Çində daha bir “Azərbaycan Ticarət Evi” açıldı

Çində daha bir “Azərbaycan Ticarət Evi” açıldı
  25 Dekabr 2021    Oxunub:2684
Çinin Hunan vilayətinin Canciacie şəhərində “Azərbaycan Ticarət Evi” fəaliyyətə başlayıb.
AzVision.az xəbər verir ki, dekabrın 25-də baş tutan “Azərbaycan Ticarət Evi”nin açılış mərasimində Canciacie şəhəri rəhbərliyi və şirkət nümayəndələri iştirak edib. Açılış mərasimində Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu Azərbaycan-Çin ikitərəfli iqtisadi-ticarət münasibətlərinin inkişaf dinamikası haqqında danışaraq, Canciacie şəhərində açılmış “Azərbaycan Ticarət Evi”nin bu münasibətlərə töhfə verəcəyinə ümid etdiyini bildirib.

Canciaciye şəhər merinin müavini Ouyan Bin Canciacie şəhərində “Azərbaycan Ticarət Evi”nin açılmasını əlamətdar bir hadisə kimi qiymətləndirib. O Canciacienin Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu vurğulayıb. Sonra Canciacie şəhərinin meri Vanhon Bin və mərasim iştirakçıları “Azərbaycan Ticarət Evi” ilə tanış olublar.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanın Çindəki səfirliyində Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə Canciaciye şəhərində fəaliyyətə başlamış ticarət evinin sahəsi 300 kvadratmetrdir. Ticarət evində ölkəmizdə istehsal olunan qida və içki sənayesinə aid 50 növ məhsulun satışı həyata keçiriləcək. Ticarət evinin operatorları Çinin “Zhangjiajie Langrui” və “Sino-Foreign” şirkətləridir. Sözügedən şirkətlər birbaşa Azərbaycandan məhsul idxal edərək ticarət evində satışını həyata keçirəcək.

Bu, Azərbaycanın Çində sayca 4-cü ticarət evidir. 2018-ci ildən başlayaraq, Ticarət Nümayəndəliyi çinli tərəfdaşlar ilə birgə Şanxay, Çindao, Lyənyünqan, Lucou, Urumçi, Harbin, Cinan kimi şəhərlərdə üç ticarət evi, üç şərab evi və dörd ticarət bölməsi açmağa nail olub. Bu ticarət və şərab evləri vasitəsilə Azərbaycan məhsulları Çində təşviq edilir və onlar üçün yeni satış kanalları yaranır.

Qeyd edək ki, Çinin tanınmış turizm şəhərlərindən hesab olunan Canciacie hündür qayaları və dağ zirvələri, kanyonu da daxil olmaqla təbii landşaftı ilə məşhurdur. Məşhur “Avatar” elmi-fantastik filminin böyük hissəsi məhz Canciacie şəhərinin təbii qoruqlarında çəkilib. Həmin filmdən sonra Canciacie təkcə Çində deyil, dünyada məşhurlaşmağa başlayıb. Hər il şəhəri milyonlarla yerli və əcnəbi turist ziyarət edir. Sevindirici haldır ki, Çinin populyar turizm şəhəri olan Canciaciedə ilk açılan xarici ticarət evi məhz Azərbaycana məxsusdur.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti