbiqini nəzərdə tutur. Onu başqa sözlə, “modernləşmə”, “müasirləşmə”, “çağdaşlaşma” da adlandırmaq olar.


Qısaca ifadə etməyə çalışsaq, “hi-tech” – texnologiyada, dizaynda yeni üslubdur. Ona ən sərt və minimal üslub, gələcəyə pəncərə də deyilir. Finlandiya adambaşına ETTKİ-yə qoyulan investisiyaya görə dünyada birincidir. Dünyada innovasiyalara qoyulan investisiyalarla bağlı olduqca maraqlı faktlar mövcuddur. Məsələn, Fransada investisiyaların 90, Finlandiyada 70 faizi innovasiyalara qoyulur. Rusiyada isə bu rəqəm cəmi 10 faizdir. Azərbaycanda nə qədər olduğu haqda məlumat axtarsam da, tapa bilmədim. Sadəcə, bu sahədə hələ qanunverici baza yaratmağa hazırlaşıldığını oxudum.


Amma qənaətcil və son dərəcə rasional düşüncəli finlər hesablayıblar ki, ETTKİ-yə qoyulan hər bir avro, 10-20 avro gəlir gətirir. Biznesin universitetlər və elmi tədqiqat institutları ilə sıx əlaqəsi telekommunikasiyaları fin iqtisadiyyatının aparıcı sahəsinə çevirib. Finlandiya hər bir vətəndaşın sürətli İnternetə çıxış hüququnun təmin olunmasına görə dünyada birinci yerdədir, əhalinin 96%-nin İnternetə daimi çıxışı var (Böyük Britaniyada bu rəqəm 76%-dir).


Finlandiyadan danışanda ağla ilk gələn "Nokia" olur. 90-cı illərin əvvəllərində “Nokia” iflas həddinə çatmışdı, lakin öz rezin və sellüloz istehsalını satıb, mobil telefonlar buraxmağa başladı. Bir ara dünya telefon bazarında payını 35%-ə çatdırmışdı. Amma təəssüf ki, smartfon erasının başlamasını vaxtında düzgün qiymətləndirə bilmədiyinə görə mövqelərini itirdi və gün qlonal bazardakı payı 1%-dən aşağıdır. O başqa sualdır ki, təkcə "Nokia" yox, "Silisium vadisi" də Finlandiyada yerləşsəydi, belə olardımı? Yəqin ki, yox!
Fınlandıya enerjiyə qənaət edən ekotexnolgiyalara digər ölkələrdən əvvəl investisiya qoymağa başlayıb. Onun ekotexnologiya üzrə payı dünya ÜDM-nin 5%-ni təşkil edir. Bu gün fin müəssisələri ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqi üzrə aparıcıdırlar. Ölkənin eneji tələbatının 25%-dən çoxu bərpa olunan enerji mənbələri hesabına ödənilir, amma bu sahədə digər Avropa ölkələri üzrə orta göstərici cəmi 6%-dir. Finlandiya külək enerjisi istehsalı üçün cihazlar (Vaisala) istehsalında ən yaxşılardandandır. Deməli, onun uğurunu şərtləndirən amillərdən biri yüksək əlavə dəyərə malik dar ixtisas sahələri üzrə rəqabətə davamlı mallar istehsal etməsidir.


İxracat yönümlü iqtisadiyyat

Finlandiyanı 90-cı illərin böhranından, demək olar ki, ixracat çıxarıb. SSRİ dağıldıqdan sonra Finlandiya 1995-ci ildə Avropa Birliyinə daxil oldu, yəni öz bazarını Avropa mallarının üzünə açdı, öz mallarını da Avropa bazarına çıxarmağa başladı. Əslində Avropa Birliyi Finlandiya üçün Sovet İttifaqını əvəz etdi. Zarafatcıl danimarkalılar adətən bunu belə ifadə edirlər: “Finlandiya dağılan SSRİ-nin kölgəsindən AB-nin çətiri altına keçdi”. Bu gün ölkədə istehsal olunan məhsulun 80%-dən çoxu (maşınqayırma və gəmiqayırma avadanlıqları, kağız, elektronika) ixrac edilir və ÜDM-in üçdə birini təşkil edir. Dünyada istifadə olunan mətbəə kağızının 20%-ni Finlandiyanın ixrac etdiyini və bu ölkənin kağız istehsalı üzrə dünyada birinci yeri tutduğunu qeyd etmək yerinə düşər. Onu da xatırlatmaq vacibdir ki, hələ bir neçə on il bundan qabaq ağac emalı və kağız sənayesi Finlandiyanın ixracatının 50%-ni təşkil edirdi, amma indi bu rəqəm 20%-ə enib.

Finlandiyada kıçık və orta bıznes

Finlandiyanın iqtisadi sıçrayışının lokomotivi dövlət yox, məhz kiçik və orta biznesin inkişafı olub. Elə həmin uğursuz 90-cı illərin əvvəlində finlər iqtisadiyyatda kardinal liberallaşdırmaya, öz müəssisə və banklarını fəal surətdə satmağa başladılar. Misal üçün, xarici vətəndaşların mülkiyyət və müəssisə sahibi olmasına qoyulan qadağa 1993-cü ildə götürüldü. Hazırda Finlandiyada ÜDM-in 70%-ə yaxınını kiçik biznes verir və iş qabiliyyətli əhalinin təxminən 60%-i bu sektorda çalışır.
Suomi ölkəsinin insanları nələr etmirlər? İnşaat materialları, mebel, kağız istehsal edir, balıqçılıq, dəniz məhsullarının emalı, ağac emalı ilə məşğul olur, mətbəə, tikinti xidmətləri göstərir və s. Finlandiyada belə bir deyim var: öz adası, öz saunası və öz motorlu qayığı olmasını arzulamayan fin yoxdur. Orta biznes isə intensiv şəkildə iqtisadiyyatın yüksək texnoloji sahələrinə doğru irəliləyir.



Fin dövləti şəxsi biznesə necə yardım edir?

Fin biznesinin uğurlu iki əsas şərtini qeyd etmək olar:

1) Vergi və maliyyə sistemi. Məsələ burasındadır ki, Finlandiyada müəyyən olunmuş vergilər hətta qonşu Skandinaviya ölkələrilə müqayisədə belə daha yumşaqdır. Burada daha tez anlayıblar ki, vergi yükünü aşağı salmasalar, fin malları rəqabətə davamsız olaraq qalacaq. Bir neçə il qabaq daşınmaz əmlaka qoyulan vergi ləğv edilib, korporativ vergi aşağı salınıb (29%-dən 26%-dək, bundan sonra da 22%-dək salınması gözlənilir), ƏDV 22%-dək aşağı salınıb, miras vergisi ləğv olunub. Gəlir vergisi də aşağı salınıb. Bu barədə ayrıca danışmaq lazımdır. Finlandiyada bu vergi mütərəqqi xarakter daşıyır, onun ən yüksək səviyyəsi 52,5%-dir ki, bu da güclü sosial müdafidən qaynaqlanır.
Finlandiyanı, əlbəttə, investisiya cənnəti saymaq olmaz, çünki burada öz xərcini ödəmə faizi 4 ilə 7 arasındadır. Amma başqa üstünlüklər var ki, bu da stabillik və hüquqi müdafiədir. Ona görə də, etibarlı gəlir hər zaman təminat altındadır. Finlandıyada investisiya riski yoxdur.

2) Bıznesə məqsədyönlü dövlət yardımı. Ölkədə kiçik və orta biznesə dəstək üzrə çoxsaylı dövlət proqramları fəaliyyət göstərir. Məsələn, kiçik firmalar fəaliyyətlərinin ilk ilində dövlətdən ilkin yardım alırlar. Bu yardım investisiya layihəsinin 45%-nə barəbərdir. Yerli biznesin inkişafında texnopolislər mühüm rol oynayır. Bizneslə məşğul olmaq istəyənlərə tamamilə pulsuz olaraq biznes-planlar tərtib etməkdə, mütəxəssislərdən məsləhət almaqda, investorlar tapmaqda, firmanı qeydiyyatdan keçirməkdə və digər məsələlərdə kömək olunur. Yeni biznesmenlər ilk ili vergidən azad edilə bilərlər. Hər bir gənc biznesmenə köməkçi mentor təyin olunur. O öz bilik və təcrübəsini təcrübəsiz iş adamına öyrədir. Belə bir nümunəvi statistika mövcuddur: Fəaliyyətində texnopolislərdə başlayan firmaların 85%-i rəqabətə davam gətirir və yaşayırlar. Bu gün Finlandiyada bir çox kiçik şəhərlər və kəndlər innovativ biznes-inkubatorlara çevrilirlər. Nəticə etibarilə, ölkə biznes yaratmaq və davam etdirməyin asanlığı üzrə dünyada öncül yerlərdən birini tutur.

Finlandiyada sosial proqramlar

“Forbes”jurnalının apardığı araşdırmalara görə, sərt iqlimə malik ölkədə yaşayan finlər dünyanın ən xoşbəxt xalqları arasında ikinci yeri tuturlar. Onlardan öndə danimarkalılardır. Çünki Finlandiyada hər şey insan üçün edilir! İnsana qayğı hər şeydən yüksəkdir. Məsələn, mağazalarda hər şey nəzərə alınıb; uşaq arabalarının keçməsi üçün ayrıca amortizasiyalı-yaylı qapılar, müxtəlif döşənəklər, quruducular, meşədəki cığırlara hökmən ağac yonqarı səpilir və s.
Finlərin orta aylıq əmək haqqı 3 min avrodan yuxarı, orta pensiya 1344 avrodur. Finlandiya şəhərlərinin küçələrində dilənçiləri və evsizləri görə bilməzsiniz. Real gəlirlərin artması ilə birbaşa bağlı olan yüksək daxili tələbat ölkə iqtisadiyyatının sabitliyini təmin edir.



