Azərbaycandan Türkiyəyə elektrik enerjisi ixracı artıb

   Azərbaycandan Türkiyəyə elektrik enerjisi ixracı artıb
  22 Dekabr 2021    Oxunub:974
Bu ilin 11 ayında Azərbaycandan Türkiyəyə elektrik enerjisi ixracı artaraq 517 milyon kilovat-saat olub.
AzVision.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov dekabrın 22-də Bakıda keçirilən Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunda deyib. “Hazırda qlobal enerji sektorunda iqlim dəyişikliyindən qaynaqlanan transformasiya prosesi baş verir. Milli səviyyələrdə qlobal enerji trendlərini nəzərə alan hədəflər müəyyənləşir. Elektrik enerjisi sahəsində regional əməkdaşlığa töhfə verəcək səyləri artırılması aktuallaşır”, - deyə Pərviz Şahbazov vurğulayıb.

Onun sölərinə görə, hazırda Naxçıvandan Türkiyəyə elektrik enerjisi ixracı, elektrik enerjisi sahəsində üçtərəfli formatın inkişafı ilə bağlı perspektivlər, layihələr, həmçinin Türkiyə şirkətlərinin 550 MVt qaz-turbin elektrik stansiyası layihəsi üzrə təklifləri dəyərləndirilir:

"Türkiyə bərpa olunan enerjinin inkişafı və elektrik enerjisi bazarının liberallaşdırılması ilə bağlı zəngin təcrübəsini bizimlə bölüşür və bu, ölkələrimizin enerji transformasiya prosesində birgə addımlarına dəstək verir", - nazir bildirib.

P.Şahbazov hesab edir ki, "yaşıl enerji" sahəsində uğurlara imza atmaq üçün indi bütün zəruri şərtlər vardır: "Yeni səviyyədə enerji əməkdaşlığımızın başlıca motivatoru Azərbaycan Prezidentinin ölkəmizin 2030-cu ilə qədər Milli Prioritetlərində təmiz ətraf mühitə və “yaşıl artım”a nail olmaq üçün “yaşıl enerji”ni dəstəkləyən baxışları, həmçinin azad edilmiş ərazilərin “xalis sıfır emissiyaya” malik “Yaşıl enerji zonası”na çevrilməsi ilə bağlı təşəbbüsü və “Türkiyə ilə birgə gələcək” siyasətidir.

Yenilənə bilən enerjinin ölkə üzrə, təxminən, 27 min meqavatlıq, işğaldan azad edilmiş ərazilərdə isə 7 200 meqavat günəş, 2 000 meqavat rüzgar enerjisi potensialı, zəngin daxili su ehtiyatları, həmçinin ümumilikdə 700 MVt-lıq külək və günəş enerji layihələri üzrə planlaşdırılan hərraclar, Laçın-Kəlbəcər zonasında 100 meqavatlıq rüzgar elektrik stansiyasının tikilməsi və “yaşıl enerji zonası”nın yaradılması ilə bağlı digər planlar Türkiyə investorları üçün geniş üfüqlər açır. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” zonasına çevrilməsi prosesində türk şirkətləri ilə geniş əməkdaşlığımız cəlbedici olmaqla bərabər, həm də həmrəyliyimizin rəmzi ola bilər".

Nazirin sözlərinə görə, türk şirkətlərinin iştirakı qədər yenilənə bilən enerjiyə, enerji səmərəliliyinə, energetikada bazar münasibətlərinə, tənzimləməyə dair Türkiyə təcrübəsi və dəstəyi də Azərbaycan üçün önəmlidir: "Çünki hər zaman və bütün proseslərdə olduğu kimi “Təmiz enerjili gələcəy”ə doğru yolumuzda da Türkiyəni ən böyük müttəfiq görürürük. Bunun ilk örnəklərindən biri İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinə Azərbaycanın ev sahibliyi etməsi üçün Türkiyənin öz namizədliyini geri çəkməklə nümayiş etdirdiyi dəstəkdir. Bu dəstək sayəsində 27 noyabrda Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 25-ci iclasında ölkəmizin Təmiz Enerji Mərkəzinə ev sahibliyi rəsmi şəkildə təsdiq edilmiş və Mərkəzin Nizamnaməsi qəbul edilmişdir. Fürsətdən istifadə edərək, təmiz enerjidə Azərbaycanın vizyonuna yüksək etimad göstərərək verdiyi dəstəyə görə qardaş Türkiyəyə dərin təşəkkürümü bildirirəm".

O bildirib ki, Türkiyə və Azərbaycan regional əməkdaşlıq prosesinin fəal və əsas söz sahibi olan ölkələridir: "Türkiyənin enerji tarixinin son 30 ilə yaxın dövrü Azərbaycanla sıx bağlı olub. Hazırda Türkiyə-Azərbaycan birliyinin regionda həlledici amilə çevrilməsi iki ölkənin liderlərinin - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın bir-birinə etimadının, qardaşlığının, gələcəyə aydın baxışlarının zəfəridir. Yaranan yeni imkanlar münasibətlərimizin yüksələn xətt üzrə inkişafını təmin edərək ölkələrimizi strateji, o cümlədən enerji keçidi prosesinin hədəflərinə daha da yaxınlaşdıracaqdır. Enerji də daxi olmaqla çoxşaxəli Azərbaycan -Türkiyə əməkdaşlığı gələcəkdə də böyük bir məkanında inkişafın və təhlükəsizliyin qarantı olacaq".

Aytən Zəhra
AzVision.az


Teqlər: Türkiyə   Azərbaycan  





Xəbər lenti