Pensiyaçıların gediş haqqı ilə bağlı çoxlu imtiyazları var, onlara bütün avtobus və qatar biletlərində 50% güzəşt olunur. Sağlamlıq mərkəzləri və hovuzlarda pensiyaçılara endirimlər edilir. Onlar hətta tez-tez isti ölkələrə gedib günəşlənə, sümüklərini qızdıra bilirlər. Bir qədər varlı olanlar İspaniyada evlər də alırlar. Bu ölkədə fin pensiyaçıların yaşadığı ayrıca qəsəbələr var.
İşsizlər təxminən 17 ay ərzində maaşlarının 85%-i həcmində müavinət alırlar. Nüfuzlu “Foreign Policy” jurnalının tərtib etdiyi “İşini itirməyin ən yaxşı şey olduğu ölkələr”in reytinq cədvəlində yenə də Skandinaviya ölkələri birinci yerdədir...

Yüksək səviyyəlı səhiyyə, ekologiya və təhsil

Dünyanın ekoloji və demoqrafik şəraitin nəzərə alındığı (hava çirkliliyi, təmiz su, uşaq ölümü səviyyəsi, vərəm və s.) ən sağlam ölkələrinin “Forbes” jurnalının tərtib etdiyi reytinq cədvəlində Finlandiya 3-cü yeri tutur. Dünyada ən təmiz su da məhz bu ölkədədir, onu birbaşa krandan içmək olur. Hava son dərəcə təmizdir.
Finlər özləri güclü iqtisadi inkişaflarının səbəblərindən biri olaraq təhsilə daimi ciddi önəm verilməsini görürlər. Bu da tamamilə anlaşılandır. Yüksək texnologiyalara əsaslanan fin iqtisadiyyatına ancaq yüksək təhsilli işçilər yarayır. Ümumiyyətlə, təhsil onların həyatında az qala birinci yeri tutur. Finlər biliyi yüksək qiymətləndirirlər. Finlandiyada insan nə qədər biliklidirsə, bir o qədər çox pul qazanır. Məsələn, universitet professoru təxminən şirkət rəhbəri qədər maaş alır. Əgər şirkət rəhbərinin məvacibi 6 - 6,5 min avrodursa, professor da 5 - 5,5 avro alır.


Fin təhsil sistemi dünyanın ən uğurlu təhsil sistemlərindən sayılır. Bununla belə, burada təhsil hər zaman pulsuz olub. Fin kitabxanaları dünyanın ən yaxşı kitabxanalarıdır. Xüsusi kitabxana-avtobuslar müntəzəm olaraq ən ucqar və əhalisi az olan xutorlara kitablar aparırlar.
Ən nəhayət, dünyanın ən qızğın qəzet həvəskarları da bu ölkədə yaşayır. Burada kağız KİV-lərinin tirajı dünyada adam başına düşən ən yüksək rəqəmə malikdir. 5 milyon əhalisi olan ölkədə qəzetlərin ümumi tirajı 3 milyona bərabərdir (!). Həm də burada qəzetlərin səhifə sayı 40-dan 80-ə qədərdir.

Finlandiyanın xarici siyasəti

Finladiyanın xarici siyasətində hamıyla alver, ticarət və dostluq etmək, bloklara qoşulmamaq, Rusiya ilə mehriban qonşuluq münasibətləri prioritetdir. Ölkənin sabiq baş naziri Mari Kivinieni "Polityka" həftəliyinə verdiyi müsahibələrindən birində qeyd edirdi ki, əvvəllər SSRİ ilə aralarında olan mürəkkəb münasibətlərə baxmayaraq, “finlər keçmişi unutmağı bacarırlar”. Bu mənada onlar MDB üzvü olan bir çox respublikalardan fərqli olaraq, Rusiya ilə əməkdaşlığa sırf praqmatlk yanaşırlar. Suomi ölkəsi iki inəyi birdən əmən buzov kimi qonşuları ilə mehriban münasibətlərdən böyük fayda götürür: Rusiya Finlandiya üçün ən iri idxalçı, Almaniya və İsveçdən sonra üçüncü ixracatçıdır. Finlandiyanın bütün turistlərinin üçdə birinin ruslar olduğunu, Yeni il qabağı rusların az qala bütün mehmanxanaları doldurduqlarını xüsusilə qeyd etmək lazımdır.

Nadir Qocabəyli
AzVision.az


Teqlər: Finlandiya   Fin-möcüzəsi  





Xəbər lenti